Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin beynəlxalq nüfuzu sürətlə artır

Bəşəriyyəti çətin vəziyyətə salan koro­navirus pandemiyası mövcud geosiyasi sahədə də ciddi dəyişikliklərə səbəb olur. Üçüncü minilliyin başlamasından cəmi 20 il keçməsinə baxmayaraq, artıq əksər beyin mərkəzləri və analitiklər yenicə formalaşmağa başlayan geosiyasi konfiqurasiyanın konturlarının tamamilə yeni istiqamətdə dəyişəcəyini proq­nozlaşdırırlar.

Pandemiya insanlar üçün ciddi sağlamlıq problemləri yaratmaqla bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlo­bal sosial-iqtisadi və huma­nitar təhlükələr də yaradıb. COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakter daşı­yan tədbirlər əvəzinə, qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Təəssüf ki, indiyədək beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurası, eləcə də, dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə, geosiyasi rəqabətə və özünütəcridə kökləniblər.

Pandemiyanın dünyada tüğyan etdiyi bir zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş As­sambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası­nın keçirilməsi təşəbbüsünü irəli sürməsi və bu ideyanın dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi ölkəmizə, onun liderinə beynəlxalq miqyasda olan ehtiramın göstəricisidir. Prezident İlham Əliyevin qlo­bal əməkdaşlığa verdiyi töhfə onun beynəlxalq aləmdəki nüfuzunu, dünya dövlətləri tərəfindən qiymətləndirilməsini bir daha sübut edir. Baş­qa sözlə desək, dünyanın 130-dan çox dövlətinin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi dövlətimizin beynəlxalq aləmdə böyük diplomatik uğurudur.

Qeyd etmək lazımdır ki, BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. İndiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud say­da keçirilib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiya­sının keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciətindən sonra BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq, bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib.

Qaydalara əsasən, BMT-yə üzv 97 ölkə təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Artıq rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə baş katibin ofisini məlumatlandırıb.

Həmişəki kimi, bu humanist təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Azərbaycanın artan nüfuzu, dünya miqyasında sözü­nün eşidilməsi Ermənistanı narahat etdiyindən bütün dünya COVID-19-a qar­şı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğu­ladığı halda, Ermənistan bu təşəbbüsə qarşı çıxış etməklə özünün iç üzünü bir daha ortaya qoydu. Bütün dünya bir daha Ermənistanın əsl irti­caçı mahiyyətinin şahidi oldu. İşğalçı Paşinyan hökuməti diplomatik səbatsızlığını bir daha sübut etdi.

Ermənistanın əksinə olaraq, ölkəmiz koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan çox ölkəyə yardım göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi. Bütün bunlar isə xeyirin şər üzərindəki qələbəsinin daha bir göstəricisidir.

Mayis ƏLİYEV,
“Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri, professor

4 2020 01:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə