Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda “Məhtimqulu və türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türkmənistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə “Məhtimqulu və Türk dünyası” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib. Tədbirdə Azərbaycanla yanaşı, Türkmənistan elm alimləri də iştirak ediblər.

Məhtimqulu Fəraqinin poeziya günü münasibətilə təşkil olunan konfransı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Türkmənistan Elmlər Akademiyası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əlaqələrin uzun illərdir inkişaf etdirildiyini, bu günədək bir sıra faydalı işlərin görüldüyünü və əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini bildirib.

Məhtimqulu Fəraqinin türkmən ədəbiyyatına verdiyi töhfələrdən bəhs edən akademik İsa Həbibbəyli böyük mütəfəkkirin zəngin irsinin araşdırılmasının əhəmiyyətini qeyd edib: “Məhtimqulu Fəraqi türk dünyasında XVIII əsrlərdən başlanan yeni ədəbiyyatın əsasını qoyan şəxslərdən biridir. O, həm də Türkmənistanın milli birliyinin rəmzidir. Ədibin Azərbaycanla bağlı səfərləri, yaradıcılığındakı səhifələr iki xalqın qardaşlığının qədim tarixə və böyük ənənələrə malik olduğunu sübut edən amillərdir”. 

Böyük şair Məhtimqulu Fəraqinin yaradıcılığının türkmən ədəbiyyatının, ictimai fikrinin inkişafındakı rolundan danışan İsa Həbibbəyli onun ədəbi irsinin ölkəmizdə nəşri və tədqiqi məsələlərindən bəhs edib. Akademik bildirib ki, artıq bir neçə ildir Türkmənistanın ölkəmizdəki səfirliyi ilə birlikdə Məhtimqulu Fəraqiyə həsr olunan konfranslar təşkil edilir. Ədəbiyyat İnstitutu isə türkmən şairinin seçilmiş əsərlərindən ibarət “Divan”ını ilk dəfə doğma dilimizdənəşr edib. Birinci vitse-prezident akademiyanın vasitəsilə çap olunan həmin toplunun ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin inkişafında xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanquliyev öz ölkəsi ilə Azərbaycan arasındakı əlaqələrdən danışıb. O, Məhtimqulu Fəraqinin Azərbaycanla bağlılığından bəhs edib, konfransın işinə uğurlar arzulayıb. 

Onlayn konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və Türkdilli Ölkələrin Parlament Assambleyasının baş direktoru (ТÜRKPA) Altınbek Mamayusupov da çıxış edərək Məhtimqulu Fəraqini türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndiriblər. 

Konfransın davamında Türkmənistan və Azərbaycan alimlərinin Məhtimqulu Fəraqinin həyat və yaradıcılığına həsr olunan məruzələri dinlənilib.

Tahir AYDINOĞLU,
“Xalq qəzeti”

2 2020 14:47 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə