Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mətbuata dövlət qayğısı demokratik ənənələrə sadiqliyin növbəti nümunəsidir

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə əlaqədar imzaladığı sərəncam dövlət başçımızın  demokratik ənənələrə sadiqliyinin  növbəti nümunəsidir.  Milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi, kütləvi informasiya vasitələrinin  maddi- texniki bazasının gücləndirliməsi , jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət başçımızın qarşıya qoyduğu prioritet vəzifələrdəndir.  Hazırda bütün sahələri əhatə edən genişmiqyaslı islahatların həyata keçirilməsi, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi müstəqil mətbuata geniş meydan verilməsinə də  öz təsirini göstərir.

Dövlət başçısının imzaladığı sərəncəmda da qeyd edildiyi kimi, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan medianın inkişafı prioritet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır. Respublikamızda  milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə  kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq,  koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsinin təmin edilməsinin sərəncamda öz əksini tapması Prezident İlham Əliyevin müstəqil mətbuatın inkişafına verdiyi dəyərin bariz nümunəsidir.

Ümumiyyətlə, Azərbaycanda insanların öz fikirlərini sərbəst ifadə etmələri, həmçinin müstəqil mətbuatın inkifaşı 1993- cü ilin sonlarına təsadüf edir. Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyindən  sonra ölkədə demokratik prinsiplərin formalaşdırılması yolunda qətiyyətli addımlar atıldı. Heydər Əliyevin  hüquqi, demokratik, sivil  dövlət quruculuğunun nəticəsi kimi, Azərbaycanda mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdirilməsi, KİV-in maddi-texniki təchizatının yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər həyata keçirildi. Qısa müddər ərzində ölkəmiz insan hüquqları, söz və mətbuat azadlığının təmin olunması ilə bağlı bir sıra beynəlxalq konvensiya  və sazişlərə qoşuldu. Müstəqil kütləvi informasiya vasitələrinin təsis edilməsi və azad fəaliyyəti üçün zəruri qanunvericilik bazası yaradıldı.

Bu sırada  Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli  “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında “ fərmanı xüsusi  qeyd edilməlidir.  Bu fərmanla Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində Dövlət Sirlərinin Mühafizəsi Baş İdarəsi ləğv edildi, hərbi senzura yaradılması haqqında 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya yayımı üzərində nəzarət tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvədən düşmüş hesab edildi. Mətbuata dövlət nəzarəti olan senzuranın aradan qaldırılmasından sonra beynəlxalq standartlara cavab verən “Kütləvi informasiya vasitələri haqqında”, “Məlumat azadlığı haqqında” qanunlar qəbul edildi, KİV-in təsis edilməsi və fəaliyyəti üçün qanunvericiliyin təkmilləşdirilməsi, optimal hüquqi mühitin formalaşdırılması istiqamətində mühüm addımlar atıldı.

Ümumiyyətlə, Azərbaycanda söz, fikir və mətbuat azadlığının formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider, sözün həqiqi mənasında, azad, xalqa xidmət edən jurnalistikanın formalaşmasına böyük töhfələr vermiş, mətbuatın qaldırdığı problemlərə həssaslıqla yanaşmışdır.  Heydər Əliyev həm ölkə daxilində, həm də xaricə səfərləri zamanı onu müşaiyət edən mətbuat nümayəndələrinə xüsusi diqqət ayırmış, jurnalistlərin suallarını təmkinlə və səmimi şəkildə cavablandırmış, onların fəaliyyəti ilə yaxından maraqlanmışdır. Məhz bu xüsusiyyətlər dahi lideri ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirmişdir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərliyə başladığı vaxtdan insanların öz fikrini sərbəst ifadə etmələrini,  müstəqil mətbuata geniş meydan yaradılmasını, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsini,  jurnalistlərin həyat tərzinin  yaxşılaşdırılmasını, mənzil-məişət məsələlərinin həllini  daim diqqət mərkəzində saxlayıb. Dövlət başçısının sərəncamı  ilə qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının silinməsi, mətbuatın yaranmasının 130 illiyi ilə bağlı 140-dan artıq mətbuat nümayəndəsinin  fəxri adlar, oreden və medallarla,  Prezident təqaüdü  və digər mükafatlarla təltif olunması,  "Əməkdar jurnalist" adının bərpa edilməsi  mətbuata göstərilən diqqət və qayğının göstəricisi  idi.

Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” sərəncamı jurnalistlər tərəfindən böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu ildə Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması həm  mətbuat tariximizdə, həm də beynəlxalq aləmdə mühüm hadisə kimi dəyərləndirildi. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında jurnalistlər üçün iki yaşayış binası tikilib. 2013-cü və 2017-ci illərdə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Dövlət başçısı 2017-ci ildə mətbuat işçiləri üçün sayca üçüncü yaşayış binasının tikintisi ilə bağlı sərəncam imzalayıb. Artıq həmin bina da hazırdır və yaxın vaxtlarda jurnalistlərin ixtiyarına veriləcək.

Bütün bunlarla yanaşı, Prezident İlham Əlievin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması ilə əlaqədar imzaladığı sərəncamı bir daha təsdiqləyir ki, respublikamızda  kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlət  başçımızın diqqət mərkəzindədir.

Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

3 2020 14:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR
14 Avqust 2020 | 11:09
Nazir koronavirusa yoluxub

Köhnə versiyamızdan xəbərləri izlə