Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Hörmətli cənab Prezident!

4 İyul – Müstəqillik Günü münasibətilə Sizi və dost Amerika xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

30 ilə yaxındır ki, Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında uğurlu əməkdaşlıq münasibətləri mövcuddur. Bu illər ərzində ABŞ şirkətləri ölkəmizdə enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər vacib sahələrin inkişafında mühüm rol oynayıblar.

Eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də ölkələrimiz nümunəvi əməkdaşlıq əlaqələri qurublar. Əminəm ki, Azərbaycan–ABŞ dostluq və tərəfdaşlıq münasibətləri birgə səylərimizlə bundan sonra daha da genişlənəcəkdir.

Ümid edirik ki, ATƏT-in Minsk qrupu­nun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı­nın prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxu­nulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır.

Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi bu çətin zamanda Azərbaycan xalqının Amerika xalqı ilə həmrəy olduğunu bir daha qeyd etmək istəyirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Amerika Birləşmiş Ştatlarına daim rifah arzulayıram.

Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 iyul 2020-ci il

4 2020 02:04 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə