Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan pandemiyanın iqtisadiyyata təsirini minimumlaşdırmaq gücünə malikdir

Pandemiya qlobal və milli iqtisadiyyatda aktivliyin azalmasına və sərmayə imkanlarının məhdudlaşmasına səbəb olub. Təbii ki, korona­virusun vətəndaşlarımızın sağlamlığına təsirlərini mini­mumlaşdırmaq üçün tətbiq edilən sosial təcrid tədbirləri, eyni zamanda, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib.

Praktik olaraq, pandemiya digər ölkələrdə olduğu kimi, bizim iqtisadiyyata da təsir göstərsə də Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar post-pandemiya dövründə iqtisadi aktivliyin daha qısa zamanda bərpa edilməsinə imkan verəcək.

İqtisadiyyat Nazirliyinin qiymətləndirməsi də göstərir ki, pandemiyanın mənfi təsirləri və neftin qiymətinin qeyri-sabitliyi nəticəsində iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, tətbiq edilən məhdudiyyətlər istehsal–emal–istehlak zəncirində qırılmalara səbəb olub. Bununla belə, iqtisadiyyatda müşahidə edilən dur­ğunluğa baxmayaraq milli iqtisadiy­yatı tənəzzülə apara biləcək vəziyyət yaranmayıb. Bunun əsas səbəbi son illərdə ölkədə aparılan ardıcıl islahat­lar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləridir. Dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü və tapşırıq­ları əsasında hökumət milli iqtisa­diyyata zərərləri minimallaşdırmağa çalışır.

İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış iqtisadi paket təkcə koro­navirusun pandemiya dövrü iqtisadi təsirlərinin minimumlaşdırılmasına deyil, həm də strateji olaraq post-pandemiya dövründə real sektorda aktivliyin dəstəklənməsinə xidmət edir. Bu baxımdan, vergi güzəştləri və eləcə də güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi həm pandemiya, həm də post-pandemiya dövründə sahibkarlara bu cür güzəştlərdən istifadə etməklə, xərcləri minimumlaşdırmaq, iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanı verəcək. İqtisadiy­yat Nazirliyi tərəfindən hazırlanan və təqdim olunan Elektron Kredit Platformasının təqdimatı da bir daha göstərir ki, sahibkarlar yeni dövrdə daha çox dövlət dəstəyindən faydalana biləcəklər. Kreditlərə tətbiq edilən subsidiya mexanizmi 1 milyard manatlıq kredit portfelini əhatə edəcək. Bu istiqamətə 100 milyon manat vəsait ayrılacaq. Bu da imkan verəcək ki, sahibkarlar kredit öhdəliklərini pandemiya dövründə yerinə yetirməkdə çətinliklərlə rastlaşmasınlar. Sahibkarlara bu istiqamətdə həm də vergi güzəştləri də tətbiq olunur. Bu da birbaşa sahib­karların xərclərini azaltmaq məqsədi daşıyır. Digər tərəfdən, sahibkarlara 500 milyon manatlıq güzəştli kredit təklif olunur ki, bunun da 60 faizinə dövlət zəmanət verəcək. Bu im­kan verəcək ki, pandemiyanın təsir etdiyi sektorda çalışan sahibkarlar həmin güzəştli kreditlərdən birbaşa faydalana bilsinlər. Bu da onlara kredit əldə edərək öz fəaliyyətlərini genişləndirmək imkanı verəcək.

Hazırda iki formada tətbiq edilən kredit güzəştləri sahibkarların dövlət tərəfindən daha yaxından dəstəklənməsi məqsədi daşıyır. Onların kredit resurslarına çıxış im­kanları, kredit xərclərinin azalmasına xidmət edir. Bu da ondan xəbər verir ki, pandemiya dövründə sahibkarların birbaşa dövlət maliyyəsi ilə yanaşı, onların xərclərinin azaldılması, eyni zamanda, kredit resurslarına çıxış imkanlarının artırılmasını özündə əks etdirən paket icra olunur.

Pandemiya və neftin qiymətindəki kəskin azalmalar Azərbaycan xarici ticarət dövriyyəsinə və eləcə də tədiyyə balansına təsirsiz ötüşməyib. COVID-19-la mübarizə dövründə həm ixracda, həm də idxalın dəyərində azalmalar qeydə alınıb. Bununla belə, Azərbaycan ixracı idxalı yenə də üstələyir və belə vəziyyət isə xarici ticarətdə müsbət saldonun qorunub saxlanmasına im­kan verir. Bu da ondan xəbər verir ki, pandemiyanın təsirlərinə baxmaya­raq hələ də ölkəyə daxil olan valyuta idxal yolu ilə ölkəni tərk edən vəsaitin həcmindən çoxdur.

Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən isla­hatlar bu gün ölkə iqtisadiyyatında innovasiyanın tətbiqini daha da prioritetləşdirir. Xüsusən də dördün­cü sənaye inqilabı ilə bağlı regional proseslərdə Azərbaycanın öndə olması, Davos İqtisadi Forumunun dördüncü sənaye inqilabı üzrə regi­onal mərkəzinin ölkəmizdə yaradıl­ması ilə bağlı razılığın əldə edilməsi də ondan xəbər verir ki, Azərbaycan innovasiyanı dəstəkləyən, innova­tiv, eləcə də texnoloji inkişafa töhfə verən ölkələrdəndir.

Ümumiyyətlə, post-pandemiya dövründə ölkəmizdə həyata keçirilən islahatlar texnoloji yeniliklərin dəstəklənməsinə imkan verəcək ki, belə şərait iqtisadiyyatda inno­vativ dəyərin çəkisinin artması­na və şaxələndirmə meyillərinin gücləndirilməsinə gətirib çıxaracaq. Bu da növbəti dövrlərdə innovasi­yanı daha çox tətbiq edən sektor­lardan olan neftdənkənar sahələrin iqtisadiyyatdakı drayver rolunun güclənməsinə səbəb olacaq.

Xatırladım ki, koronavirus pande­miyasının Azərbaycan vətəndaşına təsirinin minimuma endirilməsi məsələsi birbaşa Prezident İlham Əliyevin nəzarətindədir. Dövlət başçısının həyata keçirdiyi siyasət bir tərəfdən virusun əhalinin sağlam­lığına təsirinin minimuma endirilməsi məqsədini daşıyırsa, digər tərəfdən pandemiyanın sahibkarlara, muzd­la işləyənlərə, eləcə də işləməyən vətəndaşlara təsirinin azaldılmasına xidmət edir. Bununla yanaşı, pande­miya ilə mübarizədə vətəndaşların qaydalara əməl etməsi son dərəcə zəruridir. Təəssüf ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qa­dağalar aradan qaldırılandan sonra vətəndaşlarda arxayınlıq yarandı.

Mövcud şəraitdə hər bir vətəndaşın daha məsuliyyətli ol­masına, pandemiya ilə mübarizədə dövlətin həyata keçirdiyi siyasətə daha yaxından dəstək olmasına böyük ehtiyac var. Virusun lokallaş­dırılması və onun təsirinin azaldıl­ması hər birimizin qaydalara əməl etməyimizdən asılıdır. Məhz bu za­man pandemiyaya qarşı mübarizədə əldə edilmiş uğurları, pozitiv nəticəni qoruyub saxlaya, virusun lokallaşdı­rılmasına nail ola bilərik.

Bəzi vətəndaşlar tərəfindən qaydalara etinasız yanaşılması diqqətdən yayınmır. Hər birimizin bu qaydalara əməl etməsi vacibdir. Çünki biz tətbiq olunan qaydalara əməl etməklə yalnız özümüzü deyil, yaxınlarımızın, qohumlarımızın, bütövlükdə cəmiyyətimizin sağlamlı­ğına töhfə vermiş oluruq. Koronavi­rusa yoluxma sayının azalması hər birimizin sosial təcrid qaydalarına əməl etməyimizdən asılıdır. Artıq pandemiya iqtisadi məsələdir, qlobal və milli iqtisadiyyatlara mənfi təsir göstərir. Sosial təcrid qaydalarına əməl edəriksə, bu, karantin dövrü­nün qısadılmasına, iqtisadi aktivliyin bütün sektorlarda bərpa edilməsinə gətirib çıxara bilər.

Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı

4 2020 01:44 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə