Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləyir

Dünyanın 130-dan çox dövlətinin Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi Azərbaycana olan inam və etimadın göstəricisidir.

Məlum olduğu kimi, COVID-19 pandemiyasının tüğyan etdiyi gündən etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan tərəfindən regional və qlo­bal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və effektiv addımlar atılır. Azərbaycan Respublikası COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dol­ları həcmində könüllü ianə ayır­mış, 30-dan artıq dövlətə huma­nitar yardım etmişdir. BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı da məhz Azərbaycanın təşəbbüsü ilə virusa qarşı mübarizədə həll yolları axtarmaq üçün bir araya gəldi.

Hazırda 130 dövlətin Azərbaycanın növbəti həmrəylik təşəbbüsünü təqdir etməsi Qoşulma­ma Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xü­susi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyidir.

Təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün region­larını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessi­yasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sü­rülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

Gözlənildiyi kimi, bəşəriyyətin xilasına yönələn bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan oldu. İşğalçı ölkə bu davranışı ilə, əslində, növbəti dəfə özünün ter­rorçu və destruktiv mahiyyətini ortaya qoydu. Çünki BMT-nin xüsusi sessiyası pandemiya qarşısında dünya ictimaiyyətinin səfərbər olunmasına hesablanıb. Ermənistan bu platformanın təşkilinə qarşı çıxmaqla faktiki koronavirus kimi bəşəri təhdidə qarşı qlobal cavabın tapılmasının əleyhinə çıxmış oldu. Halbuki, vaksin tapılana qədər bütün dünya COVID-19-la mübarizədə həmrəylik nümayiş etdirməli, həll yolları axtarılmalıdır.

Tarixə nəzər yetirsək, BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi – ən azı 97 ölkə təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil oluna bilər. Bu mənada, Azərbaycan həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tarixə düşdü.

Könül NURULLAYEVA,Milli Məclisin deputatı, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü

2 2020 05:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə