Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusa qalib gələn 83 yaşlı qəhrəman

Sosial şəbəkədə Məlahət Hümmət qızının bu dəfəki paylaşımı “yaşlıları qoruyun, onlar bu xəstəliyə davam gətirmirlər”- deyə tövsiyə edənlərin fikrini təkzib edir. Bir daha əmin olursan ki, orqanizmin müqaviməti xəstəliyi yenmək üçün birinci və vacib faktordur. Məlahət həkimin növbəti paylaşımını təqdim edirəm.

“30 iyun 2020-ci il

ATU-nun Tədris Cərrahiyyə Klinikası, saat 12.00.

Həmin gün növbətçi həkimdən gecə növbəsini təhvil alıb, sakitcə palataları gəzməyə başladım. Xəstələrin çoxusu yatmışdı. Gecə səhərə kimi 2- 3 dəfə palatalara daxil olub ağır xəstələrə nəzarət etdim...

Gecə saat 3- idi. O, mərtəbəmizdə ən yaşlı , vəziyyəti ağır olan xəstələrdən biri idi. Yatmağına baxmayaraq onun da palatasına tez- tez daxil olub nəfəs almasına diqqət edirdim. Hər an bir hadisə baş verə bilərdi. Gecələr yuxulu halda ayaq yoluna durar, başı hərlənər, yixılardı. Ona görə gecələr onu nəzarətsiz qoymurduq. Yaxınlaşıb üzünə baxdım . Gözləri yumulu idi. Adyalı sürüşüb kənara düşmüşdü. Ayaqlarını qarnına yığıb körpə uşaq kimi yatmışdı. Adyalı götürüb üstünə örtdüm. Üzümü çevirib cıxmaq istəyəndə "gəlmisən, həkim?"- deyə gözüyumulu sual verdi. İnanmadım. Axı o yatmışdı. "Gözləmisən, deyəsən."- deyib gülümsədim. " Hə gözlədim"- deyə yenə gözüyumulu cavab verdi.." Narahat olmayın, mən burdayam, rahat yatın"- dedim. Sanki sözlərim ona məlhəm oldu, danışmadı, arxayın oldu və yatdı.

Bir anlıq əzizlərindən uzaq, olan bu yaşlı, , kövrək, hər an qayğıya möhrac olan insana ürəyim yandı, doğmalaşdı mənə. Səhər açılan kimi palatasına gəldim. Oyanmışdı, onu müalicə edən, övladı kimi qayğı göstərən şəfqətli həkimini gözləyirdi. Üzümə baxıb gülümsədi...

Beləcə günlər ötdü, xəstə sağalıb ayağa qalxdı. Onu sağaldan sevimli həkimlərini, qayğı göstərən tibb bacılarını çox sevdi, onlara öyrəşdi. Müalicəyə, sağalacağına inandı. Gecə - gündüz xəstəliklə mübarizə apardı və qalib gəldi... Ondan götürülən növbəti yaxma mənfi çıxdı, evə yazıldı.

Nəhayət koronovirusa qalib gələn 83 yaşlı qəhrəmanımı beləcə evə yola saldıq. Çıxarkən, kövrəldi. Neçə gündə həkim adını şərəflə uca tutan, doğması kimi qayğı göstərən, ATU-nun Tədris Cərrahiyyə Klinikasının 11- ci mərtəbəsinin bütün tibb personalına razılığını və təşəkkürünü bildirdi”...

Hazırladı:
Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 10:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə