Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İslahatlar ölkəmizin həyatına yeni nəfəs, dinamizm gətirib”

Müsahibimiz Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanovdur.

Milli Məclisin deputatı Sadiq müəllimlə müsahibəyə hazırlaşarkən, “Facebook”da tələbələrinin onun haqqında qeydləri rastıma çıxdı: “S.Qurbanov Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat və hüquq fakültələrini, sonra isə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Texniki elmlər üzrə fəlsəfə doktorudur. Azərbaycan Dövlət İqtisad Universitetində dərs deyir, tələbələrin sevimli müəllimidir. Bu il ilk dəfə Milli Məclisin deputatı seçilib. Biz ona inanır və uğurlar arzulayırıq!”

Düşünürəm ki, tələbələrin xoş, səmimi sözlərini bir siyasətçi üçün etimad krediti də hesab etmək olar. Beləcə, pozitiv ruhda köklənib söhbətə başladıq.

– Sadiq müəllim, hiss olunur ki, tələbələriniz sizdən razıdır, seçicilərin etimadını necə, doğrulda bilirsinizmi?

– Hər halda, buna var–gücümlə çalışıram. Bu ilin fevralında növbədənkənar parlament seçkilərində 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyim YAP tərəfindən irəli sürüldü. Fəal seçkiqabağı kampaniya apardım. Sağ olsunlar, seçicilərin böyük əksəriyyəti mənə etimad göstəriblər. İndi isə növbə mənimdir. Öz əməli fəaliyyətimlə mənə etimad göstərən insanların inamını, rəğbətini qazanmalıyam.

Tam səmimi deyirəm: bunun üçün əlimdən gələni edirəm və edəcəyəm. Yaxşı başa düşürəm ki, deputat seçilməyimin böyük məsuliyyəti var. Bir də fürsətdən istifadə edib sevimli tələbələrimə bir daha təşəkkür edirəm. Onların seçki kampaniyası zamanı sosial şəbəkələrdə barəmdə yazdıqları xoş sözlər, bölüşdükləri xoş xatirələr seçicilərdə haqqımda müsbət fikir yaratdı.

Bu, eyni zamanda, Azərbaycan elminə, təhsilinə verilən qiymətdir. O xalq, millət ki, elmə, təhsilə dəyər verir, təbii ki, öz xoşbəxt gələcəyini qurur. Son illər dünya sürətlə dəyişir. Modern texnologiyalardan faydalanmağı bacaran kreativ xalqlar, toplumlar daha sürətlə inkişaf edir, irəli çıxırlar. Bunu edə bilməyənlər, tənbəllər və səriştəsizlər geri qalırlar. Rəqabət son dərəcə güclüdür. Güclü və əzmkar olmalısan. Tərəqqinin, intibahın başqa yolu yoxdur.

Postpandemiya dönəmində xalqlar, millətlər arasında elmi, mədəni sferalarda rəqabət prosesləri daha da sürətlənəcək. Biz bir xalq olaraq indidən həmin proseslərə hazır olmalıyıq.

– Siz indicə postpandemiya məfhumunu işlətdiniz, bu, yaxın, uzaq gələcəyin işidir. Amma bugünün reallığı budur ki, pandemiya deyilən bir bəla bəşər övladının yaxasından çox bərk yapışıb, heç vəchlə əl çəkmək istəmir...

– Bu, bir həqiqətdir ki, yeni koronavirus pandemiyası bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilib. Azərbaycan da dünyanın bir parçasıdır, təbii ki, biz də bu böyük təhlükə ilə üz-üzəyik.

Azərbaycanda infeksiyanın yayılmağa başladığı ilk gündən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən ciddi önləyici tədbirlər görülməyə başlanıldı. Qısa bir vaxtda dövlətin, özəl sektorun əsas resursları səfərbər edildi. Əhali arasında geniş maarifləndirmə işi aparıldı.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondu da əhaliyə yardımlar göstərdi. Bütün bunlar pandemiyanın ağır fəsadlar törətməsinin qarşısını xeyli dərəcədə aldı. Görülən operativ və adekvat tədbirlərin xeyli dərəcədə faydası oldu. Dövlətimiz bu gün də bu istiqamətdə bütün zəruri tədbirləri görür.

“COVID-19” koronavirusu çox təhlükəli xəstəlikdir. Amma panikaya, qorxu və təlaşa düşmək də olmaz. Səbirli və çox ehtiyatlı olmaqda fayda var. Azərbaycan vətəndaşı görür və əmindir ki, onun dövləti, Prezidenti daim yanındadır. Sadəcə məsuliyyətli olmaq, cənab Prezidentin, Mehriban xanım Əliyevanın çağırışlarına, eyni zamanda, operativ qərargahın göstərişlərinə əməl etmək lazımdır. İnanıram ki, xalqımız və dövlətimizin birgə səyi nəticəsində bu bəlanın öhdəsindən gələ biləcəyik.

– Bu günlərdə siz pandemiya ilə mübarizə mövzusunda Siyəzən və Şabran rayonlarının sakinləri ilə videokonfrans formatında görüntülü görüşlər keçirmisiniz...

– Bəli, təəssüf ki, son vaxtlar məlum səbəbdən seçicilərlə görüşmək, birbaşa təmasda olmaq imkanlarımız məhduddur. Amma nə etmək olar? Mən bu görüşləri çox arzulayıram. Sadə, saf, mehriban insanlarla ünsiyyət mənə daxilən güc, qüvvət verir. Mənim hər iki rayonda seçicilərimlə çoxlu planlarım, arzularım var. Həyatın əvvəlki axarına düşməsini səbirsizliklə gözləyirəm..

İndi yay fəslidir, kənd təsərrüfatı işlərinin qızğın çağıdır. Ölkəmizin digər bölgələrində olduğu kimi, bu iki rayonda əkin-biçin adamları bağlarda, tarla və tərəvəz sahələrində həvəslə işləyib bol məhsul yetişdiriblər. Bu zaman, onların təbii ki, ciddi karantin qaydalarına əməl etmələri zəruridir. Mən isə öz növbəmdə onlayn-video görüşlərdə bu sahədə maarifləndirmə işlərinə xüsusi yer ayırıram.

– Videokonfrans zamanı siyəzənli seçicilərdən içməli su, təbii qazla bağlı üzləşdikləri çətinlikləri dilə gətirənlər də oldu...

– Mən bunu təbii qarşılayıram. Əgər problem varsa, onu demək, müsbət həlli üçün birgə səylərlə çalışmaq lazımdır. Etiraf etmək lazımdır ki, bu gün hər iki rayonda xüsusilə içməli su və meliorasiya ilə bağlı müəyyən problemlər var. Bu və başqa problemlərin həll olunması üçün aidiyyəti qurumlar ilə birlikdə çalışırıq.

Ümid edirəm ki, səylərimiz tezliklə müsbət nəticələr verəcək. Məsələn, Siyəzən rayonunun Sədan kəndində və Şabran rayonunun Taxtalar kəndində sakinlər uzun illərdi ki, içməli su problemi yaşayırdılar. Artıq işlər gedir, qısa müddət ərzində sakinlərin içməli su sarıdan problemləri aradan qalxacaq.

Bilirsinizmi, həll olunmayan problem yoxdur. Elə məsələlər olur ki, onları tez, qısa vaxtda həll etmək mümkün olur. Elə problemlər də var ki, müəyyən vaxt tələb olunur. Əsas odur ki, hər bir problemi həll etmək üçün arzu, istək olsun.

Dövlət başçısı rayonlara hər dəfə yeni icra hakimiyyəti başçıları təyin edəndə onlara xalqla sıx təmasda olmağı, əhalinin problemlərinin həlli üçün ciddi, məsuliyyətlə çalışmağı tapşırır. Ölkədə idarəetmə metodları, üslubu dəyişir. Güclü xalq güclü dövlət deməkdir.

– Siz parlamentin ən böyük komitələrindən birinə rəhbərlik edirsiniz. Hazırkı dönəmdə komitənin prioritetləri hansılardır?

– Bu sualın cavabını qısa şəkildə ifadə etməyə cəhd edəcəyəm. Çünki müfəssəl, ətraflı danışsam, xeyli vaxt lazım gələr. Komitənin əsas vəzifəsi ölkəmizdə təbii ehtiyatlar, energetika, eləcə də ekologiya kimi çox mühüm istiqamətlərdə elə qanunlar işləyib hazırlamaqdır ki, qəbul edilən sənədlər bütün bu sahələrin inkişafını təşviq etsin və sürətləndirsin.

Ədalət naminə demək lazımdır ki, qeyd etdiyim istiqamətlər üzrə lazımi qanunvericilik bazası artıq yaradılıb. Amma həyat daim dəyişir, yeniləşir, qanunlara əlavələr, dəyişikliklər etmək və yeni qanunlar hazırlayıb qəbul etmək lazım gəlir.

Son illər dünyada iqlim dəyişiklikləri baş verir. Yer kürəsinin çox yerində su qıtlığı, səhralaşma, digər ekoloji problemlər meydana çıxır. Bu proseslər bizi də narahat edir.

Bu günlərdə bu məsələləri YAP-ın yaratdığı Yeni TV kanalında UNEC-in müəllim, professor heyəti ilə müzakirə etdik. Ekologiya və Təbii Sərvətlər nazirinin müavini də müzakirələrə qoşulmuşdu. Tədbirdə mən geniş məruzə ilə çıxış etdim. Bu istiqamətdə gələcəkdə hələ çox işlər görməliyik. Yeri gəlmişkən, tədbiri təşkil etdiklərinə görə Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə təşkilatının rəhbərliklərinə təşəkkür edirəm.

– Sadiq müəllim, bu gün ölkəmizin ictimai-siyasi həyatında ciddi islahatlar gedir. İslahatlardan hansı gözləntiləriniz var?

– Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirilir. Məqsəd Azərbaycan xalqının rifahını daha da yaxşılaşdırmaq, ölkəmizin güclü və qüdrətli olmasını təmin etməkdir.

Prezident İlham Əliyev modern düşüncəli, islahatçı liderdir. Lider olmaq irəlini, gələcəyi görmək, qətiyyətli olmağı bacarmaq deməkdir. İslahatlar həyatın tələbidir, xalqımız dövlətimizin başçısının islahatlar kursunu bəyənir və birmənalı olaraq dəstəkləyir. Cənab Prezidentin islahatlar kursu ölkəmizin həyatına, həqiqətən, yeni nəfəs, dinamizm gətirib. Əminəm ki, islahatlar kursu daha da dərinləşəcək və Azərbaycanın sürətli inkişafına stimul və təkan verəcək.

– Siz sosial şəbəkələrdə də kifayət qədər fəalsınız. Fikrinizi, mövqeyinizi açıq şəkildə bildirir, arqumentlərinizi ortaya qoyursunuz...

– Hər bir şəxsin, xüsusilə siyasət adamının bir əqidəsi, xalqımızın sözü ilə desək, bir sifəti olmalıdır. Mən bütün şüurlu həyatım boyu ulu öndər Heydər Əliyevin siyasi kursunun fəal təbliğatçısı olmuşam. Və siyasi həyata da ulu öndərin hakimiyyətə gəlməsinin qarşısını alan o vaxtkı konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinin ləğv olunması ilə əlaqədar olaraq başlamışam.

Hesab edirəm ki, doğru yolda olmuşam. İnanaraq getdiyim yol xalqımızın nicat yoludur. Mən qəlbən əminəm və inanıram ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bu yolla öz parlaq sabahlarına doğru addımlayır. Bu həqiqəti sosial şəbəkələrdə təbliğ etməyə çalışıram.

Yeri gəlmişkən, bu il iyunun 11-də Bakı Dövlət Universitetində “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş onlayn elmi-praktiki konfransda məruzə ilə çıxış edərkən tələbələri sosial şəbəkələrdə fəal olmağa çağırdım.

– Mən sizin çıxışınızı “YouTube”da izlədim. Çıxış edərkən həm həyəcanlı, həm də qürurlu görünürdünüz...

– Düzgün müşahidə edibsiniz. Məruzə etdiyim anlarda özümü son dərəcə xoşbəxt sanırdım. 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Fikrimcə, Azərbaycanın müstəqilliyinin tarixi məhz həmin gündən başlanır. Bu tarixi Azərbaycanın taleyində müstəsna rolu olan dahi siyasətçi Heydər Əliyev yaradıb! Xalqımızın parlaq gələcəyinə xidmət edən bu siyasət son 17 ildə böyük uğurla davam və inkişaf etdirilir.

Azərbaycan xalqı qədirbilən, müdrik xalqdır. O görür ki, Prezident İlham Əliyevin, onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardıqları siyasətin alternativi yoxdur. Bəli, bu siyasət Azərbaycana sabitlik və inkişaf gətirib, illər keçdikcə sabitlik daha da möhkəmlənir, inkişaf isə dönməz xarakter alır.

Söhbəti qələmə aldı: Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

8 2020 01:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR
3 Avqust 2020 | 23:13
İrandan Türkiyəyə təbrik

Köhnə versiyamızdan xəbərləri izlə