Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı və ətraf ərazilərdə 39 COVID məntəqəsi fəaliyyət göstərir

Ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri nə qədər hərtərəfli aparılsa da, bəzi vətəndaşlar özündə virus olduğunu  düşünərək xəstəxana, poliklinika və digər tibb müəssisələrinə müraciət edir, bəziləri isə, ümumiyyətlə, bu simptomla­rı hiss etsə də, gizlədir, tibb müəssisəsinə məlumat vermir. Nəticədə, ölkədə virusa yoluxma halları artmaqda davam edir. İyun ayının 24-də 590 yoluxma qeydə alınmışdı və bu günə qədər bu rəqəm 600 ətrafında dövr edir, azalmaq bilmir. Evdə və ya iş yerində özündə virus simptomları aşkar edən şəxs bu vaxta qədər təcili tibbi yardım briqadasına müraciət edirdisə, hazırda bu qaydalar dəyişilib.

Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov məsələ ilə bağlı bildirib ki, artıq özündə COVID-19 xəstəliyinin əlamətlərini görən insanların poliklinikaya gəlməsinə ehtiyac yoxdur. Çünki bu zaman onlar digər şəxsləri də yoluxdura bilərlər. Belə şəxslər poliklinika ilə əlaqə saxlayacaq, məlumat verəcəklər. Ondan sonra təcili yardım deyil, ilkin səhiyyə xidməti çərçivəsində briqada­lar həmin şəxsin evinə gələrək analizlər götürəcəklər. Testin nəticəsi çıxana qədər ona təlimat veriləcək. Testin nəticəsi müsbət çıxarsa, sahə həkiminin nəzarəti altında onun müalicəsi aparılacaq. Əgər vəziyyətdə dəyişiklik olacaqsa, bu barədə müvafiq qurumlara məlumat verildikdən sonra xəstə pan­demik xəstəxanaların birinə çatdırılacaq.

O, həmçinin qeyd edib ki,  Bakıda və ətraf ərazilərdəki poliklinikaların əsasında 39 COVID məntəqəsi yaradılıb. Özündə koronavirus əlamətlərini hiss edən şəxslər barədə məlumatlar bu məntəqələrə çatdırılacaq.

Belə məntəqələrdən biri də, Sabunçu rayonundakı  22 saylı şəhər poliklinikasının nəzdində yaradılıb. Poliklinikanın baş həkimi Aydın Əhmədov deyir ki, COVID məntəqəsinin əsas binadan bir qədər kənarda təşkil edilməsinin əsas səbəbi viruslu xəstələrin digər insanlarla təmasına imkan verməməkdir. Məntəqədə müraciət edənlərin müayinələri aparılacaq, vəziyyətinə uyğun olaraq test götürüləcək. Bu insanlar daha sonra xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaq.

Ev şəraitində müalicə olunan COVID-19 xəstələrinin nəzarətdə saxlanılması Nazirlər Kabinetinin 12 iyun tarixli qərarına edilən dəyişikliklə tənzimlənir. Bu xəstələrin evi tərk etməməsi məqsədilə akt imzalanır. Bu cür xəstələrin vəziyyətinə sahə həkimləri telefonla nəzarət edirlər. Ehtiyac olarsa, həkimlər evə gələrək xəstəyə baxış keçirəcək və vəziyyəti qiymətləndirəcəklər.

Baş həkim bildirdi ki, hər gün  Bakı Şəhər Baş Səhiyyə İdarəsi və İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə videogörüntülü əlaqə saxlanır, məlumatlar verilir. İdarənin rəisi Nelli Veysova görüyümüz işlərlə maraqlanır və diqqətdə saxlayır, tövsiyələrini verir. Səhiyyə Nazirliyi tərəfindən ehtiyac duyulan hər cür ləvazimatla təmin edilmişik. Onu da qeyd etməliyəm ki,  evdə müalicə olunan COVID-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur. Əgər şəxsin COVID -- 19-a yoluxma faktı təsdiqlənibsə və qeydiyyata alınıbsa, bu dərmanlar ona çatdırılacaq. Ev şəraitində müalicə edilənlər  COVID --19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir. Onlar immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən vitaminlərlə müalicə edilirlər.

Aydın Əhmədov sonda bildirdi ki, dövlət tərəfindən pandemiyaya qarşı aparılan mübarizədə hamı həmrəy olmalıdır. Özündə virus təsdiqlənən, evdə müalicə alanların evdən çıxmaları neçə nəfərin yoluxması deməkdir. Buna görə hər kəs özünü, bununla da cəmiyyəti qorumalıdır. Bizdə xarici ölkələrdən fərqli olaraq koronaviruslu xəstələrin istər xəstəxanada, istərsə də evdə müalicəsi dövlət hesabına aparılır. Bunu hər birimiz vətəndaş olaraq dəyərləndirməliyik.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

3 2020 14:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə