Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antibiotiklərdən qeyri-düzgün istifadə ağır nəticələr yaradar

“Sağlamlığın qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva antibiotiklərdən yersiz istifadənin yaratdığı problemlərdən söz açır:

– Antibiotiklərin uzun müddət qeyri -düzgün istifadə edilməsi düz bağırsaq xərçənginə, dizbakterioza və s səbəb olur. Antibiotikləri yalnız  həkim təyinatı ilə bakteriyalara qarşı həssaslığı yoxlanılaraq qəbul etmək lazımdır.

Antibiotiklərin nələrə səbəb olduğundan xəbərsiz olduğu üçün insanlar daim istifadə edirlər. Dünyada 12 ölkədə, 10 min insan arasında aparılan tədqiqatın nəticələrinə görə iştirakçıların 64 faizi antibiotiklərin virus və soyuqdəymə xəstəliklərində effektiv olduğuna inanır. Antibiotiklər mikrobları və bakteriyaları öldürə bilər, lakin onlar viruslara təsir göstərmir.

ÜST xatırladır ki, antimikrob preparatlardan sui-istifadə dərmanlara davamlı ştamların yaranmasını sürətləndirir, bu da infeksiyaya qarşı mübarizəni getdikcə çətinləşdirir. Başqa bir araşdırmanın nəticələri görə ABŞ-da hər il 6 mindən çox insan antibiotiklərin təsirinin azalması səbəbindən ölür. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, antibiotiklərin təxminən 50 %-i düzgün təyinatla istifadə olunmur, buna görə insan bədənində antibiotiklərə qarşı rezistentlik artmaqda davam edir. Çox vaxt antibiotiklər viral infeksiyaların müalicəsi üçün təyin edilir. Antibiotiklər yalnız bakterial infeksiyaların müalicəsində kömək edir. Çox vaxt həkimlər xəstəliyin dar spektrli bir antibiotiklə müalicə edilə biləcəyi zaman geniş spektrli antibiotiklər təyin edirlər. Nəticədə xəstələrdə antibiotiklərə qarşı rezistentlik inkişaf edir. ÜST xatırladır ki, antibiotiklərdən sui-istifadə təhlükəli davamlı bakteriyaların yayılmasına səbəb olur. Dar spektirli antibiotiklərdən istifadə etmək mümkün olan hallarda geniş təsir spektrli antibiotiklərdən istifadə etmək düzgün deyil. Virus infeksiyalarının müalicəsində yalnız bakterial ağırlaşma olarsa, antibiotik istifadə etmək məqsədəuyğundur.

Bundan başqa antibiotiklərdən uzun müddət istifadə etmə orqanizmdə bir çox xəstəliklərə səbəb ola bilər. Amerika və İngilis alimlərindən ibarət bir qrupun apardığı tədqiqatlara görə uzun kurslarla (60 gün və daha çox) aparılan antibakterial müalicə kolon xərçənginə səbəb ola bilər. Uzun müddət antibiotiklərdən istifadə normal bağırsaq mikroflorasını pozaraq orda kanserogen təsirə malik potogen mikrofloranın inkişafına şərait yaradır. Britaniyalı alimlər 1989—2012 -ci illər arasında kolon xərçəngindən əziyyət çəkən xəstələrin məlumatlarını araşdırmışlar və onlar arasında uzun müddət antibiotik qəbul edən xəstələrdə bu riskin digərlərinə görə 17 % daha çox olduğu qənaətinə gəlmişlər.
Antibiotiklərdən sui -istifadə hallarının gətirib çıxardığı təhlükəli vəziyyətlərdən biri də mikrobların antibiotiklərə qarşı rezistentliyidir. Bu zaman təhlükəli və müalicəyə tabe olmayan ştamlar yarana bilər. ÜST-ün  hesablamalarına görə, köhnə müalicə metodlarının dərman rezistentliyi vəziyyətində yaranan xəstəliklər 2050-ci ilə qədər ildə əlavə 10 milyon insanın ölümünə səbəb ola bilər. Hər il, noyabr ayının sonunda, Antibiotiklərin Düzgün İstifadəsi üzrə Dünya Həftəsi keçirilir. ABŞ, antibiotik rezistentliyinin əvvəllər düşündüyündən daha böyük bir təhdid olduğunu ifadə edən qlobal antibiotik rezistent təhlükəsi ilə bağlı yeni bir hesabat yayımladı. Hal-hazırda hər il təxminən 700 min insan davamlı bakteriyaların yaratdığı xəstəliklərdən ölür. ÜST hesab edir ki, əgər tədbirlər görülməsə, 2050-ci ilə qədər rezistent bakteriyalar on milyona yaxın insanı öldürəcəkdir.

ÜST xatırladır ki, antibiotiklərdən sui-istifadə və düzgün istifadə edilməməsi, xüsusən pnevmoniya, meningit, qan dövranı infeksiyalarına səbəb olan təhlükəli davamlı bakteriyaların yayılmasına səbəb olur. Mövcud  antibiotiklərlə bu cür infeksiyanı müalicə etmək artıq mümkün olmadığından yeni, daha təsirli dərmanlar yaratmağa təcili ehtiyac var.

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

7 2020 10:20 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə