Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antiviral preparatlar çox toksikidir və fəsadlar verə bilər

Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov koronovirusla mübarizə tədbirlərindən danışarkən dedi:

–  COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq üçün atılan addımlar infeksiya mənbəyinə və yoluxma yoluna qarşı olmalıdır. İnfeksiya mənbəyinə qarşı görülən tədbir COVİD-19 infeksiyasına yoluxmuş və ya xəstələnmiş şəxslərin izolyasiyası, müalicəsi və onunla təmasda olanların kontrol müayinə və izolyasiyasının aparılmasıdır.

İnfeksiyanın  yoluxma  yoluna qarşı aparılan tədbirlər içərisində şəxsi gigiyena qaydalarına riayət etmək, əhalinin sıx olduğu yerlərdən mümkün qədər uzaq olmaq, sosial məsafənin (1,5-2m) qorunması və qapalı məkanlarda qoruyucu maskaların istifadə edilməsi çox vacibdir. Amma COVİD-19, o cümlədən digər tənəffüs infeksiyaları ilə yoluxmaqdan qorunmaq sözlə ifadə edildiyi kimi sadə deyil, ciddi yanaşma tələb edir. Digər tərəfdən infeksiya ilə yoluxmuş şəxslərin hamısı xəstələnmir, xəstələnənlərdə isə xəstəliyin gedişi müxtəlif olur.

Bu yoluxmuş orqanizmin fərdi xüsusiyyətlərindən də (immun sistemin vəziyyəti, yanaşı xəstəliklər, irsi faktorlar  və s.) asılıdır. Ona görə də hazırki pandemiya dövründə COVİD-19 infeksiyası ilə mübarizədə orqanizmin immun qabiliyyətinin normal saxlanılması da (normal qidalanma, normal gün rejimi-istirahət, normal yuxu, soyuqlamadan, stresdən qorunmaq və s.) vacibdir. Son vaxtlar COVİD-19 infeksiyası ilə bağlı insanlar özünümüalicə və özünüprofilaktika ilə (venadaxili infuziyalar, virus əleyhinə preparatların qəbulu) məşğul olurlar. Qətiyyən düzgün deyil. Əgər xəstəlik varsa. müəyyən edilib mütəxəssis tərəfindən müalicə olunmalıdır.

Profilaktika məqsədi ilə antiviral preparatların qəbulu doğru deyil, çünki bu yoluxmanın qarşısını almır və digər tərəfdən də həmin preparatın qeyd edilən virusa qarşı effektivliyi də bəlli deyil. Amma bu preparatlar çox toksikidir və ehtiyac olmadıqda, həkim təyinatı olmadan qəbulu ciddi fəsadlarla nəticələnə bilər. 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

2 2020 10:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə