Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QMİ-də din xadimləri ilə videokonfrans formatında görüş keçirilib

İyulun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə din xadimləri ilə videokonfrans formatında görüş keçirib.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin və ölkəmizdəki dini konfessiyaların rəhbərlərinin qatıldığı videogörüşdə İdarənin paytaxt və bölgələrdəki qazı və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Şeyxülislam Allahşükür Paşazadə dini mənsubiyyətindən asılı olmayaraq heç bir fərq qoymadan hər bir insa­nı təhdid edən COVID-19 bəlası ilə mübarizədə dövlət və din xadimlərinin bir araya gələrək qüvvələrini səfərbər etmələrində fayda olduğunu xatırla­dıb. QMİ sədri Azərbaycan dövlətinin pandemiyanın yayılmasının qarşısının alınması üçün gördüyü genişmiqyaslı işlərdən bəhs edib. Azərbaycan Pre­zidentinin ölkə daxilində həyata keçir­diyi ardıcıl tədbirlərin əhəmiyyətindən danışan A.Paşazadə, həmçinin dövlətimizin 30-dan çox ölkəyə hu­manitar yardım göstərməsini, dövlət rəhbərimizin beynəlxalq əməkdaşlığın təşəbbüskarı olaraq qlobal nümunələr nümayiş etdirdiyini təqdirlə vurğulayıb. Dövlətimizin başçısının BMT-nin Baş Assambleyasının pandemiyanın qarşı­sının alınması məqsədilə xüsusi sessi­yasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsinin bəşəri təhlükə ilə mübarizədə qlobal həmrəyliyin təmininə xidmət edən beynəlxalq əməkdaşlıq nümunəsi olduğunu bildirən QMİ sədri bunu olduqca əhəmiyyətli, dəyərli addım kimi qiymətləndirib.

A.Paşazadə Nazirlər Kabineti ya­nında təsis edilən operativ qərargahın fəaliyyətini təqdir edərək, QMİ-nin bu qurumla fəal əməkdaşlıq etdiyini, dini səciyyəli məsələlərə dair tövsiyə və qərarları birgə müzakirə etdiklərini diqqətə çatdırıb. Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin geniş beynəlxalq əlaqələrinin pandemiya dövründə də davam etdirildiyini söyləyib.

Amansız xəstəlik dövründə mücadilənin ön cəbhəsində mübarizə aparan həkimlərin, polislərin zəhmətini yüksək dəyərləndirən QMİ sədri din xadimlərimizin də bu istiqamətdə fədakar xidmətini xüsusi qeyd edib. O bildirib ki, din xadimlərinin mənəvi dəstəyi, müqəddəs dinimizin aşıladığı yüksək dəyərləri insanlara təlqin etməsi, ən çətin anlarında insanların yanın­da olması, xəstəlik riskini göz önünə alaraq dini vacibatları yerinə yetirməsi minnətdarlıqla qarşılanır. Buna görə din xadimlərinə təşəkkürünü bildirən QMİ sədri koronavirus səbəbindən dünyasını dəyişənlərə Allahdan rəhmət diləyib, onların əzizlərinə başsağlıgı verib, xəstələrə şəfa diləyib.

Pandemiyanın gedişatından, yaratdı­ğı reallıqlardan, fəsadlardan ətraflı bəhs edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu bəlanın dəf olunması üçün zəruri olan məqamları din xadimləri ilə bölü­şüb. QMİ-də pandemiyanın başlanğıc dövründə keçirilmiş toplantıda bütün zəruri tövsiyələrin açıqlandığını bildirən M.Qurbanlı bunun öz müsbət nəticəsini verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradıl­ması, martın 28-də Bakıda müasir stan­dartlara cavab verən “Yeni klinika” tibb müəssisəsinin istifadəyə verilməsi, mo­dul tipli xəstəxanaların tikilməsi infeksiya ilə mübarizədə böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Heydər Əliyev Fondu­nun göstərdiyi fəallıq da mütləq qeyd olunmalıdır. Fond pandemiyaya qarşı mübarizəyə dəstək verərək böyük sosial layihə həyata keçirdi. “Biz birlikdə güc­lüyük!” aksiyası çərçivəsində aztəminatlı və digər həssas təbəqədən olan 100 mindən çox ailəyə yardım paylanıldı. Eyni zamanda, Azərbaycan Respubli­kasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın koronavirus pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin reji­minin tətbiq olunduğu müddətdə talas­semiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışı ilə əlaqədar olaraq bütün ölkə ərazisində qanvermə aksiyaları təşkil olundu.

Hər hansı bir ölkənin təkbaşına COVID-19-la mübarizəsinin qeyri-müm­künlüyünü vurğulayan Komitə sədri dövlətimizin qlobal müstəvidə bütün dün­ya dövlətlərinin səylərinin birləşdirilməsi yönündə atdığı addımları, xüsusən, BMT-nin Baş Assambleyasının pande­miyanın qarşısının alınması məramı ilə xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü nəzərə çatdırdı.

Dövlət tərəfindən bütün lazımi addım­ların atıldığını vurğulayan M.Qurbanlı din xadimlərinin bu işə dəstək göstərmələrini qeyd edərək, virusun çox təhlükəli ol­duğunu və bundan qorunma tədbirlərini təbliğ edən moizə və çıxışlarının böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb. Bu əsnada, din xadimlərimizin müxtəlif inter­net platformalarında, sosial şəbəkələrdə yayımlanan moizələrini dinləyərkən onların səviyyəsindən razı qaldığını dilə gətirən komitə sədri məscidlərin vəfat etmiş insanlar qarşısında dini-mənəvi borclarını yerinə yetirmələrini yüksək dəyərləndirib.

Videogörüşdə çıxış edən dini kon­fessiya rəhbərləri – Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandr, Dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Kato­lik icmasının rəhbəri Yepiskop Vladimir Fekete və Alban-udi icmasının başçı­sı Robert Mobili din xadimləri olaraq dünyanın tezliklə virus təhlükəsindən qurtulmağı, bəşərin xilası və Azərbaycan hökumətinin bu istiqamətdə gördü­yü işlərin uğuru üçün dualar ediblər. Bildiriblər ki, xəstəliklə mübarizə üçün dinindən asılı olmayaraq cəmiyyətin bütün zümrələri səfərbər olmalı, lazı­mi davranış qaydalarına əməl etməli, dövlətimizə dəstək olmalıdırlar.

QMİ sədrinin birinci müavini Sal­man Musayev pandemiya dövründə məscidlərin kütləvi ibadətlərə bağlı ol­ması şəraitində din xadimlərinin ehtiyacı olan insanlara, yaşlılara, əlillərə yardım­lar təşkil etdiyini, dəfn mərasimlərinin di­nimizin qaydalarına uyğun keçirilməsini təmin etmələrini, yayımlanan moizələri ilə insanlara mənəvi dayaq olmalarını diqqətə çatdırıb. Müfti məscidlərin bağlı qalması səbəbindən televiziya kanalla­rında din xadimlərinin insanların mənəvi ehtiyac duyduğu çıxışlarına imkan və şərait yaradılması məsələsinə dövlət komitəsinin yardımçı olmasını zəruri hesab etdiyini qeyd edib.

QMİ sədri Şeyxülislam Allahşü­kür Paşazadənin moderatorluğu ilə davam edən videoiclasda Naxçıvan Muxtar Respublikası üzrə qazı Sahib Məmmədov, Xəzər rayonu üzrə qazı Soltan Əlizadə, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məscidinin imamı Elman Piriyev, Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndə Şahin Həsənli, Quba bölgəsi üzrə qazı Naib Səttarov, Gəncə bölgəsi üzrə səlahiyyətli nümayəndə Tahir Abbasov, Cənub bölgəsi üzrə qazı Qəni Axundzadə, Balakən rayonu üzrə qazı İbrahim İbrahimov, Təzəpir məscidinin imamı Mircəfər Əyyubov, Sumqayıt şəhəri üzrə qazı Rauf Sərdarov, Qəbələ bölgəsi üzrə qazı Ceyhun Rüstəmov, Şamaxı rayonu üzrə səlahiyyətli nümayəndə Mirəhməd Mustafayev, İçərişəhər üzrə səlahiyyətli nümayəndə Surxay Məmmədov, Qazax bölgəsi üzrə qazı İlham Süleymanov, İmişli rayonu üzrə səlahiyyətli nümayəndə Adığözəl Bəşirov çıxış ediblər.

Çıxışlarda din xadimləri öz fəaliyyətlərini QMİ-nin tövsiyələrinə və direktivlərinə uyğun olaraq həyata keçirdiklərini və dövlətimizin pande­miyanın qarşısının alınmasına yönəlik addımlarını dəstəklədiklərini bildiriblər. Din xadimləri Uca Allahın köməyi və dövlətimizin gördüyü tədbirlər sayəsində tezliklə virus təhlükəsinin sovuşacağına ümidvar olduqlarını söyləyiblər.

Görüşdə təkliflərini səsləndirən din xadimləri onları ən çox narahat edən məqamlar sırasında sosial şəbəkələrdə dövlət və din xadimlərinin ünvanına yönəlik təhqir və qarayaxma kampa­niyaları olduğunu birmənalı şəkildə vurğulayıblar. Din xadimləri xarici xüsusi xidmət orqanları tərəfindən yönləndirilən simasız şəxslərin belə üzdəniraq, haqsız çıxışlarının dindar insanların heysiyyətinə toxunduğunu və bu abır­sız şəxslərin öz əməllərinə görə qanun qarşısında cəzalandırılmasını tələb etdiklərini diqqətə çatdırıblar.

Videogörüşün sonunda QMİ sədri din xadimlərinin bütün təkliflərinin nəzərdən keçiriləcəyini vurğulayıb.

AZƏRTAC

4 2020 01:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə