Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Unutmayın ki, yandırılan meşələr planetimizin “ağ ciyərləri”dir

Unutmayın ki, yandırılan meşələr planetimizin “ağ ciyərləri”dir

Ana təbiətin bəşəriyyətə bəxş etdiyi füsunkar gözəlliklərdən biri olan meşələri yer kürəsinin “ağ ciyərləri” adlandırırlar. Meşələr təmiz havası, oksigen zənginliyi, fauna və flora gözəlliyi ilə uşaqdan tutmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır.
Təbiətin qoynunda dincəldiyimiz zaman boy-boya verib ucalan ağacların, sıx kolların, ətirli yaşıllığın və şəfalı dərman bitkilərinin nə qədər vacib olduğunu dərk edirik. İsti aylarda istirahət məkanının təbiətin qucağı seçilməsi ən düzgün qərardır. Çünki insan məhz təbiətin qoynunda olanda onunla daha məhrəm təmas yaradanda, bumbuz bulaq suyundan içəndə, sanki, başqa aləmə düşür, ətrafın gözəlliyindən, ona gətirdiyi ruhi və mənəvi dinclikdən zövq alır. 
Təəssüflər olsun ki, bəzən insanlar həyatları üçün mühüm əhəmiyyət kəsb edən bu meşələrin bilərəkdən və ya bilməyərəkdən qəniminə çevrilir. Meşənin qoynunda, gözəl bir guşədə istirahəti tonqal üstündə bişirilən ləziz yeməklərsiz təsəvvür etmək nə qədər çətindirsə, sonradan baş verən yanğın hadisəsini göz önünə gətirmək də bir o qədər üzücüdür. Meşələrin məhv olmasının əsas səbəblərindən biri məhz onun yanğınlara məruz qalmasıdır. Təsadüfi deyil ki, hər il dünyanın müxtəlif bölgələrində baş verən meşə yanğınları xeyli yaşıllığı məhv edir. İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bu da son nəticədə planetdə təbii balansın pozulması, həmçinin fauna və floranın məhvi, müxtəlif xəstəliklərin yaranması kimi fəsadlara yol açır.
Azərbaycan da digər dövlətlər kimi meşə yanğınlarından sığortalanmayıb. Baş verən yanğınların qarşısının vaxtında alınmasına baxmayaraq, hər il belə hadisələrə ölkənin müxtəlif bölgələrində təsadüf olunur. Yanğınların az bir hissəsi ildırım çaxması zamanı baş versə də, qeyd etməliyik ki, ölkəmizdəki meşə yanğınlarında insan amili böyük rol oynayır. Təsadüf edilən meşə yanğınları, əsasən, yaxınlıqdakı kənd təsərrüfatı sahələrində otların yandırılması nəticəsində meydana gəlir. Bu zaman əkin sahələrinin meşə və digər bitki örtüyünə yaxın olması ciddi fəsadlara səbəb olur.
Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə iş və istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, isinmək, xörək bişirmək üçün qalanmış tonqallar və meşəni tərk edərkən bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması meşə yanğınlarına səbəb olur. Söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən  çıxan qığılcımlar da yanğın törədir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyində meşə yanğınları ilə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, statistikaya əsasən, keçən il ölkəmizin ayrı-ayrı bölgələrində 18 yanğın hadisəsi nəticəsində 1098 hektar, bu ilin 7 ayında isə 19 yanğın hadisəsi nəticəsində 701 hektar meşə və çöl əraziləri yanğına məruz qalıb. Meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində baş vermiş yanğınların əsas səbəbi biçənək və kövşənlərin yandırılmasıdır.
Bu il iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və üç gün davam edən yanğın 70 hektar ərazini əhatə edib. Yanğın söndürüləndən sonra faktla bağlı şübhəli şəxslər müəyyən olunub və bununla əlaqədar hüquq - mühafizə orqanlarına müraciət edilib.
Cari ildə yanğınlar Şabran, Oğuz, Yardımlı, Ağdaş, Lənkəran, Xaçmaz, Xızı, Ağsu, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Göyçay, Masallı, Şəki və Siyəzən rayonlarında qeydə alınıb.
Nazir müavini ölkə ərazisinin 12 faizini tutan meşələrin 85 faizinin dağlıq, 15 faizinin isə düzən ərazilərdə yerləşdiyini və yanğınların insan faktorundan qaynaqlandığını xüsusi qeyd edib O deyib: “Son vaxtlar havaların həddindən artıq isti və quraq keçməsi, yay mövsümü ilə əlaqədar istirahətə gedənlərin meşəlik ərazilərə üz tutmaları və açıq alovdan istifadə etmələri, həmçinin növbəti əkin mövsümünə hazırlıq məqsədilə biçindən sonra zəmi, biçənək və kövşənlərin qanunsuz olaraq yandırılması bir çox hallarda ciddi fəsadlara səbəb olur. Əksər ot bitkilərinin vegetasiya dövrünün başa çatması ilə əlaqədar meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərində quru ot qalıqlarının üstünlük təşkil etməsi yanğın baş vermiş ərazidə onun qısa müddət ərzində daha geniş yayılması, hətta çətin keçilən dağlıq və sıldırım qayalıqla əhatə olunmuş ərazilərə keçməsi ilə nəticələnir. Həmin yanğınların qarşısının alınması və lokallaşdırılması uzun müddət, hətta sutkalarla vaxt tələb edir. Bunun nəticəsində isə təbiətə külli miqdarda ziyan dəyir”.
Konfransda meşə yanğınları və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə nəzərdə tutulan cərimələr və inzibati cəzaların tətbiq olunmasının zəruriliyi də qeyd edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə fauna və floraya vurulan ziyana görə vətəndaş məsuliyyətsizliyinin qarşısının alınmasının zəruriliyini diqqətə çatdırıb. Onun dediyinə görə, 1 santimetr humus qatının formalaşması üçün 300 il vaxt lazımdır. Bu cür məsuliyyətsiz hərəkətlər isə hektarlarla ərazini sıradan çıxardığına görə onu cəzasız qoymaq olmaz. 
Qeyd edək ki, yanğınla müxtəlif mübarizə metodlarının olmasına baxmayaraq, bunun ən effektiv və sınanmış metodu insanların maarifləndirilməsidir. Həyata keçirilən təbliğat-təşviqat işləri, ictimai maarifləndirmə artıq ölkəmizdə öz nəticələrini verməkdədir.  Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bu məqsədlə yanğına qarşı plakatlardan, reklam işlərindən geniş istifadə edir. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə yanğın təhlükəsizliyi ilə bağlı izahat işlərinə geniş yer ayırır.
İnsanlar bilsələr ki, meşədə baş verən yanğınlar onların həyatlarına necə ciddi təhlükədir, daha diqqətli addım atarlar. İnsanlar üçün bu təhlükə nəinki alovun birbaşa təsirindən, eyni zamanda, atmosferdəki güclü oksigen çatışmazlığından, dəm qazının və digər qatışıqların artmasından yaranan zəhərlənmələrdən ibarətdir. Buna görə meşə yanğınları zamanı ilk növbədə insanlar təhlükəli zonadan çıxarılmalı, yanğın yerinə giriş məhdudlaşdırılmalıdır. Yanğın ərazisində işləyənlər xüsusi geyimlər, tüstü əleyhinə maskalar və əleyhqazlardan istifadə etməlidirlər. Yanğın ərazisindən keçmə zərurəti yarandıqda tənəffüs yollarının zədələnməməsi üçün nəfəsalmanı saxlamaq lazımdır.
Ocaq qalayarkən bütün təhlükəsizlik qaydalarına əməl etmək vacibdir. Tonqal heç bir halda ağacın altında, xüsusən də budaqları aşağı sallanan ağacların altında yandırılmamalıdır. Quru ağac kötükləri və quru ot olan ərazidə də ocaq çatmaq olmaz. Bunun üçün əvvəlcədən yer hazırlamaq və yaxud da köhnə, qalanmış tonqalın yerindən istifadə etmək lazımdır. Od qalanan ərazi otlardan təmizlənməli, tonqal üçün çala qazılmalıdır. Diqqət yetirilməlidir ki, tonqaldan kənara az qığılcım düşsün. Xüsusən də küləkli havada bu, çox təhlükəlidir. Tonqalı yandırarkən küləyin gücünü və istiqamətini nəzərə almaq lazımdır. 
Hər bir insan həyatının qədrini bildiyi kimi, gərək təbiətin də qədrini bilsin.
 

Zərifə BƏŞİRQIZI, 
“Xalq qəzeti”

6 2018 23:18 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə