Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üzü payıza doğru hər şey yaxşı olacaq

Pandemiya başlayandan insanları maarifləndirmək məqsədilə ardıcıl olaraq mütəxəssis fikirlərini diqqətə çatdırmışıq. ATU-nun Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Nurla­na Əliyeva daim müraciət etdiyimiz, tövsiyələrinə ehtiyac duyduğumuz mütəxəssislərdəndir. Həkim yoluxmaların çox olmasına baxmayaraq, insanları sakit olmağa, hər şeyin yaxşılığa doğru getdiyinə inanmağa çağırdı:

– Ölkədə pandemiyaya qarşı aparılan tədbirlərə baxmayaraq, son vaxtlar virusa yoluxmanın həddən çox artdığını müşahidə edirik. Görürük ki, məhəllədaxili, qonşulara­rası, qohumların bir-birinin evinə çox gediş-gəlişi, hüzür yerlərindəki sıxlıq, həyətlərdə uşaqların əyləncələri, gizli şəkildə təşkil edilən cüməaxşamları, ad günləri, gəzintilərin arası səngimir. Bəzi yerlərdə açıq toplaşıb söhbətləşənlərə, marketlərdə maskasız, əlcəksiz girib oradakı bağlamalara əl vuranlara nəzarət edənin, nə də ictimai qınağın olmama­sını müşahidə etmişəm.

Xəstəxanalarda ölümlərin sayı artıb, çünki, etinasızlıqdan bəziləri xəstəliyini o həddə gətirirlər ki, tibbi personal onların müalicəsinin qarşısında aciz qalır. Artıq bir ay əvvəlki kimi, “virusa inanmıram, belə şey yoxdur”-- deyənlərin sayı azalıb, indi, hamının qonşusunda, yaxın tanışında, iş yerində virusa yoluxan var. Buna baxmayaraq, yenə qoru­yucu vasitələrə laqeyd münasibət bəsləyən, maskasız gəzən, tələblərə əməl etməyənlər az deyil.

Operativ qərargahın iyulun 5-ə olan məlumatına görə ölkəmizdə 20 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 min 742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8 min 332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Xalqa ləyaqətlə xidmət edən cavan reanima­toloq, kardioloq, cərrah--yaxından tanıdığı­mız həkimlərimiz vəfat etdi. Bu, Azərbaycan dövləti, xalqı üçün böyük itkidir. Həkimlərin sayının azalması, nə qədər xəstənin çarəsiz qalmasıdır. Ağır məsuliyyətin önünə sinə verənlər, çiyin verənlərin bir hissəsi artıq yoxdur. Hazırda işlədiyim ATU-nun Tədris Cərrahiyə Klinikasında da reanimasiya həkimi və tibb bacıları virusa yoluxublar. Pandemiya ilə bağlı indiyədək professorlar, mütəxxəssislər dəyərli məsləhətlərlə xalqı maarifləndirməyə çalışıblar. Amma tibb sahəsindən xəbəri olmayanlar ağlına gələni sosial şəbəkələrdə yazır, insanları çaşdırırlar. Belə halların olmaması üçün, insanları maarifləndirək ki, vətəndaşlarımız belə ara söhbətlərinə uyma­sınlar.

Bir həkim, vətəndaş olaraq onu demək istəyirəm ki, sosial şəbəkələrdə “üzü payı­za, qışa doğru, sentyabr, oktyabr aylarında virus daha da alovlanacaq, ikinci dalğa gələcək”-- deyə bəyan edənlər var. Mən insanlarımıza demək istəyirəm ki, belə sözlərə fikir verməsinlər, qorxmasınlar, təşvişə düşməsinlər, onsuz da yetərincə həyəcan var. Xalqımıza deyirəm ki, biz o dalğanı gözləmirik, hazırda ikinci dalğanın içindəyik. Çünki, insan­lar inanmadıqlarından, gözləmədiklərindən onlara irad bildirəndə, tövsiyə edəndə, kəskin reaksiya verdiklərindən yayılma o qədər sürətləndi ki, indi yoluxanların sayı çox artıb.

Xəstələrdə gördüyümüz müşahidələrə, aparılan elmi-tədqiqat işlərinin nəticələrinə uyğun olaraq bir həkim kimi demək istəyirəm ki, üzü payız-qışa getdikcə virus alovlanma­yacaq, çoxalmayacaq. Nəinki yoluxma sayı artacaq, hətta virus sönməyə doğru gedəcək. Bunun bir çox səbəbləri var. Əvvəla, virus mutasiyaya uğradığından zəifləyəcək, elə həddə çatacaq ki, özü-özünü məhv edəcək, yox olacaq. Eyni zamanda, virusun yox olmasına təbii amillər də kömək edəcək. Hava soyuduqca, insanlar evlərə yığışacaq, gəzintilər azalacaq, küçədə toplanmayacaq­lar, uşaqlar həyətdən çəkiləcək. “Hava istidir, çıxım, bir az sərinlənim” – deyən olmayacaq. Rayondan şəhərə, şəhərdən rayona, qohum evlərinə gediş-gəliş azalacaq. Hər kəs ümumi kütləvi toplantılara yox deyəcək, bina evindən həyət evlərinə istirahətə gedənlər azalacaq, ünsiyyətdən qaçıb evdə oturmağa üstünlük verəcəklər.

Eyni zamanda, həmin dövrə qədər də maarifləndirmə aparılacaq. Bir ay bundan əvvəlki insanların xəstəliyə inamı ilə bu gün arasında xeyli fərq var. Qanuna əməl etmələri də dəyişib. Payıza bu münasibət bir qədər də mükəmməlləşəcək. İndi əvvəlki dövrə nisbətən qorunanların sayı artıb. Payıza getdikcə, daha çox olacaq. İnsanlar belə rejimə uyğunlaşa­caq.

Ona görə də həkim, Tibb Universitetinin müəllimi, elm adamı kimi, bir vətəndaş, ana olaraq, insanları bu təlaşdan, psixo- emosio­nal yüklənmədən qorumaq üçün pandemiya başlayandan münasibət bildirmişəm, insanları maariflənməyə dəvət etmişəm. Bu məni çox narahat edir. İnsanları təlaşdan qurtarmaq üçün özümə borc bilirəm, kolleqalarıma ça­ğırış edirəm ki, gəlin, fikirləri bir yerə qoyaq, həmrəy olaq, insanları gərginlikdən qurtaraq. Operativ qərargahın tələblərinə əməl etsinlər, qaydalara riayət etsinlər ki, üzü payıza, qışa doğru bu bəladan qurtaraq.

Hazırladı: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

7 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə