Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qoşulmama Hərəkatının sədri olan Azərbaycanın bəyanatı UNESCO-nun İcra Şurasının plenar iclasında səsləndirilib

Bu yaxınlarda bütün dünya İkinci Dünya müharibəsinin başa çatmasının 75 illiyini qeyd etdi. İnsan həyatı baxımından çox baha başa gələn müharibə gələcəyə dair baxışlarımızı yenidən formalaşdırdı. Lakin bu faciəli keçmiş yaddaşımızdan silinməmiş, nasist və digər oxşar ideologiyalara qulluq etmiş, nasistlərlə əməkdaşlıq etmiş şəxslərə abidə ucaldılması və gənc nəsillər arasında bu ideyaların aşılanmasının artması kimi narahatlıqların şahidi oluruq.

Bu fikirləri UNESCO-nun İcra Şurasının 209-cu sessiyasının plenar iclasında qurum yanında ölkəmizin daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov səsləndirib.

Vurğulayıb ki, belə halların bəzi ölkələrdə dövlət siyasətinin tərkib hissəsi kimi baş verməsi qəbuledilməzdir. “Azərbaycan dəfələrlə müxtəlif tribuna­lardan irqçiliyin, ayri-seçkiliyin, ksenofo­biyanın və bunlarla bağlı dözümsüzlüyün bütün formalarına qarşı çıxıbdır. Qlobal təşkilat kimi UNESCO üzv dövlətlərlə yaxından işləməklə bu təhlükəli meyillərin qarşısını almaq üçün səylərini artırmalıdır. Keçmişdən nəticələr çıxarmalıyıq, keçmişin təkrarlanmaması üçün bəşəriyyət qarşısın­da kollektiv məsuliyyət daşıyırıq”, – deyə A.Kərimov diqqətə çatdırıb.

Səfir qeyd edib ki, Azərbaycan bütün sahələrdə, xüsusən də gender bərabərliyi və Afrika Prioritetinə xüsusi diqqət verməklə, təhsildə, pendemiyaya qarşı mübarizədə UNESCO-nun səylərini qətiyyətlə dəstəkləyir.

Qoşulmama Hərəkatının hazırkı sədri kimi Azərbaycan hesab edir ki, üzv ölkələr arasında çoxtərəfli və inklüziv əməkdaşlıq əsas məqsədlərə, eləcə də 2030 Dayanıqlı İnkişaf Gündəliyindəki hədəflərə çatmaq üçün vacib amillərdir.

Səfir A.Kərimov plenar iclasda Qoşul­mama Hərəkatının sədri olan Azərbaycanın bəyanatını da təqdim edib. Bəyanatda ölkəmizin COVID-19 pandemiyasının dünyada yayılmasından narahatlığı ifadə olunub. Bildirilib ki, tarix boyu Qoşulma­ma Hərəkatı dövlətlərin suverenliyə, ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışma­maq və xalqların öz müqəddəratını təyin etmək hüququ, beynəlxalq əməkdaşlıq və həmrəylik kimi prinsiplərə, Bandung prinsiplərinə uyğun olaraq beynəlxalq sül­hün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynamışdır. Bu prinsiplər Qo­şulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə bir daha təsdiqləndi.

Qeyd edilib ki, Qoşulmama Hərəkatı əməkdaşlığın, inklüziv­liyin, potensialın və idarəçiliyin möhkəmləndirilməsi vasitəsilə sülhə, dözümlülüyə və mədəni müxtəlifliyə hörməti təşviq etmək, ortaq dəyərlərin və ümumbəşəri insan haqlarının çağı­rışlarına cavab verməyə, bərabərsizliyə, irqçiliyə, ayrı-seçkiliyə, stereotiplərə və ziddiyyətlərə qarşı mübarizə aparmaq əzmini bir daha təsdiqləyir. Qoşulmama Hərəkatı UNESCO-nun potensialının möhkəmləndirilməsi, fəaliyyətinin və bu fəaliyyətlərin yerlərdəki təsirinin qiymətləndirilməsinin vacibliyini vurğu­layır və hesab edir ki, bu, C/4 və C/5-in gələcək orta müddətli strategiyasında prioritet olmalıdır.

Həmçinin diqqətə çatdırılıb ki, Qoşul­mama Hərəkatı UNESCO-nun mədəni irsin qorunmasında mərkəzi rolunu tanıyır və təşkilatı 1970-ci ildə Mədəni Mülkiyyətin Qanunsuz Dövriyyəsi haqqında Konvensi­yanın həyata keçirilməsini təşviq etməyə, dəstəkləməyə və gücləndirməyə çağırır. Qoşulmama Hərəkatı mədəni irsin qəsdən məhv edilməsini, mədəni sərvətlərin talan edilməsini və oğurlanmasını, qanunsuz arxe­oloji qazıntıların aparılmasını və mədəni irsin dəyişdirilməsini dünya xalqlarının tarixinə və şəxsiyyətinə qarşı ağır cinayət kimi pisləyir.

Bildirilib ki, Qoşulmama Hərəkatı “Dünyanın yaddaşı” proqramının həyata keçirilməsini gücləndirməyin zəruriliyini vurğulayır və UNESCO-nun sənədli irslərin tanıdılması səylərini alqışlayır. Qoşulma­ma Hərəkatı “Təhsil 2030” Gündəliyini dəstəkləyərək, UNESCO-nun bütün mövcud proqram və mexanizmlərdən istifadə edərək, qadın və qızlar arasında gender bərabərliyi və Afrika Prioriteti baxımından savadlı icmalar və cəmiyyətlər yaratmaq səylərini gücləndirməyə çağırıb.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Paris

4 2020 01:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə