Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə dostluq və qardaşlıq əlaqələri getdikcə möhkəmlənir

Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir. Dövlət başçıları səviyyəsində həyata keçirilmiş çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimiz bu əlaqələrin inkişafına mühüm töhfə vermişdir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Əfqanıstan Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun videokonfrans vasitəsilə görüşündə dövlətimizin başçısı çıxış edərək, əvvəlcə bu görüşdə iştirakından məmnunluq hissini bildirib, eyni zamanda, Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə belə bir görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə təşəkkür edib. Dövlətimizin başçısı, həmçinin bu görüşün əməkdaşlığın hazırkı vəziyyətinin və gələcək inkişafının müzakirəsi baxımından faydalı olduğunu da diqqətə çatdırıb.

Azərbaycan Prezidenti daha sonra ölkəmizi Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələrinin birləşdirdiyini, dövlət başçıları səviyyəsində həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərin bu əlaqələrin inkişafına mühüm töhfə verdiyi­ni vurğulayıb. Dövlətimizin başçısı Əfqanıstanla bağlı münasibətlərdən bəhs edərkən qeyd edib: “Azərbaycan 2002-ci ildən NATO-nun Əfqanıstanda sülhməramlı missiyalarında iştirak edir. Biz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına hərbi qüvvə, multi­modal tranzit, təlim və maliyyə yardımı təminatı ilə töhfə vermişik. Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasındakı sülhməramlılarının sayı 2018-ci ildə 30 faiz artırılaraq 120 nəfərə çatdırılmışdır”.

Prezident İlham Əliyev görüşdə Azərbaycanda son 17 ildə iqtisadi sahədə mühüm layihələr icra olunduğu, bunun nəticəsində böyük uğurlar əldə edildiyi barədə ətraflı danışıb. Dövlətimizin başçısı qeyd edib ki, ötən müddətdə ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı irimiqyaslı layihələr həyata keçirilib, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilib. Başqa sözlə, avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda, habelə regionlarda beynəlxalq hava limanlarının, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində gerçəkləşdirilən layihələr Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafın­da əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını daha da gücləndirib.

Ölkə rəhbərinin çıxışında yuxarıda qeyd edilən məsələlərin bəzi məqamlarını aşağıdakı kimi konkretləşdirib diqqətə çatdırmaq istərdik:

– Azərbaycanda nəqliyyat sektoruna qoyulan iri investisiyalar sayəsində mü­asir nəqliyyat və logistika infrastrukturu yaradılıb;

– 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə veri­lib. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər;

– Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Respublikamızda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən indiyədək 10 gəmi tikilib, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. Gələn il əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcək;

– Ölkəmizdə avtomobil yollarının inkişafı da diqqətdə saxlanılıb. Son 16 ildə Azərbaycanda 16 min kilometr avto­mobil yolu çəkilib. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə, Azərbaycan dünyada 27-ci yerdə qərarlaşıb. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

–2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu işə salınıb. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı– Tbilisi–Qars dəmir yolu ilə bu ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Ölkə rəhbəri çıxışında digər görülən işlərə də toxunaraq, respublika daxilində dəmir yolu infrastrukturunun yeniləndiyini, Davos İqtisadi Forumu­nun son hesabatında dəmir yollarının səmərəliliyinə görə, Azərbaycanın dünya­da 11-ci yerdə qərarlaşdığını, bütövlükdə həmin hesabatda nəqliyyat infrastrukturu­nun səviyyəsinə görə ölkəmizin dünyada 34-cü yerdə dayandığını diqqətə çatdırıb.

Prezident İlham Əliyev çıxışında nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən və əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində son illər görülən işləri də xüsusi vurğulayıb. Yeri gəlmişkən, Şərq–Qərb nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan, tranzit və yük­daşıma baxımından səmərəlidir. Orta hesabla, 5400 kilometr uzunluğunda olan Şərq–Qərb nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür. Əhəmiyyətinə görə “Dəmir İpək yolu” adlandırılan Bakı– Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsindən sonra isə dəhliz quru xətlə birbaşa Avropaya çıxış imkanı yaradıb.

Dövlətimizin başçısı sözügedən nəqliyyat dəhlizinin fəaliyyəti haqqında deyib: “Şərq–Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir. 2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınmış­dır. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal–Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılmışdır. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınmışdır. Şərq–Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə et­mişdir. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanmış 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılmışdır. Bu da keçən ilin müvafiq döv­rü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilmişdir”.

Azərbaycan Prezidenti çıxı­şında Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklərin Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlandığını, 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükünün isə 12 gün ərzində Bakı lima­nına çatdırıldığını bildirib. Ölkə rəhbəri, həmçinin cari ilin yanvar-may aylarında Azərbaycan vasitəsilə Əfqanıstan və əks istiqamətlərdə 55,5 min ton yük aparıl­ması, bu dövrdə ölkəmizə məxsus yük təyyarələri ilə respublikamıza və digər dövlətlərə məxsus 12 min tona yaxın yükün Əfqanıstana çatdırılması barədə də məlumat verib. Bununla da Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyərək, Avra­siyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib.

Prezident İlham Əliyev Əfqanıstan və Türkmənistan prezidentləri ilə görüşündə diqqəti Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırıl­ması üçün səylərin davam etdirilməsinin zəruriliyinə yönəldib: “Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifi­kasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturları­nın işçi görüşünün keçirilməsini təklif edirəm. Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına get­miş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşıma­lara böyük maraq göstərirlər”.

Üçtərəfli görüşdə Azərbaycanın Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda səmərəli əməkdaşlıq etdi­yi, ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütöv­lüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəklədikləri xüsusi vurğulanıb. Videokonfransda, eyni zamanda, indiki dövrün ən aktual problemi olan koronavirus xəstəliyinin dünyada faciəvi nəticələrə gətirib çıxarması, pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlığın zəruriliyi diqqətə çatdırılıb. Bununla bağlı dövlətimizin başçısı pandemi­yanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycanın tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüldüyünü, Şərq- Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımalarının fasiləsiz olaraq həyata keçirildiyini bildirib.

Videokonfransda Azərbaycanın 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatının sədri seçilməsi, ötən ilin oktyabrında bu qurumun respublika­mızda zirvə görüşünün keçirildiyi, tədbirdə Əfqanıstan və Türkmənistan prezidentləri tərəfindən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inki­şafına dair dəyərli fikirlər səsləndirildiyi barədə də fikir bildirilib. Prezident İlham Əliyev bununla bağlı deyib: “Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olun­muş zirvə görüşü təşkil olunmuşdur. Bu görüşdə Əfqanıstan və Türkmənistan prezidentləri də iştirak etmişlər. Zirvə görüşündə iştiraklarına görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm”.

Üçtərəfli görüşdə Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunan xüsusi sessi­yasının keçirilməsinə dair təşəbbüsünə dünyanın 130-dan çox dövlətinin dəstək verməsinin çox önəmli hadisə olması, bunun Azərbaycan diplomatiyasının böyük uğuru kimi diqqət çəkməsi, eyni zamanda, dövlətimizin başçısı­nın bu təşəbbüsünün dəstəklənməsinin beynəlxalq miqyasda ölkəmizə olan böyük etimadın və hörmətin, respub­likamızın dünya birliyində nüfuzunun artmasının daha bir göstəricisi kimi dəyərləndirilib.

Videokonfransda üçtərəfli əməkdaşlığın müxtəlif aspektləri, hər üç ölkənin COVID-19-a qarşı mübarizə aparmaq üçün beynəlxalq təşəbbüslərdə fəal iştirak etmələri, koronaviru­sa qarşı mübarizə və pandemiyanın sosial-iqtisadi təsirlərinin azaldılması istiqamətlərində Azərbaycan, Əfqanıstan və Türkmənistanın təşəbbüslərinin mü­hüm önəm daşıması, hərtərəfli, qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da inkişaf etdirmək üçün səylərin davam etdiriləcəyi barədə ətraflı danışılıb.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

4 2020 02:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə