Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan niyə cənnətə yox, xarabalığa çevrildi?

Mikael Minasyanı Ermənistanda kifayət qədər tanıyırlar. O, xeyli müddət bu ölkənin Vatikandakı səfiri olub. Ermənistanın, necə deyərlər, içinə-çölünə lazımınca bələddir, uydurma tarix üstündə qurulmuş keçmişini də, bugünkü bərbad durumunu da yaxşı bilir. Ölkəsində 30 ildən artıq müddətdə millətçilik və işğalçılıq kimi antibəşəri xəttin dövlət siyasəti səviyyəsində gerçəkləşdirilməsinin gətirib çıxardığı fəlakətli böhranı yaxşı görüb-duyduğundan bu yaxınlarda göz yaşı axıdaraq yazıb: “Ermənistan xarabalığa çevrilir...”

Bu sözlər “timsah göz yaşı”nı xatırlatsa da, həqiqətdir, doğru, real qiymətdir. Bunu erməni deputatı Ge­vorq Papoyanın və digər siyasətçilərin ölkələrindəki vəziyyət barədə son aylardakı etirafları da təsdiqləyir. Bu yerdə yada salmaq lazım gəlir ki, ötən əsrin 80-ci illərindən başlayararaq ermənilərin irili-xırdalı “başbilən”ləri açıq-gizli iddia edirdilər ki, guya, bolşeviklərin Azərbaycanın ortasında – tarixi Qarabağ bölgəsini əsassız əlaraq iki yerə bölüb, onun dağlıq hissəsində yaratdıqları “DQMV” adlandırılan etnik erməni muxtariyyətinin ərazisi Azərbaycandan alınıb Ermənistana birləşdirilsə, həmin vilayət də, Ermənistanın özü də cənnətə çevrilər. İndi isə həmin uzaqgörənlər acı-acı boyunlarına alırlar: “Ermənistan xara­balığa çevrilir...”

Niyə belədir?.. Sovet zamanında kommunistlərin Qafqazdakı tarixi Azərbaycan torpaqlarının cənub-qərb bölgələrində erməni dövləti yaratmaq siyasəti nəticəsində respublikamızda iki muxtar qurum əmələ gəlmişdi: Dağlıq Qarabağ Muxtar Vilayəti və Naxçıvan MSSR. Obrazlı desək, bu qurumlar Azərbaycan SSR-in muxtar ovladlarına çevrilmişdi. Biri muxtar vilayət, digəri muxtar respublika olduğundan onların konstitusiya əsasları ilə siyasi-hüquqi imtiyazları bir-birindən müəyyən qədər fərqlənirdi, ikincinin qanuni hüququ, haqqı daha üstün idi. Buna baxma­yaraq, paytaxt Bakıdan hər iki diyara eyni bərabərdə qayğı, diqqət və doğma münasibət vardı.

Bu eyniliyi 1983-cü ildə “Kom­munist” qəzetində dərc olunmuş “Tuğun əks-sədası” adlı bir yazımda da ermənilərin diqqətinə xüsusi çatdırmış­dım. Bundan əvvəl isə Naxçvan diyarı­nın Qıvraq adlanan strateji əhəmiyyətli kəndində də olmuşdum. Odur ki, DQMV-də Tuğ və Naxçıvan Respubli­kasında Qıvraq kəndlərinin sosial-iqti­sadi vəziyyətlərini müqayisə etmişdim. Bu yaşayış yerlərini ona görə müqayisə obyekti seçmişdim ki, onların biri vilayətin, digəri muxtar respublikanın inzibati mərkəzindən müvafiq qaydada xeyli kənarda yerləşmişdi. Əhaliləri isə təqribən bərabər idi.

Tuğda sosial, məişət, səhiyyə, təhsil naminə kifayət qədər xidmət sahələri, obyektləri var idi. Sadalayıram: sovxoz direktorluğunun, yerli sovet­liyin inzibati binaları, xəstəxana, kişi və qadın bərbərxanaları, mədəniyyət evi, ATS, iaşə-məişət xidmətləri, uşaq bağçası, orta məktəb, mağazalar, yerli sənaye kombinatı adlanan müəssisə və s. Yollar asfatlanmışdı, buradan Bakıya, Xankəndinə, Hadruta və qonşu Füzuliyə gündə bir neçə dəfə avtobus marşrutu işləyirdi.

Bəs Qıvraqda nələr var idi? Burda­kıları da sadalayım: kolxoz idarəsinin binası, dövlət və kolxoz kitabxanaları, xəstəxana, çayxana-yeməkxana, ma­ğaza, rabitə obyekti... Klub, hamam binalarının tikintisi isə neçə illər idi ki, başa çatdırılmırdı... Bir də kənd ərazisindəki ən böyük dövlət quru­mu: SSRİ Nüdafiə Nazirliyinin hərbi hissəsi. Neçə onillər idi ki, İranla sərhəddə “kəndi qoruyurdu”. İmkanı geniş olsa da, onun kəndin abadlığına, mülki infrastruktura heç bir faydası dəymirdi. Asfaltsız-çınqılsız küçələr qışda zığ, yayda toz-torpaq olurdu. Tuğ kəndində bu gün həyat tərzi necədir, bilmirəm. Qıvraq isə bu gün ötən illərdəki kənd deyil, şəhərtipli yaşayış məskənidir–abad, yaraşıq­lı, səliqəli. Bir-birindən gözəl, hər cür infrastrukturlu binaları ilə abad, yaraşıqlı bir yaşayış məntəqəsidir Qıvraq! Kəngərli rayonunun inzibati mərkəzidir!

Belə nisbi müqayisə şərti də olsa xeyli rəmzi məna daşıyır. Amma həqiqətdir ki, o vaxtkı DQMV-də əhali nəinki Naxçıvan Muxtar Respubli­kasının, elə Azərbaycan SSR-in bir çox digər regionunun camaatından da rahat, firavan şəraitdə ömür sürürdü. Di gəl ki, belə dinclik, beynəlmiləl həyat “daşnak xislətli”lərin könlünü açmır, düşmənə çevrilmiş bu xalqı razı sal­mırdı. İllərlə gizli-aşkar hazırlıq görüb, məqam gözləyənlər. Başda bədniyyət, daşnakqanlı Z.Balayan, ondan geri qal­mayan, öz xalqına guya ”xoş gün ağla­yan”, bədxah düşüncəli A.Aqanbekyan xüsusi canfəşanlıqla leqal meydana atıldılar. Bu “əqidədaşlara” hay verib bağıran şovinistlərin, qarafikirli dəstənin niyyəti DQMV-ni Azərbaycan SSR-dən ayrılıb, Ermənistan SSR-ə birləşdirmək ideyası idı. “Miatsum” deyib yorulmadan bağırır, bəyan edirdilər ki, belə olsa vilayətin iqti­sadiyyatı inkişaf etdirilər, əhalisinin həyat şəraiti yaxşılaşar, Ermənistan da çiçəklənər.

Bədxah “erməni arzusu” çiçəkləndimi? Niyə Ermənistan deyilən diyar bugünkü müflis, çarəsiz , bədbin duruma mübtəladır? Gərək indi Ermənistanın sərvəti başdan aşaydi, ölkə “cənnət” olaydı. Axı, haqsız sepa­ratizm tələbinin ardınca qanlı müharibə tüğyan edən zaman millətçi ermənilər amansız qırğınlar törədərək dinc, aborigen azərbaycanlıların ev-eşiyini, imarətlərini, varidatını, təsərrüfatını, çox sayda zavod-fabriki, şəhər-kəndi talan eləmiş, həddindən artıq əmlak yağmalamışdılar. Üstəlik, Spitak zəlzələsi zamanı Ermənistana, etnik münaqişəyə yuvarlanan Dağlıq Qara­bağa xarici dövlətlər, imkanlı dairələr, davakar erməni mərkəzləri külli miqdarda maddi və maliyyə yardımları göndərmişdi. SSRİ rəhbərliyi isə rəsmi İrəvana, bu ölkənin daxili büdcəsindən daha artıq əlavə vəsait ayırmışdı...

Lakin illər ötsə də zəlzələnin nəticələri hələ də aradan qaldırıl­mayıb. Ona görə ki, əyri, haram, nakəsliklə toplanmış ölçüyəgəlməz miqdarda pullar xalqın nəfinə deyil, Ermənistanı fəlakətə sürükləyən dədnam, məsuliyyətsiz siyasətçiləırin mənafeyinə, lüzumsuz hərbi xərclərə sərf edilib. Azərbaycana qarşı namərd vuruşa yönəldilib.

İndi dilə gətirməmək mümkün deyil ki, ermənilər həmin müftə pullar hesabına ərazilərimizə od yağdıranda, harınlıq edəndə Azərbaycan Respubli­kasının xəzinəsi boş idi. Rəsmi Moskva isə respublikamıza maddi-mənəvi yar­dım əvəzinə, dözümlü olmağı məsləhət görürdü. O zaman yüz minlərlə soy­daşımız zillətdə idi, didərgin, qaçqın, köçkün ömrü yaşayırdı.

O illərin heç vədə yadımdan çıxmayacaq acı lövhələrindən birini xatırladım: Biləsuvardan İmişli­nin Bəhramtəpə qəsəbəsinə uzanan magistral avtomobil yolunun ətəyi ilə qış otlaqlarında sıralanmış cır-cındır çadırlarda məskunlaşmağa məhkum qaçqın-köçkün soydaşlarımıza Yapo­niyadan göndərilmiş humanitar yardım bölüşdürülürdü. Həmin mənzərə, ətrafdakı dözülməz həyat hər bir seyr­çinin ürəyini ağrıdırdı. Yaponiyadan təşrif gətirənlərsə Xirosima, Naqasaki faciələrini bir daha yada salırdı. Düşün­düm: namərd ermənilər də qeyri-bəşəri qəddarlıqları ilə elə doğma yurdumuza ABŞ-ın Yaponiyaya atdığı atom bom­bası kimi viranedici zərbə vurublar. İnsan tələfatı, mənəvi-fiziki əzablar, talanlar ölçüyəgəlməzdi...

Bütün bunlara baxmayaraq, ümum­milli lider Heydər Əliyevin müdrik, uzaqgörən rəhbərlik zəkası, ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin mahir təşkilatçılıq bacarığı, müdrik, yorulmaz fəaliyyəti sayəsində Azərbaycan güc topladı. Viran olun­muş, talan edilmiş, söndürülmüş ocaq yenidən alovlandırıldı. Ölkə inkişaf, tərəqqi relsinə düşə bildi.

Son günlərdə işğalçı Ermənistanda baş verən prosesləri diqqətlə izləyirik. Çünki bu ölkədə baş verən bütün ictimai-siyasi proseslər bu və ya digər şəkildə Qarabağ problemi ilə kəsişir. Hazırda Ermənistanı bürümüş pande­miya, iqtisadi böhran və siyasi qarşı­durmalar ən yüksək həddə çatıb. Bütün bunlar bir daha göstərir ki, işğalçı ölkəni növbəti hakimiyyət dəyişikliyi dalğası titrədir.

Baş nazir Nikol Paşinyan isə öz hakimiyyətinin ömrünü uzatmaq və onu devirmək istəyən siyasi gücləri neytrallaşdırmaq üçün bütün vasitələrə əl atır, var gücü ilə mübarizə aparır. Ancaq onun opponentləri artıq sıx birləşməkdədirlər. Hazırki Ermənistan iqtidarına müxalif mövqedə dayanan qüvvələrin, az qala hamısı, Paşin­yana qarşıdır. Rusiyameylli erməni müxalifəti sabiq prezident Robert Köçəryanın həbsdən buraxılmasından sonra daha da fəallaşıblar.

“Çiçəklənən Ermənistan” par­lament fraksiyasının rəhbəri Armen Abovyanın növbədənkənar seçkilərin keçirilməsini tələb etməsi də bir daha onu göstərir ki, bu qüvvələrin geri çəkilmək niyyəti yoxdur.

Üç onillik əvvəl cənnətə çevrilmək ideyası ilə qonşu Azərbaycana təcavüz edən, bu müddətdə xarabazara dönən Ermənistanda bu günlərdə korafəhm bir ölüm-dirim savaşı gedir. Qərb və Kreml də İrəvanda baş verən siyasi qarşıdurmaları diqqətlə izləməkdədir. Çünki hər iki tərəfin Ermənistanın siyasi perspektivləri ilə bağlı açıq-gizli planları var.

Belə bir durumda Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Ermənistanı fəlakətə salmış işğalçılıq siyasətinin başında dayananaları, xüsusən indiki N. Paşinyan hakimiyyətini sərt tənqid etməsi Ermənistanın bədnam siyasətçiləri ilə yanaşı, Azərbaycanda özünü Milli Şura elan edən antimilli qurumun rəhbərlərini və onların xaricdə himayə tapmış bəzi fəallarını eyni dərəcədə məyus etmişdir. Onlar bildirirlər ki, Ermənistan hakimiyyəti haqqında Prezident İlham Əliyevin irəli sürdüyü fikirlər, guya, Azərbaycan hakimiyyətinin özünə aiddir.

Bu yerdə, ilk növbədə, onlara Azərbaycanın və Ermənistanın sosial-iqtisadi inkişafında, regional və dünya siyasətində rolu və yeri arasında bu gün daha aydın görünən kəskin fərqləri xatırlatmaq istərdik. İkincisi, dünya üçün bəlaya çevrilmiş pandemiya dövründə Azərbaycanda əhalinin sosial durumunun yaxşılaşdırılması üçün atılan addımları, iqtisadiyyatın, biznesin dayanıqlığının təmin edilməsi üçün atılan addımları, bu sahədə Ermənistanda olduqca acınacaqlı durumun hökm sürməsini yada salmaq lazım gəlir. Ermənistanda pandemi­yanın nəzarətdən çıxması, baş nazirin yoluxma sayına görə Ermənistanın dünyada lider olması barədə etirafını yada salmaq kifayətdir.

Ermənistanın müstəqil siyasət həyata keçirə bilməməsi və digər ölkələrdən asılılığı, bu ölkədə siyasi opponentlərə, müstəqil media, vətəndaş cəmiyyəti institutları və fəallarına qarşı ciddi təzyiqləri, Ermənistanda hakim ailəyə qarşı irəli sürülən korrupsiya və digər qanun pozuntuları ilə bağlı ittihamları təkcə biz yox, bütün dünya görür və etiraf edir.

Azərbaycanla bağlı dünyanın görüb, anlayıb etiraf və təsdiq etdiyi gerçəklik budur ki, indi yenilməz güc-qüvvəsi ilə ölkəmiz regionun lider dövlətidir. Bu səbəbdəndir ki, 1990-cı illərin ilk dövrlərində səsimizi eşitmək istəməyənlər, dünya informa­siya məkanını üzümüzə qapayanlar, bu gün söylədiklərimizə tərəfdar çıxır, təsdiqləyirlər. Haqq sözümüzü bizimlə bərabər söyləyirlər, fikir və mühakimələrimizi tirajlayırlar!

Xalqımız möhkəm inanır ki, bu siyasi-idarəedici xətt Dağlıq Qarabağ münaqişəsini də belə əminliklə həll edəcək. Dağlıq Qarabağ da, ətrafındakı düşmən tapdağında inildəyən topraqlarımız da tezliklə doğma Azərbaycanımıza qaytarılacaq!

Qoy aqanbekyanlar, balayanlar və belələrinə züy tutan digər şovinist xislətlilər, bizdə isə özgələrin əlində alətə çevrilən xain siyasətbazlar yeni yalanlar deməkdə, əsl həqiqətləri gizlətməkdə eyni mövqedən çıxış etsinlər. Əsl həqiqət isə budur ki, yalan vədlər illər boyu Ermənistanı “xəyali cənnət”dən cağdaş xaraba­lıqlara sürüklədi. Azərbaycan isə çox keçmədi ki, indiki iqtidarın timsa­lında öz həqiqətini tapdı, ona sadiq qaldı, çiçəklənən, qüdtətli bir dövlətə çevrildı.

Rafiq HƏSƏNOV, “Xalq qəzeti”nin keçmiş əməkdaşı, veteran jurnalist

4 2020 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
13 Avqust 2020 | 03:39
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə