Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidentinin təşəbbüsü dünyada bəyənilir

Bu bəla Yer üzünə Allahdanmı gəldi, yaxud Şeytan vassallarının göstərişi ilə bioloji silah qismində hansısa laboratoriyalardamı hazırlandı? Doğrusu­nu bilən yoxdur. Amma, dünya çox təhlükəli bir düşmənlə – COVID-19-la üzbəüzdür. Yarım ildir ki, sonradan pandemiya elan olunmuş yeni növ ko­ronavirus bəşəriyyətə divan tutur. Hələ ki, nə vaksini tapılıb, nə də təsirli bir dava-dərmanı.

Bu gözəgörünməz bəlaya qarşı dünyanın, demək olar ki, bütün ölkələrində ayrı-ayrılıqda mübarizə tədbirləri aparılır. Amma, nə faydası, istənilən səmərə yoxdur.

Bəşər tarixində müxtəlif yoluxucu xəxtəliklərin epidemiya və pandemi­yalara çevrilməsi faktları dəfələrlə olub, indiyədək iki dünya müharibəsi baş verib. Lakin COVID-19 pandemiyası bunların heç birinə bənzəmir. Çünki bu virus “yaxa ələ vermir”, zəif yeri harasıdır, məlum deyil. Amma, son dərəcə çevik bir düşməndir. Təsəvvür edin ki, infeksiya bir neçə ay ərzində dünyanın bütün ölkələrini çənginə ala bilmişdir. İndiyədək dünyada 10,9 milyon insan infeksiyaya yoluxmuş, 521 min nəfər isə koronavirusdan həlak olmuşdur. Son dövrün təcrübəsi göstərdi ki, belə məkrli düşmənə qarşı dünya dövlətlərinin heç biri təkbaşına mübarizəsi gözlənilən nəticəni vermir.

Bu yerdə türk xalqlarının böyük öndəri Mustafa Kamal Atatürkün məşhur kəlamı yada düşür: “Yurdda sülh, cahanda sülh”. Cənab dövlət başçımızın siyasi fəaliyyəti də sübut edir o, təkcə ölkəmizdə deyil, bütün dünyada pandemiyasız həyatın bərqərar edilməsinə çalışır. Prezident İlham Əliyev tərəfindən koronavirus pandemiyasına qarşı mübarizədə həm regional, həm də qlobal səviyyədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və konkret əməli addımlar atılır.

Azərbaycan Prezidenti COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin təşkili məqsədilə bu il aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda Türk Şurasının, mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi, həmin təşkilatın dövlət və hökumət başçılarının onlayn formada zirvə görüşlərini təşkil etdi. Prezident İlham Əliyev mayın 4-də keçirilən görüşdəki çıxışında qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assamble­yasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü.

BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyul­duğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. Təklif Nyu-Yorkda Qoşul­mama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə münasibət bildirilməsini xahiş edib. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

Şübhəsiz, BMT-nin 130 üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan böyük etimadının növbəti göstəricisidir.

Bütün bunlar Azərbaycan xalqında haqlı qürur hissi yaradır. Dövlət başçısına göndərilən minnətdarlıq məktublarından da bunu görmək olar.

 

Məcburi köçkünlər Sizdən razıdırlar

Möhtərəm cənab Prezident!

Yeni növ koronavirus – COVID-19 infeksiyasından zərər çəkmiş və bu xəstəliyə yoluxmuş insanlara Sizin rəhbərliyinizlə dövlət dəstəyi göstərilməkdədir. Belə bir zamanda sosial və infrastruktur layihələrinin uğurla icra edilməsi dövlətimizin gücünü və maliyyə dayaqlarının möhkəm olduğunu göstərir. Torpaqları­mızın işğalı nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlər də Sizin diqqətinizdən kənarda qalmır. Onlar üçün yeni qəsəbə və yaşayış kompleksləri salınır, mənzil-məişət şəraitləri və sosial vəziyyətləri yaxşılaşdı­rılır.

Cənab Ali Baş Koman­dan, biz məcburi köçkünlər Sizə minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Raqub İdris oğlu Cəfərov,Ağdam rayonundan məcburi köçkün, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi

Gücümüz birliyimizdədir

Hörmətli Prezidentimiz!

Bu mürəkkəb şəraitdə atdığınız düzgün addımlar nəticəsində ölkəmiz qlobal pandemiya vəziyyətində mini­mum itkilərlə mübarizə aparır. Dünyanı çənginə alan korona­virusun yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə, bu çətin günlərdə də xalqın yanında olduğunuza və xalqa qayğı göstərdiyinizə görə şəxsən öz adımdan və ailəmin adın­dan Sizə dərin minnətdarlığımı bildirirəm.

Koronavirus pandemiyası dövründə bütün rayonlarda olduğu kimi, Suraxanı rayonunda yaşayan aztəminatlı ailələrə ərzaq yardım­ları, işsiz vətəndaşlara 190 manat birdəfəlik müavinət verilməsi sakinlərimizi sevindirdi.

Cənab Prezident, Sizin “Biz birlikdə güclüyük!” çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaqdır. Allah Sizi, ailənizi və xalqımızı qorusun!

Hörmətlə,

Orxan İsmayıl oğlu Əlizadə, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi

Düşmən reallıqla hesablaşmalıdır

Möhtərəm cənab Prezident!

Dünya birliyi bizə qarşı hələ də ədalətsiz mövqe nümayiş etdirərək Ermənistanın işğalçılıq siyasətinə birmənalı olaraq göz yumur. Buna baxmayaraq, Siz bu məsələdə daim qətiyyətlə Azərbaycanın barışmaz möv­qeyini ifadə edirsiniz. Sizin iyunun 18-də "Şərq tərəfdaşlığı" ölkələrinin dövlət və hökümət başçılarının videokonfrans formatlı sammitindəki çıxışı­nız bunu bir daha sübut etdi. Siz Ermənistanın baş nazirinə terrorçunu xalq qəhrəmanına çevirdiklərini bildirdiniz. Bu, düz­gün və yerində verilmiş cavab idi. Ermənistanın dövlət başçısı susdu, çünki həqiqəti demişdi­niz. Biz daim Sizin siyasətinizi dəstəkləyirik və istər sülh yolu ilə olsun, istərsə də hərbi yolla, Qarabağ məsələsini həll edəcəyinizə inanırıq. Düşmən reallıqla hesablaşmalıdır.

Hörmətlə,

Fatma Çərkəz qızı Quliyeva, şəhid bacısı, müəllim Ağcabədi rayonu, Taynaq kəndi

Yaşasın müstəqil Azərbaycanımız

Cənab Prezident!

Sizin ölkədə apardığınız islahatlar hər bir Azərbaycan vətəndaşı kimi məni də fərəhləndirir. Sizin son dörd ildə üçüncü dəfə Azərbaycan Dövlət Aqrar universitetində olmağınız aqrar sahəyə, eyni zamanda, Universitetimizə göstərdiyiniz qayğının bariz nümunəsidir.

İyunun 24-də Gəncə şəhərinə səfəriniz çərçivəsində Azərbaycan Dövlət Aqrar Univer­sitetinin yeni tipli tədris korpusu­nun açılış mərasimində Sizin və Birinci vitse-prezident Mehriban xanımın iştirakı aqrar sahəyə böyük bir töhfədir. Müasir ava­danlıqlarla təchiz olunmuş labo­ratoriyalar, nəinki aqrar sahənin inkişafına vəsilə olacaq, kadrların yetişdirilməsinə kömək edəcək, eyni zamanda, xeyli sayda insa­nın işlə təmin olunmasına şərait yaradacaqdır. Yaşasın müstəqil Azərbaycanımız, var olsun, əziz Prezidentimiz!

Hörmətlə,

Azad Mustafa oğlu Bayramov, Azərbaycan Dövlət Aqrar Universiteti ictimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor, Gəncə şəhəri

Göstərdiyiniz yardımlar dadımıza çatdı

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının vətəndaşı olaraq, pandemiya dövründə Sizin fəaliyyətinizə görə həm öz adımdan, Saatlı rayo­nunun Dəllər kəndinin sakinləri adından sonsuz minnətdarlığımı bildirməyi özümə borc bilirəm.

Cənab Ali Baş Komandan, Sizin müvafiq tapşırığınızla aztəminatlı ailələrə təyin edilən birdəfəlik yardım kəndimizdə də bir çox ailənin dadına çatdı. Bu məqamda həmin insanların Sizə ünvanlanmış alqış və duyğula­rını çatdırmaq istəyirəm: "Allah Prezident İlham Əliyevin atasına rəhmət eləsin! Özünə isə uzun ömür və cansağlığı bəxş etsin!"

Tanrı Sizi, ailənizi və bütün Azərbaycan xalqını gözəgörünməz bəla və müsibətlərdən hifz etsin! Amin!

Saatlı rayonu Dəllər kəndinin sakinləri adından dərin hörmətlə,

Əlimuxtar Həsən oğlu Muxtarov, filologiya üzrə fəlsəfə doktoru Saatlı rayonu, Dəllər kəndi

Biləsuvarlılar həmişə Sizinlədir

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qul­luqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncamınıza əsasən polkovnik Nizami Məmmədovu “general-mayor” hərbi rütbəsini layiq görməyiniz bütün Biləsuvar əhalisinə böyük etimaddır. Müstəqil Azərbaycanın ilk günlərindən bu günə kimi biləsuvarlılar respublikanın inkişafında, ərazi bütövlüyü­nün qorunmasında xüsusi xidmətlər göstərmişlər. Belə ki, Qarabağ döyüşlərində yüzlərlə biləsuvarlı könüllü olaraq Vətənin müdafiəsinə qalxaraq 109 şəhid vermiş, 22 nəfər döyüşlərdə itkin düşmüşdür. Aprel döyüşlərində biləsuvarlılar mətinliklə döyüşərək Vətənə və dövlətə olan sədaqətlərini bir daha sübut etmişlər. Bu döyüşlərdə 3 nəfər şəhid olmuş, 17 nəfər isə yaralan­mışdır.

Hörmətli cənab Prezident, Vətənin müdafiəsində iştirak edən oğullara verdiyiniz qiymətə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, biz biləsuvarlılar Vətənin, dövlətin, dövlətçiliyin və şəxsən Sizin yanınızdayıq. Vətən yolun­da canımızdan keçməyə hazırıq. Biz Prezidentimizlə, ordumuzla fəxr edirik.

Yaşasın Azərbaycan Respub­likasının Prezidenti cənab İlham Əliyev!

Yaşasın müstəqil Azərbaycan Ordusu!

Hörmətlə,

Hacı Məhərrəm Kazımlı,Biləsuvar Rayon Müharibə Veteranları Təşkilatının sədri

Ehtiyat igidin yaraşığıdır

Möhtərəm Prezidentimiz!

Biz ailə üzvlərimizlə birlikdə Sizə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edirik.

Siz Azərbaycanda COVID-19 xəstəliyinin qarşısını almaq istiqamətində böyük işlər görür­sünüz. İnsanlar bütün bunları görür və talelərinin etibarlı əllərdə olmasından məmnunluq duyur. Hazırda Azərbaycanda bir çox ölkələrlə müqayisədə böyük gərginlik və iqtisadi tənəzzül yaşanmaması vaxtında atılan addımların, çətin günlər üçün nəzərdə tutulan maliyyə ehtiyat­larının sayəsindədir. Nahaq yerə deməyiblər: “Ehtiyat igidin yaraşı­ğıdır.”

Əziz Prezidentimiz, inanırıq ki, dövlətimiz və xalqımız bu bəlanı tezliklə tarixin yaddaşı­na köçürəcək, Azərbaycanda həyat yenidən əvvəlki axarı­na düşəcəkdir. Azərbaycan vətəndaşları Sizinlə fəxr edirlər. Allah Sizə və xalqımıza hər zaman kömək olsun!

Hörmətlə,

Elvin Asif oğlu Nağıyev, Emin Arif oğlu İsmayılov,Bakı şəhəri, Xətai rayonu

Təqdim etdi:
Qüdrət PİRİYEV,“Xalq qəzeti”

4 2020 01:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə