Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət koronaviruslu bütün xəstələrin müalicəsini diqqətdə saxlayır

Əhalinin sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün ən mühüm və prioritet vəzifədir. Ölkəmizdə, bütün çətinliklərə baxmayaraq, bu günə kimi əhalinin sosial təminatı və iqtisadi dayanıqlığın təmin edilməsi üçün bütün tədbirlər görülür. Azərbaycan dövləti üçün heç bir məsələ əhalinin sağlamlığından öndə deyil. Bunu dövlət başçısı da dəfələrlə bildirib ki, əhalinin sağlamlığının qorunması hər şeydən önəmlidir.

Ölkəmizdə sərt karantin rejiminin yumşaldılmasından, operativ qərargah tərəfindən qoyulan məhdudiyyətlər mərhələlərlə aradan götürüldükdən sonrakı günlərdə koronavirusa yoluxanların sayının artaraq sağa­lanların sayını kəskin surətdə ötməsi cəmiyyətdə böyük narahatlıq yaratdı. İyunun 24-də yoluxma sayının 590 olması hər kəsdə gərginliyə səbəb oldu. İyunun 29-da bu rəqəm 544, 30-da 556 olsa da, yenə həyəcanverici göstəricidir. Hazırda koronavirusa yo­luxmaların artması elə bir mərhələyə çatıb ki, insanlar xəstəlikdən çox, qorxu və həyəcandan səhv addım ata bilərlər. Hər kəs təşviş içində gözləyir: Mən birdən yoluxaram... Amma kimsə bu yoluxmanın nə səbəbə baş verdiyinin sanki fərqində deyil.

Operativ qərargahdan iyulun 2-də verilən məlumata görə, COVID –19 virusunun yayılma sürətinin azaldıl­ması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonla­rı daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqa­yıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Eyni zamanda, həmin müddətdə həftə sonlarında ic­timai nəqliyyatın fəaliyyətinə qadağa qoyulur.

Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında virusdan qorunma yolla­rından danışıb, tələblərə əməl etməyi, vurusdan qorunmaq üçün vacib olan qaydaları diqqətdə saxlamağı tapşırıb. Hətta, iş o həddə çatıb ki, Prezident insanlara çağırış edərək, özlərini bu amansız virusa yoluxmadan qorun­mağı xahiş edib: “Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım– iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavi­rus yoxa çıxmayıb”.

Yoluxma sayındakı artım di­namikasının səbəbləri hamıya gün kimi aydındır. Vətəndaşlar bilməlidir ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bu problemin qısamüddətli, asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq. Koronavirusun yayılmasında artım dinamikasının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə viru­sa yoluxurlar. Bir nəfərin ictimai nəqliyyatda yoluxması kifayət edir ki, həmin virus onun ailə üzvlərinə keçsin. Kim zəmanət verər ki, ailədəkilərin də hər biri sonrakı günlərdə marketdə, işdə, ya elə yenə ictimai nəqliyyatda vurusu kiməsə yo­luxdurmayacaq? Bu yoluxma zəncir kimi bir-birinə bağlıdır. İş yerlərində ümumi istifadə yerləri – mətbəx, sanitar qovşaqlar, dəhliz, lift– və qo­ruyucu vasitələrdən istifadə etməmək –məsələn, maska taxmamaq, məsafə gözləməmək – yoluxmaya əsas səbəb olan amillərdəndir. Ona görə də pandemiya başlayan vaxtdan operativ qərargahın qoyduğu qaydalara bu bəla sovuşana qədər riayət etmək vacibdir.

Narahatlıq yaradan məqamlardan biri də odur ki, xəstəliyin ilkin simp­tomları olan şəxs bəzi hallarda tibbi xidmətə müraciət etmək əvəzinə, öz adi həyatına davam edir, bəzi hallarda isə özünü kortəbii müalicə etməyə çalışır, bütün bu müddət ərzində həm öz vəziyyətini ağırlaşdırır, həm də digərlərini yoluxdurmağa davam edir. Buna misal kimi bu günlərdə həyatını koronavirusa qurban verən bir neçə həkimin adını çəkə bilərik. Vətəndaşların təhlükəsizlik qayda­larını kobud şəkildə pozması, virusa yoluxmuş qohumlarını, qonşularını ziyarət etməsi, yas məclislərində işti­rak halları da müşahidə olunur.

İnsan haqlı olaraq özünə sual verməlidir ki, dövlət başçısı tərəfindən koronavirusla mübarizəyə böyük miqdarda vəsait xərclənirsə, vətəndaşların sağlamlığı naminə bu qədər tədbirlər görülürsə, bir fərd olaraq mən niyə bu mübarizədən kənarda qalım? Niyə pandemiyaya qarşı mübarizədə dövlətə dəstək olmayım? Hər bir insanın dəstəyi isə yalnız onun özünü qorumasıdır, görülən tədbirlərin uğurlu nəticəsi olsun deyə, yaxınlarına qaydalara əməl etməyi başa salmasıdır, maska geyməyi tövsiyə etməsidir. Yenə də düşünməlidir ki, ölkənin Prezidenti, Birinci vitse-prezident maska taxa bilər, sıravi vətəndaş yox? Axı bu maska taxan yalnız özünü qorumur, ətrafındakıları da yoluxmadan xilas edir. Maska kiminsə görünüşünə xələl gətirməz. Dövlət başçımız bu qoruyucu vasitədən istifadə ilə bağlı demişdir: “Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm və hər kəs də qapalı şəraitdə tibbi maskadan istifadə etməlidir– ictimai nəqliyyatda, ofislərdə, alış-veriş mərkəzlərində. Açıq havada bu, tövsiyə olunur, əgər yaxın təmas yoxdursa, maskadan istifadə etməmək də olar. Ancaq qapalı şəraitdə hər kəs mütləq maskadan istifadə etsin, hər kəs məsafə saxlasın və şəxsi gigiye­naya fikir versin”.

Qeyd etməliyik ki, görülən hərtərəfli tədbirlərə baxmayaraq, sosial şəbəkələrdə koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dezinformasiyalar, həqiqəti əks etdirməyən xəbərlər paylaşılır, ixti­saslı həkimlərin az olması, çağırış­lara təcili yardımların gec gəlməsi və ya heç gəlməməsi müzakirə olunur. Qeyd etməliyik ki, yalnız Azərbaycan deyil, dünyanın heç bir ölkəsi pandemiya yayılan vaxt bu bəlaya hazır deyildi. Amma Azərbaycan dövləti qısa zamanda bütün səhiyyə sistemini koronavirus­la mübarizəyə istiqamətləndirməyi bacardı. Bu məqsədlə, koronaviru­sa yoluxmuş xəstələrin müalicəsi üçün xəstəxanalar ayrıldı, yeni tibb müəssisələri istifadəyə verildi, modul tipli xəstəxanalar açıldı, onların bütün texniki ləvazimat, avadanlıq, dərman preparatları ilə təminatı həyata ke­çirildi, müasir laboratoriyalar alındı, qoruyucu vasitələrin istehsalı təşkil edildi. Daha dəqiq ifadə etsək, “Yeni” klinika, 20-dən çox xəstəxana, üstəlik 5 modul tipli xəstəxana kompleksləri koronaviruslu xəstələrin istifadəsinə verildi. Lakin hər bir ölkənin səhiyyə sistemi müəyyən potensiala malik­dir. Koronavirusa mövcud yoluxma dinamikası xəstəxanaların dolmasına, yerlərin çatışmamasına səbəb oldu. Pandemiyanın pik nöqtəsi zamanı İtaliya, İspaniya, Fransa kimi səhiyyə sistemləri nümunə kimi təqdim olu­nan ölkələrdə, hətta, ağır vəziyyətdə olan insanlar təcili tibbi yardım ala bilmirdilər, xəstəxanalarda yer ça­tışmadığına görə evdə qalır, müalicə almaq imkanından məhrum olurdu­lar. Ölkəmizdə isə təcili yardımların çağırışlara gec gəlməsinin ən mühüm səsbəbi çağırışların say çoxluğudur. Hər xəstəyə baxış üçün müəyyən zamana ehtiyac olduğundan, təbii ki, növbəti çağırışlara gec getmək halları mümkündür. Bunu müzakirə etmək, xidmətdə çalışanların gərgin əməyini heçə endirmək düzgün deyil.

Xəstəxanalarda müalicənin pis aparılması ilə bağlı da dezinfor­masiyalar yayılır. Nəzərə alınma­lıdır ki, bütün ölkələrin səhiyyəsi pandemiyanın pik nöqtəsi və ya yoluxma hallarının kəskin artdığı dövrdə yüksək səviyyəli xidmət təşkil etməkdə çətinlik çəkir. Çünki istənilən ölkədə ixtisaslı kadrların çatışmazlığı var. Tibbin müxtəlif sahələri var və təbii ki, bütün həkimlər ftizatr, pulmonoloq, infek­sionist, virusoloq deyil. Buna görə də TƏBİB-in çağırışı ilə poliklini­kalardan və digər xəstəxanalardan mütəxəssislərə köməyə gələnlər oldu. Etiraf etməliyik ki, bu həkimlər aylarla xəstəxanalardan çıxmırlar, ailələrinin üzünü görmürlər, öz həyatlarını riskə ataraq gecə-gündüz xəstəliklə mübarizə aparırlar. Məhz onların fədakarlığının nəticəsidir ki, bu gün minlərlə insan müalicə olunaraq sağalıblar, dəhşətli bəladan qurtulub öz ailələrinə qovuşublar. Bəzi xəstələrin subyektiv səbəblərdən gözlədikləri xidməti ala bilməməsinə dair faktlar ola bilər. Lakin belə hal­ları ümumiləşdirmək və bütün tibbi xidmətə şamil etmək əsassız və haq­sızlıqdır. Əgər xəstələrə münasibət, müalicə yaxşı deyilsə, onda operativ qərargahın 30 iyun tarixinə verdiyi məlumata uyğun olaraq, indiyədək 9715 xəstənin sağalıb evə yola salın­ması kimin hesabına olub? – Əlbəttə ki, fədakar həkimlərimizin. Bəs, hazırda aktiv 7596 xəstənin müalicəsi ilə kim məşğul olur? –Məhz adları hallandırılan həkimlər. Bu qədər haqsızlıq olmaz! Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasının həkimi Məlahət Hümmət qızı ATU-nun Tədris Cərrahiyə Klinikasında 3 ay xəstələrə xidmət göstərib. De­yir ki, “biz onlara ana-bacı qayğısı göstərərək, gecə-gündüz qulluq etmiş, bütün ehtiyaclarını yoluna qoymuşuq. Temperaturu, təzyiqı aşağı salmayın­ca çarpayılarından bir addım aralan­mamışıq. Hər sağalan xəstə ilə ürək dolu sevinmişik”.

Təəssüf ki, vətəndaşlarımızın səhlənkarlığı, qaydalara əməl etməməsi ucbatından yoluxmaların sayı azalmır. Buna görə də, yoluxma hallarında müşahidə olunan yüksək intensivliyə uyğun yeni protokol tətbiq edilib. Mövcud vəziyyətdə ancaq ağır halda olan şəxslər xəstəxanalara yerləşdirilir. Asimp­tomatik, yüngül və orta səviyyədə olan xəstələr isə həkim nəzarəti altında evdə müalicə almalıdır­lar. Bu yanaşma ağır vəziyyətdə olan xəstələrə keyfiyyətli xidmət göstərmək, onların həyatını xilas etmək imkanlarını artırır. Dün­ya ölkələrinin tam əksəriyyətində asimptomatik xəstələrin ev şəraitində müalicəsi təcrübəsi tətbiq olunub. Ev karantini şəraitində olan asompto­matik xəstələrə kənar mühitlə təmas qadağan olunur. Onlara müalicə təyin edilir, müalicənin aparılmasıəna nəzarət rayon poliklinikalarının həkimləri tərəfindən həyata keçirilir. Xəstənin vəziyyəti diqqətdə saxla­nılır, testlər götürülür. Hər bir şəxs ailəsi, yaxınları, ətrafı və ümumilikdə, cəmiyyət qarşısında məsuliyyət daşıyır. Koronavirusa yoluxaraq ev karantini şəraitində müalicəsi məqsədəuyğun hesab edilmiş şəxslər mövcud qaydaları və tələbləri pozaraq digər şəxslərin həyatını təhlükəyə atmalarının məsuliyyətini dərk etməlidirlər. Digər tərəfdən, hazırkı SMS icazə rejimində analiz nəticələri pozitiv çıxmış şəxslərə bu və ya digər səbəbdən yaşadıqları ünvanı tərk etməyə icazə verilmir. Onların karan­tin rejiminə riayət edib-etməməsinə sahə həkimləri tərəfindən nəzarət olunur.

Son günlər apteklərdə dərman tapılmaması ilə bağlı da iradlar artıb. Qeyd edək ki, ölkəmizdə koronavi­rus infeksiyasına yoluxmuş bütün şəxslərin müalicəsi dövlətin hesabına həyata keçirilir. Bunun üçün kifayət qədər dərman ehtiyatı var. Bununla yanaşı, bəzi hallarda vətəndaşlar müstəqil şəkildə, ayrı-ayrı tanış tibb işçilərinin tövsiyyələri əsasında müalicə olunmağa üstünlük verirlər ki, bunun da hansı ağır fəsadlara yol aça biləcəyi barədə dəfələrə TƏBİB tərəfindən xəbərdarlıq olunub. Bəzi şəxslərin apteklərdən külli miqdarda vəsait sərf edərək çoxlu sayda dərman preparatları alıb yığması halları da müşahidə olunur. İnsanlar var ki, Arbidol, Erqofe­ron, Paskorbin kimi dərmanları çox sayda alaraq evə ehtiyat yığıblar. Deyən gərək, belə ehtiyatlısansa, elə özünü qoru, virusa yaxalanma, dərmana da ehtiyacın qalmasın. Xatırladaq ki, Türkiyədə pandemi­ya başlayandan sonra vətəndaşların kütləvi şəkildə Hydroxychloroquine tərkibli preparatların alması halı müşahidə olundu. Buna görə də bütün əczaxanalardan həmin preparat geri alındı və mərkəzləşdirilmiş qaydada virusa yoluxmuş xəstələrə verilməyə başlandı. Vətəndaşlar bilməlidirlər ki, koronavirus xəstələrinin müalicəsi müvafiq protokola əsasən, xəstənin xüsusiyyətləri, yanaşı xəstəliyinin olub-olmaması, immun sisteminin vəziyyəti, hazırkı durumu nəzərə alınmaqla ixtisaslı həkimlər tərəfindən fərdi qaydada təyin olunur. Mövcud tələblərin nəzərə alınmaması hər bir fərd üçün ciddi fəsadlara səbəb ola bilər.

Xəstələnməmək, bu problemləri yaşamamaq üçün operativ qərargahın qoyduğu qaydalara və tələblərə əməl edək ki, nə təcili yardım problemimiz olsun, nə də həkim, dərman barədə düşünək. Hər kəs başa düşməlidir ki, qoruyucu vasitələr, ara məsafəni sax­lamaq öncə özünü virusdan qoruyur, sonra digərlərini. Cənab Prezidentin bölgələrə səfərə gedəndə maskadan istifadə etməsi hər kəsə nümunə olmalı, hamı bu qoruyucu vasitədən istifadə etməlidir. Çünki virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Artıq koronavirusun mövcud olub-olmaması müzakirə mövzusu deyil, çünki hər birimizin qohumları, yaxınları, qonşuları arasın­da yoluxma halları kifayət qədərdir. Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qayda­lara əməl etməyi təmin edə bilsək, tələblərə riayət etməyənləri qınasaq, onlara qorunmağın vacibliyini anlada bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq, biz də normal yaşayışımı­za davam edəcəyik.

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

4 2020 01:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə