Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli maraqları rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biridir

Prezident İlham Əliyevin bu günlərdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması ilə bağlı qəzetimizə açıqlama verən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin depu­tatı Hikmət Babaoğlu dedi:

– Möhtərəm dövlət başçı­sının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalaması Azərbaycan jurnalistikası­na yüksək dövlət qayğısının növbəti bariz nümunəsidir. Bu, həm də milli jurnalistikamızın inkişafına ümummilli lider Heydər Əliyevin göstərmiş olduğu diqqət və himayədarlıq ənənəsinin ölkəmizdə uğurla davam etdirilməsinin daha bir göstəricisidir. Azərbaycan demokratik mətbuatının müasir inkişafını şərtləndirən əsas amil, şübhəsiz, bu sahəyə güclü dövlət diqqəti və qayğısının mövcud olmasıdır.

Çağdaş dünyada media institutunun önəmli çağırışlara və qlobal trendlərə, ən əsası, milli maraqlara uyğun fəaliyyət göstərməsi strateji əhəmiyyət daşıyır. Bu baxımdan söz, fikir və özünüifadə azadlıq­larının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər amillər milli mətbuatımızın inkişafını şərtləndirən fun­damental təminat kimi dəyərləndirilməlidir.

Demokratik inkişaf siyasətinin çox mühüm tərkib hissəsi kimi, digər ictimai insti­tutlarla yanaşı, medianın inkişafı da Azərbaycan dövlətinin diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl olaraq islahat xarak­terli səmərəli tədbirlər həyata keçirilir. Ölkəmizdə KİV-in inkişafı üçün müvafiq qanun və qərarların qəbul olunması, strate­ji xarakterli addımların atılması bu sahədə hüquqi əsasları daha da gücləndirib, media təsisatının funksionallığının artmasına səbəb olub. “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” və digər qa­nunlarla ölkədə media qurumla­rının qanunlara müvafiq surətdə sərbəst şəkildə yaradılması və fəaliyyəti təsbit edilib.

Baş redaktor daha sonra bildirdi:

– Milli mətbuatımızın qarşıdakı yubileyinin dövlət səviyyəsində qeyd edilməsini təmin edən Prezident sərəncamında ölkəmizdə dövlət müstəqilliyi dövründə media quruculuğu sahəsində əldə olunmuş köklü nailiyyətlərin önəmi və jurnalistlərin qarşısın­da duran başlıca hədəflər də yer almışdır: “Ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Bununla belə, kütləvi informa­siya vasitələri də ölkəmizdə həyata keçirilən köklü isla­hatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyala­rının sürətlə inkişaf etdiyi ha­zırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uy­ğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir”.

Doğrudan da, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu strateji kursun qanunauyğun nəticəsi olaraq ölkəmizin iqtisadi potensialı və maliyyə imkan­ları artdıqca mətbuatın maddi problemlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Bütün bu addımlar Azərbaycan mətbuatının inkişafına mühüm töhfələr verib. Ümumiyyətlə, 145 illik bir müddətdə Azərbaycan mətbuatı zəngin, şərəfli və mürəkkəb yol keçib. Bu gün isə dövlət başçısının müvafiq göstərişləri əsasında mühüm ictimai institut olan medianın inkişafı, xüsusilə də çap mətbuatının öz fəaliyyətini müasir reallıqlar və çağırış­lara uyğunlaşdıraraq davam etdirməsi istiqamətində çox əhəmiyyətli addımlar atılır və real nəticələr əldə olunur.

Sonda Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinin dostu, hamisi və qayğıkeşi olduğunu vurğula­yan Hikmət Babaoğlu bir daha qeyd etdi ki, ölkə rəhbəri son 17 ildə KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çoxsaylı qərarlar qəbul edib, müvafiq fərman və sərəncamlar imzalayıb, medianın inkişa­fına xidmət edən əhəmiyyətli tədbirlər həyata keçirib. Dövlət başçısının milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamı bu reallığın növbəti əyani ifadəsidir.

Hazırladı: Tahir AYDINOĞLU, “Xalq qəzeti”

4 2020 01:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə