Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan – Türkiyə qardaşlığının daha bir nümunəsi

Böyük geosiyasi və geoiqtisadi potensiala malik Azərbaycan və Türkiyənin strateji əməkdaşlığının regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlməsi hamıya məlumdur. Ən əsası, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması da bu iki ölkəni həmişə doğma etmiş, sevincli, kədərli günlərdə də bir-birinin yanında olmasına şərait yaratmışdır. Bu günlərdə Türkiyənin ölkəmizə pandemiya ilə mübarizədə mühüm rol oynayacaq yardım göndərməsi ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan – Türkiyə strateji münasibətlərinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləməklə yanaşı, iki qardaş xalq arasında əlaqələrin sarsılmazlığını da isbatladı.

Bu gün Azərbaycan və Türkiyəni bir-birinə möhkəm bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı – Tbilisi – Ceyhan neft, Bakı – Tbilisi – Ərzurum qaz kəmərləri və Bakı – Tbilisi – Qars dəmir yolunun reallığa çevrilməsi bu iki qardaş xalq arasın­dakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Xüsusilə qeyd etmək lazımdır ki, ikitərəfli əlaqələrin artırılması və gücləndirilməsi məqsədilə 2010-cu ildə prezidentlər səviyyəsində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının mexanizminin yaradılmasından sonra iki qardaş ölkə arasında siyasi-iqtisadi əlaqələrin daha intensiv şəkildə inkişaf etməsinə rəvac verildi. Qarşılıqlı etimad və həmrəylik əsasında formalaşan Azərbaycan – Türkiyə əlaqələri beynəlxalq platfor­malarda da davam edir. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirir.

Əlbəttə, Azərbaycan və Türkiyə – hər iki ölkənin xalqlarının böyük əksəriyyəti türklərin oğuz boyundandır. Eyni kök və coğrafi yaxınlıq Türkiyənin Azərbaycanla yaxın dialoq qurmasını asanlaşdırır. Hazırda Azərbaycan Türkiyənin Qafqazda ən böyük müttəfiqi və iqtisadi tərəfdaşıdır. Naxçıvan MR istisna olmaqla, quru və dəniz sərhədlərinin olmamasına baxmayaraq, Türkiyə və Azərbaycan münasibətlərini strateji səviyyədə inkişaf etdirməyə nail olmuşlar.

Azərbaycan Türkiyənin Qafqazda olduğu kimi, həm də Orta Asiya və Xəzər bölgəsində digər dövlətlərlə, xüsusən türkdilli dövlətlərlə əlaqə yaratması üçün mühüm vasitə rolunu oynayır. Türkiyə – Azərbaycan əlaqələri strateji ortaqlıq anlayışını tam mənası ilə daşıyır. Son 28 ildə iki ölkə arasında əldə edilmiş uğurlar sarsılmaz birlik, dostluq və qardaşlıq bağının mühüm göstəricisidir və Azərbaycan–Türkiyə qardaşlıq münasibətlərinin qorunma­sı və inkişafı xalqlarımızın mənəvi sifarişi kimi də qiymətləndirilir. İki ölkə arasında əlaqələrin hərbi, müdafiə sənayesi, siyasi, iqtisadi və digər bütün sahələr üzrə dinamik artımda davam etməsi böyük bir coğrafi məkanda iqtisadi yüksəlişə təkan verir. Bütün bu nailiyyətlərin əldə olunmasında, əlbəttə ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi iradələri, dövlət başçılarımızın qardaşlıq münasibəti tarixi rol oynayır.

Strateji müttəfiq ölkələr müxtəlif beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir, ortaq maraq­lardan çıxış edirlər. Türkiyə Dağ­lıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini daim müdafiə edir. Rəsmi Bakı isə öz növbəsində uydurma erməni soyqırı­mının ifşa olunmasında rəsmi Ankara ilə birgə addımlar atır. Təsadüfi deyil ki, Azərbaycan Türkiyənin artan gücünü alqışlayır və qardaş ölkənin beynəlxalq münasibətlərdə oynadığı sabitləşdirici rolunu yüksək qiymətləndirir.

Prezident İlham Əliyevin ötən ilin dekabr ayında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimində çıxışı zamanı dediyi sözlər iki ölkənin nə qədər bir-birinin uğurlarına sevindiyini təsdiqləyir: “Türkiyənin gücü bizim gü­cümüzdür, Türkiyənin uğuru bizim uğu­rumuzdur və biz birlikdə bundan sonra da iki qardaş ölkə kimi çiyin-çiyinə irəliyə gedəcəyik. Bizim qarşımızda bü­tün üfüqlər açıqdır. Həyata keçirdiyimiz bu nəhəng layihələr bizim gücümüzü göstərir və bizim gücümüzü artırır. İqti­sadi güc nəticədə siyasi gücə çevrilir”. Prezident İlham Əliyev Türkiyənin dün­ya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkə olduğunu bildirir, bütün məsələlərdə, beynəlxalq arena­larda Azərbaycanın daim Türkiyənin haqq işini dəstəklədiyini vurğulayır. Prezident Rəcəb Tayyib Ərdoğan isə Azərbaycanın milli bayramı – Respubli­ka Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda yazır: “Mükəmməl səviyyədə olan strateji əlaqələrimizi “Bir millət, iki dövlət” ruhu ilə daha da genişləndirmək istiqamətindəki qarşılıqlı iradəmizdən böyük məmnunluq duyuram”.

Bəli iki qardaş ölkə arasında münasibətlərin mükəmməl səviyyəsi əlaqələrin inkişafına öz müsbət təsirini göstərir. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olma­sı, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan –Türkiyə münasibətlərinin yüksək səviyyəsini təsdiqləyir. Bu günlərdə Türkiyənin Azərbaycana koronavirusla mübarizədə qoruyucu tibbi ləvazimat və dərman preparat­ları göndərməsi də iki ölkə arasında möhkəm əlaqələrin salsılmaz xarakteri­ni bir daha nümayiş etdirdi. Türkiyənin Azərbaycandakı səfirliyindən verilən açıqlamada bildirilir ki, rəsmi Ankara koronavirus pandemiyasının yayıl­masından bu günə qədər yüzə yaxın ölkəyə tibbi ləvazimat yardımı göstərmiş və bu çərçivədə qoruyucu ləvazimat ilə dərman preparatları göndərmişdir.

“Bu gün də qardaş ölkə can Azərbaycana 30 ədəd ventilyator, 55 min ədəd kombinezon, 50 min ədəd N95 maska, 100 min ədəd cərrahi mas­ka, 5.000 tibbi eynək, 200 min əlcək və virusun müalicəsində istifadə olunan 40 min qutu müxtəlif dərman preparatı göndərir. Türkiyə, virusla mübarizədə ancaq bütün ölkələrin əməkdaşlığı və həmrəyliyi ilə uğur qazanacağına inanır və hal-hazırda yaşadığımız bu fövqəladə dövrdə, pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini vermək üçün maksimum səy göstərir”, sözləri yazıl­mış açıqlamada daha sonra qeyd edilir ki, qardaş Azərbaycanın mübarizəsinə töhfə xarakterli olan bu yardım iki ölkənin prezidentləri cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın hər fürsətdə nümayiş etdirdikləri qardaşlığı­mızın daha güclü təzahürüdür.

Qardaş ölkənin səfirliyi yardı­mın Azərbaycanın koronavirusla mübarizəsinə töhfə verməsini arzulayır, fürsətdən istifadə edərək virus səbəbi ilə vəfat edən bacı və qardaşlarımıza görə başsağlığı verir, xəstələrə tez bir zamanda şəfa diləyir.

“Xalq qəzeti”

7 2020 01:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə