Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili turizmi inkişaf etdirmək dövrün tələbidir

Bu sözləri bizimlə söhbətində “Qlobus” tu­rizm şirkətinin prezidenti Eldəniz Səfərov dedi. Bildirdi ki, COVID-19 virusu dünya həyatını, iqtisadiyyatını böyük bir təhdid altında saxla­yır. Təbii ki, bunun turizm iqtisadiyyatına da mənfi təsirləri xüsusilə çoxdur. Belə demək mümkündürsə, pandemiya turizm sahəsini sıfır vəziyyətinə gətirib çıxarıb.

E.Səfərov dedi: “Proqnozlar onu göstərir ki, cari ilin sonuna qədər dünyada turizm sahəsində 100 milyondan artıq iş yerinin itirilməsinə səbəb olacaq. Ümumdünya Turizm Təşkilatının hesablamalarında göstərilib ki, bu rəqəmin 60 faizini də həmin sahədə fəaliyyət göstərən 25 yaşına qədər gənclər təşkil edəcək. Turizm iqti­sadiyyatının itkisi isə təqribən 2 trilyon dolların üzərindədir. Bu da milyonlarla müəssisənin yoxa çıxmasına gətirib çıxaracaq. Bunlar danıl­maz faktlardır və ümid yalnız postpandemiya dövründə daha çevik mexanizmlər tapılmasına qalır”.

Sonra həmsöhbətim Prezident İlham Əliyevin Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə keçirdiyi videokonfransda turiz­min son dövrlərdə üzləşdiyi problemlərlə bağlı fikirlərinə diqqət yönəltdi. Dedi ki, bu, olduqca əhəmiyyətli bir görüş idi. Azərbaycan Prezidenti onu vurğuladı ki, pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən, Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük”. Doğrudan da, Prezidentimiz xalqımızın sağlamlığı üçün hər cür riskə gedir.

Dövlət başçısı ÜTT baş katibinə bildirdi ki, pandemiya zəiflədikcə, o cümlədən, sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq.

Cənab Prezident onu da bildirdi ki, pande­miya dövründə biz daxili turizmə böyük diqqət yetiririk. Daxili turizm xarici turizmi tam əvəz etməsə də, hər halda, bizim turizm infrastruktu­runu ayaqda saxlamağa, o cümlədən, regionlarda bu sahədə, boşluğu müəyyən dərəcədə doldura bilər. Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədiklərini nəzərə alaraq, əlbəttə, daxili turizm sənayesini dəstəkləyən amil də ola bilər. Pandemiya sovuşandan dərhal sonra biz, əlbəttə, öz addımlarımızı çox dəqiq planlaşdırmalıyıq.

E.Səfərov bu günlər daxili turizmin inkişafı üçün Azərbaycanda hər cür şərait olduğunu bil­dirdi. Dedi ki, biz də Azərbaycanın digər turizm şirkətləri kimi, bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Cənab Prezidentin turizm şırkətlərinə göstərdiyi maddi və mənəvi dəstək bu vəziyyətdən çıxacağımıza yardımçı olacağına əminəm.

Son olaraq həmsöhbətim onu da dedi ki, ÜTT baş katibinin Azərbaycan Prezidentinə müraciətlə dediyi “Sizin iştirakınız və fəallığınız bizim özümüzü daha inamlı hiss etməyimiz üçün hamı­mıza çox kömək edəcək və edir. Sizin dəstəyiniz Azərbaycandakı və bütün turizm sektorundakı yerli sahibkarlara böyük təkan, böyük dəstək ola­caq”. Bu sözlər Azərbaycana və onun Prezidenti İlham Əliyevə olan böyük etimadın nəticəsidir.

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

4 2020 01:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə