Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR ABŞ-la danışıqlardan imtina edir?

Koreya Xalq Demokratik Respublikası ABŞ-la danışıqları davam etdirmək niyyətində deyil. Belə bir bəyanatla ölkə XİN-in ABŞ departamentinin rəhbəri Kvon Çon Qın çıxış edib. Məlumatı TASS verib.

Bir qədər əvvəl KXDR-in xarici işlər nazirinin birin­ci müavini Tsoy Son Xi ABŞ-la növbəti sammitin keçirilməsi ilə bağlı bildirmişdi ki, Pxenyan amerikalılarla danışıqlarda maraqlı deyil. Kvon Çon Qın deyib: “Bəziləri KXDR XİN başçısının birinci müavininin mətbuat üçün bəyanatını eqoistcəsinə “ABŞ-ı hərəkətə sövq etmə”, yaxud hansısa güzəşt tələbi kimi qələmə verməyə çalışır. Biz bir daha aydın şəkildə bəyan edirik: ABŞ-la bir masa arxasında oturmaq niyyətində deyilik”.

KXDR mətbuatının yaz­dığına görə, Kvon Çon Qının bəyanatı əslində Cənubi Koreyadakı qüvvələrə ünvan­lanıb. Çünki Seulun ayrı-ayrı rəsmi şəxsləri son zaman­lar KXDR-lə ABŞ arasında vasitəçilik səylərini davam etdirməyə hazır olduqları barədə mütəmadi olaraq bəyanatlar səsləndirirlər. Bu cür hərəkətlər isə, Kvon Çon Qının fikrincə, “Korayalararası münasibətləri korlayır və onu daha pis vəziyyətə gətirib çıxarır”.

Xatırladaq ki, ABŞ və Şimali Koreya arasında tarixdə ilk sammit 2018-ci il iyunun 12-də Sinqapurda baş tutmuşdu. KXDR-in dövlət başçısı Kim Çen In və ABŞ Prezidenti Donald Tramp danışıqlardan sonra birgə yekun bəyannamə imzalamış­dılar. Pxenyan o zaman ABŞ tərəfindən təhlükəsizliyinin təminatı müqabilində üzərinə nüvə silahlarından imtina ilə bağlı öhdəlik götürmüşdü.

İki lider arasında Hanoy­da keçirilmiş ikinci sammit nəticəsiz başa çatmışdı. Bun­dan sonra dövlət başçılarının 30 iyun 2019-cu ildə Koreya Respublikası və KXDR-in sərhədindəki Pxanmuncom məntəqəsində üçüncü, qısa görüşü olmuşdu. Bu zaman tərəflər danışıqları işçi qrup­lar səviyyəsində bərpa etmək barədə razılığa gəlmişdilər. Ancaq Stokholmda baş tut­muş belə bir görüş də nəticə verməmişdi.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

8 2020 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə