Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya: Vətəndaş anlayışı və ya 3 “M”

Bu günlərdə respublikamızda COVID-19 pandemiyası ilə bağlı daha yeni bir dönəm başladı: Paytaxt Bakı başda olmaq­la, ölkəmizin bir çox şəhər və rayonunda ciddi karantin reji­mi uzadıldı, yeni qadağalar, qaydalar qüvvəyə mindi. Nəzərə alsaq ki, Bakı respublikanın döyünən ürəyidir, üstəlik, ikinci və üçüncü böyük şəhərlərimiz də karantin rejiminə tabe edil­di, ayrıca, karantinə alınan digər şəhər və rayonlarımız fərqli bölgələrimizdə yerləşir, demək, bu karantin rejimi ümumres­publika səciyyəsi daşıyır. Ancaq vurğulamalıyıq ki, bütün bu qadağalar, məhdudlaşmalar müvəqqəti xarakter daşıyır və pandemiyanın yayılmasının qarşısının alınması işinə xidmət edir. Onu da mütləq qeyd etməliyik ki, cənab Prezidentin tapşırıqları, şəxsi nəzarəti sayəsində, bu qlobal bəlanın qarşısının alınması məqsədi ilə önəmli işlər görülüb və görülməkdədir.

Mövzuya az-çox bələd olan şəxslərin görməsi, etiraf etməsi çətin deyil ki, operativ qərarlara uyğun informasiya-kommunikasiya imkanları – proqram təminatı yaradılıb və yenə yaradılır, maarifləndirmə işləri aparılıb, yenə davam edir, həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə COVID – 19-a qarşı bəşəri mübarizəyə özünəməxsus Azərbaycan töhfələri ve­rilib, verilir, nəhayət, lazımi təşəbbüslər, ideyalar irəli sürülüb, sürülür...

Məhz cənab Prezidentin birbaşa rəhbərliyi ilə, tez bir zamanda geniş məzmunlu tədbirlər planı hazırlandı­ğını və icrasına başlanıldığını qeyd edərkən, həmin o tədbirlər planında vətəndaşın sağlamlığının düşünül­düyünü deməliyik. Eləcə də, qlobal bəladan birbaşa təsirlənən sahələrdə çalışanların sosial durumu və biznesin aktivliyinin qorunması nəzərdə tutur.

Bəs belə bir vəziyyətdə hansı ilkin və ya sabitləşmiş nəticələri, ümumiləşdirmələri fərqləndirməliyik? Daha nələrə diqqəti etməliyik?

İndiyədək həyata keçirilən tədbirlər COVID –19-un geniş yayılmasının qarşısını almağa, sosial-iqtisadi aktivliyin tez bir zamanda bərpasına imkan verdi. Bu da, öz növbəsində, əhalinin psixoloji durumuna, sosial ovqatına müsbət, qalıcı izlər bəxş etdi. Vətəndaş görür ki, digər ölkələrlə müqayisə etsək, respublikamızda daha qabaqlayıcı tədbirlər həyata ke­çirilib. Bu tədbirlər hesabına koronovi­rusla mübarizə işində uğurlu nəticələr əldə edilib. Lakin çox təəsüflər ki, ka­rantin rejimi yumşalandan sonra yolux­ma səviyyəsində günbəgün artım gö­ründü. Rəsmi göstəriclər açıqca bəlli edir ki, təxirəsalınmaz, vacib tələblərə o qədər də güclü əməl edilməyib, bu da, yoluxma səviyyəsinin artmasına təkan verib. Təsəvvür edin ki, hələ son günlər yenidən ciddi karantin rejiminin tətbiqi hesabına, dinamika­da müsbət meyillər güclənməkdədir. Yəni, virusa yoluxma səviyyəsinin daha da kəskinləşməsinin qarşısı, məhz davamlı preventiv tədbirlərlə alınır. Siyasi iradə – var, dövlət vəsaiti – var, imkanlı şəxslərin, iş adamlarının yardımı – var, ixtisaslı kadrlar – var, xəstəxanalar (o cümlədən) modul tipli yeni xəstəxanalar – var, beynəlxalq ideya və fikir mübadiləsi – var... Necə deyərlər, var, hər şey var! Bax, bu var­lar da öz sırasında, əmin-amanlığın, inamın, əhalinin sağlamlığının varlığını şərtləndirməkdədir.

Bəli, məhz bu “VAR” dediklərimizin təmin edilməsi, əldə edilmiş müsbət nəticələrin qorunması, tirajlanması – COVID --19-un geniş yayılmasının qarşısının tam alınması üçün karantin rejiminin yenidən bərpası zərurətini də yaratmış olub. Ötən ayın üçüncü ongünlüyündən başlayan karantin rejimi tamamlandı, lakin yoluxma səviyyəsi hələ də yüksək olduğu üçün, (daha öncədən məlumat verməklə) karantin 5 iyuldan yenidən uzadılır və ya yenilənmiş karantin rejimi tətbiq olunur.

Yəqin xatırlatmağa xüsusi ehtiyac yoxdur ki, COVID --19 ölkəmiz üçün spesifik deyil və əldə olan məlumatlar da təsdiq edir ki, karantin rejimi yumşaldılan bütün ölkələrdə infeksiya­nın yayılması müşahidə olunur. Ona görə də, indi əksər ölkələr karantin rejimini yenidən sərtləşdirir. Əlbəttə, bu məqamda bir daha vurğulamalıyıq ki, karantinlər, qadağalar, təcridlər heç də könüloxşayan, qəlbi riqqətə gətirən, hələ-hələ bir qələm adamının tərifləyəcəyi hadisə deyil. Amma bunlar ölümdən yaxşıdır, ağırlaşmalardan, nəfəs kəsilmələrindən, boğulmalardan yaxşıdır! Ən əsası: hamımız dərk edirik ki, bu sərt rejimlər əbədi deyil, gecədən gündüz çıxacaq, qaranlıqlar yarılacaq! Və hər birimiz, dövlətin məcburən atmalı olduğu addımları anlayışla qarşılamaqla, özümüz də bu işə töhfə verməklə, Günəşi, gündüzü yaxınlaş­dırmış oluruq. Bunu kim istəməz?.. Gəlin bu məqamda yerəbaxan olma­yaq, Günəbaxan olaq...

Dünyanı gözəllikmi, sevgimi, sənətmi xilas edəcək? Fikirlər fərqlidir, hətta deyərdim, dağınıqdır, bizim bu dağınıqlığı yığıb-yığışdırmağa, bəlkə məsələyə bir qədər səlislik gətirməyə indilərdə (bu dar macalda) elmimiz, eşqimiz çatarmı? Hələ bilmirəm, üstəlik, rəhmətlik Lütfi Zadənin “qeyri-səlis” nəzəriyyəsi çıxandan bəri, səlislik də məna dərinliyini itirib, sanki... Odur ki, gəlin hələlik, “dünyanı anlayış xilas edəcək” deyək. “Anlayış!” – “nə gözəl səslənir bu söz”. – Ustad Bəxtiyar Vahabzadə bu sərzənişli səslənişi VƏTƏNDAŞ üçün etmişdi. Olsun – bizim də burdakı, bu an üçün sözümüz VƏTƏNDAŞ ANLAYIŞI olsun..!

Çox da ümumi fikirlərə, fəlsəfi-bədii ricətə varmadan, mövzunun özünə qayıtmaq istərdim. Deməli, karantin rejiminin tətbiqini, uzadılmasını və sərtləşdirilməsini anlayışla qarşıla­maq şüurlu, peşəkar vətəndaşlıqdır, vətənkeş-likdir. Problem – ümumxalq problemidir, daha doğrusu problemdən çıxış vəzifəsi ümumxalq vəzifəsidir. Və gözəgörünməz bəla ilə mübarizədən qalib çıxmaq üçün hamı səfərbərolma öhdəliyi daşıyır! Bu öhdəliyin mənəvi planı, dərinliyi, üfüq qazanması öz yerində, bununla belə, sadə, çox sadə və üçcə tələb var ki, onu etmək mümkündür. Buna 3 “M” də deyə bilərik: maska, məsafə, mədəni sanitar (gigiyenik) davranış! Əlbəttə, infeksi­ya qaydalarına əməl edilməsi, yalnız əsgərlərin, çevik polisin, ümumən dövlət orqanlarının nəzarət etməsi ilə deyil, vətəndaş anlayışı və sadədən sadə 3M tələbinə riayət etməklə təsirli sonuclara gətirib çıxara bilər. Bu, həm hər bir vətəndaşın fərdi işi, həm də ümumxalq işidir! Məşhur kəlamda deyildiyi kimi: Hamı bir nəfər, bir nəfər hamı üçün... Məhz bu şüura sahib olsaq, o zaman, pandemiya tez başa çatacaq...

Beləliklə, COVID –19- un möv­cudluğu kimi, yayılması da spesifik xarakter daşıyır. Hələlik bu sahədə va­hid dünya təcrübəsi, hamı tərəfindən qəbul edilmiş elmi nəticə, sınaqdan keçmiş vaksin mövcud deyil, infeksiya­nın yayılmasının qarşısını almaq üçün ən ümumi qəbul edilmiş yanaşma bizim 3M dediyimiz sadə qaydalara hamı tərəfindən əməl etməkdən keçir.

İstənilən epidemiyanın qarşısını almaq üçün onun lokallaşdırlması və izolyasiya edilməsi tələb olunur. Pan­demiyanın qarşısını almaq üçün hər bir xəstənin tapılması, onun müalicəyə cəlb edilməsi vacibdir. Yoluxanların özünü təcrid etməməsi artıq sosial deyil, cinayət məsuliyyətidir.

Uzun sözün qısası, çevrəmizdə, məsələn, ictimai nəqliyyatda hamının maska taxmasına ən yaxşı nəzarət çevik polisdən daha çevik reaksiya verməli olan sərnişinlərin özündən asılıdır. Bu, ictimai nəzarətin bir qolu, ictimai təşviqin ta özüdür. İctimai nəqliyyatı niyə qabardırıq? Çünki iyunun 5-dən Bakı metrosu öz işinə yenidən ara verib və bu da, avtobusla­ra tələbatı artırmış olacaq. Lakin bura­da da təlaş keçiriləcək bir hal yoxdur – öncəki karantin dövründə olduğu kimi, əlavə avtobuslar xəttə buraxılacaq, əhalinin rahatlığı mümkün qədər təmin ediləcək (Proses monitorinq olunacaq, sıxlıq olan yerlərə yenə avtobuslar cəlb olunacaq).

Bu sırada, yəqin, başqa bir həyati vacib ehtiyaca da diqqət etməkdə fayda var. Bu da hər bir adi rahatsızlı­ğa görə təcili tibbi yardıma deyil, məhz ərazi üzrə təhkim edilmiş poliklini­kalara müraciətlə bağlıdır. Əlbəttə, vətəndaş evdə özünü müalicəyə deyil, məhz peşəkar müdaxiləyə üstünlük verməlidir. Poliklinikaya isə telefonla müraciət olunması operativ qərargahın da, TƏBİB-in də, sadə məntiqlə hər birimizin də dediyimiz tələbdir... Belə olanda, təcili yardıma müraciət sıxlığını aradan qaldır­maq imkanı genişlənmiş olcacaq. Bir sözlə, həkim nəzarəti olmadan, müxtəlif dərmanlardan istifadə, əlavə problemlərə yol aça bilər. Korona­virusa yoluxan adamların həkimə müraciət etməməsi, sonradan infek­siyanın yayılmasına, daha çox cana qəsd etməsinə səbəb olur. Deməli, vətəndaşlar ya özünün, ya tanıdığı-bildiyi birinin infeksiya ilə yoluxması və ya şübhəli xəstəlik əlamətləri daşı­ması barədə, aidiyyatı üzrə məlumat verməli və bundan nəinki çəkinməli, əksinə, bunu vicdan borcu bilməlidir. Həm yoluxmuş vətəndaşın özünün tez sağalması, həm də, ölkədə infeksiya ilə mübarizəyə dəstək üçün zəruri olan bu yanaşmanın özü də, onun təbliği də aydındır...

Sonda, gəlin, bir daha o fikrə ortaq çıxaq ki, pandemiya rejiminə əməl edilməsinin məsuliyyəti hamı tərəfindən dərk olunma­lı, ümumvətəndaş anlayışı ilə süslənməlidir. Tanrı vətəndaşımıza, vətənimizə, dövlətimizə zaval verməsin! Dövlət bayrağımız da, sağlıq-salamatlıq bayrağımız da uca olsun!

Əkbər QOŞALI, Milli QHT Forumu İdarə Heyətinin üzvü

7 2020 01:21 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə