Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda turizm sektoruna dəstək bundan sonra da davam etdiriləcək

Son vaxtlar Azərbaycana gələnlərin sayının xeyli artması müşahidə olunurdu. Keçən il rekord göstərici qeydə alınıb – 3 milyondan çox əcnəbi vətəndaş Azərbaycana səfər edib. Faiz nisbətində desək, turist axını təqribən 15 faiz artıb. Son 4-5 ildə orta illik artım göstəricisinin 10-24 faiz həddində olmasını nəzərə alsaq, deyə bilərik ki, bu sahə çox geniş vüsət alıb. Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanlara maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


 Bu gün iqtisadiyyatın turizm sektorunun pandemiyadan ən çox zərər çəkən sahələrdən biri olması sirr deyil. Ona görə də turizmin post-pandemiya dövrü üçün Azərbaycanda daha çox dəstəyə ehtiyacı­nın zəruriliyi bildirilir. Bu baxımdan Azərbaycan hökuməti və Dövlət Turizm Agentliyi tərəfindən fevral ayının ikinci yarısından başlaya­raq COVID-19-un turizm sənayesinə təsirlərini minimuma endirmək üçün bir sıra preventiv tədbirlər görülməsi də bunun bariz ifadəsidir.

Yeri gəlmişkən, pan­demiya dövründə turizm sahəsində sahibkarlara maliyyə dəstəyi verilməsi, Azərbaycanda, ilk növbədə, daxili turizmin bərpa olunma­sı, ümumilikdə isə turizmin mərhələli şəkildə bərpasının planlaşdırılması, Dövlət Turizm Agentliyi tərəfindən 2020-2023-cü illəri əhatə edəcək ortamüddətli inkişaf strategiyasının hazırlanması diqqət mərkəzində saxlanılıb. Eyni zamanda, COVID-19-un turizmə mümkün təsirlərinin minimuma endirilməsi üçün iş yerlərinin saxlanılması və mövcud sahədə sahibkarların fəaliyyətinin gücləndirilməsi məqsədi ilə layihələrin reallaş­dırılması nəzərdə tutulub.

BMT-nin Ümumdünya Tu­rizm Təşkilatının təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu təşkilatın Baş kati­bi Zurab Pololikaşvili arasında keçirilən videokonfransda da bu barədə ətraflı bəhs edilib.

Prezident İlham Əliyev videokonfransda bildirib ki, tu­rizm pandemiya şəraitində ən çox zərər çəkmiş sahələrdən biridir. Bu, istər Azərbaycanda, istərsə də bütün dünyada aydın müşahidə edilir. Buna görə də Ümumdünya Turizm Təşkilatının üzərinə əlavə yük düşüb. Ona görə ki, əvvəla, pandemiya dövründə turist axı­nı təbii olaraq azalıb, eyni za­manda, indiki şəraitdə sahənin bərpa olunması müəyyən məhdudiyyətlərlə bağlıdır.

Dövlətimizin başçısı pan­demiyaya qədər Azərbaycana gələnlərin sayının xeyli artma­sının müşahidə olunduğunu bildirərək, keçən il bununla əlaqədar rekord göstərici qeydə alındığını – 3 milyon­dan çox əcnəbi vətəndaşın Azərbaycana səfər etdiyini, xaricilərin hər il respublika­mızda 1,5-2 milyard dollar xərclədiklərini diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra deyib: “Biz şadıq ki, özəl sektor bu sahəyə fəal sərmayə qoyur, dövlət də dəstək göstərir. Pandemiya dövründə biz bu sahədə işləyən insanla­ra maddi dəstək göstərmişik, çünki onlar praktiki olaraq işsiz qalıblar. Sahə bərpa olunmağa başlayana qədər bu dəstək göstəriləcək. Odur ki, mühüm məsələlər barədə danış­maq təşəbbüsünə görə sizə təşəkkür edirəm. Sizi yenidən görməyimə şadam”.

Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili isə bütün dünya­da pandemiyanın hökm sür­düyünü, 150-yə yaxın ölkənin sərhədlərinin hələ də açıl­madığını, bununla da turizm sektorunun dünya tarixində görünməyən bir böhran ya­şadığını, indiyə qədər ümumi itkilərin həcminin təqribən 1 trilyon 500 milyon dollara çatdığını vurğulayıb.

BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili daha sonra son 2 ayda təşkilatın həyata keçirdiyi işlərdən danışaraq qeyd edib ki, qurum tərəfindən ilk gündən regionlar üzrə fəal ölkələrin, aidiyyəti beynəlxalq təşkilatların daxil olduğu böhran komitəsi yaradılıb, “Evdə qal ki, sabah səyahət edəsən” adlı kampaniya elan olunub. Azərbaycanla Ümumdünya Turizm Təşkilatı arasında əməkdaşlıqdan danışan Zurab Pololikaşvili mehmanxanaların sertifikat­laşdırılması üzrə layihənin dövlətimizin başçısı və təşkilat tərəfindən dəstəklənməsini də məmnunluqla xatırladıb.

 

Prezident İlham Əliyev söhbətində bütün dünyada olduğu kimi, Azərbaycanda da pandemiya ilə əlaqədar sərhədlərin bağlandığı­nı, ölkəyə ancaq Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının buraxıldığını, respublikanı tərk etmək istəyən əcnəbilər üçün şərait yaradıl­dığını diqqətə çatdırıb: ”Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanla­rın təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük. Əlbəttə, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq hesab edirik ki, indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır. Lakin, eyni zamanda, ümid edirik ki, pande­miya zəiflədikcə, o cümlədən, bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri aça­cağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq”.

Dövlətimizin başçısı söhbətində respublikada pandemiyaya qarşı mübarizə dövründə turizm sektorunun işçilərinin əməkhaqqının çox hissəsinin ödənildiyini, bu sahədə fəaliyyət göstərən sahibkarların kadr potensialının qorunub saxlanılması üçün tədbirlər reallaşdırıldığını, turizmin indiyədək yaradılan infrastrukturuna qayğı ilə yanaşıldığını bildirib. Ölkə rəhbəri, eyni zamanda, son illərdə turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə də danışıb, bu sahənin inkişafı ilə bağlı infrastruktur layihələrinin gerçəkləşdirilməsindən, sərgilərin, müxtəlif beynəlxalq tədbirlərin keçirilməsindən bəhs edib: “Deməliyəm ki, Azərbaycanda turizmin sürətli inkişafı çox cəhətdən Formula 1 yürüşlərinin keçirilməsi ilə bağlı idi. Birinci yürüş keçiriləndən dərhal sonra turizmin artmasını gördük. Dediyim kimi, hər il bu potensial artır və müxtəlif məlumatlara görə əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Yəni, bu, bizim iqtisadiyyata böyük valyuta axını deməkdir. Buna görə də turizm sənayesinin yaradılması üçün çox böyük qüvvə sərf etmişik və otel biznesi ilə məşğul olan iri firmalar, dünyanın aparıcı brendləri Azərbaycana gəliblər. Bunu nəzərə alaraq, əlbəttə, biz bu sahəni itirə bilmərik. Biz kadr potensialını, qazanılmış təcrübəni qoruyub saxlamalıyıq. Buna görə dövlət bu sahəni dəstəkləyəcək”.

Prezident İlham Əliyev postpan­demiya dövründə turizmin üzləşdiyi böhranı aradan qaldırmaq, bu sahəni qısa müddətdə bərpa etmək üçün Ümumdünya Turizm Təşkilatının tövsiyələrinə ehtiyac duyulduğunu, bu beynəlxalq qurumun verəcəyi məsləhətlərin operativ şəkildə yerinə yetiriləcəyini, həm də turizm sahəsində aparıcı ölkələrin, böyük təcrübəyə malik olan və özlərinin iq­tisadi inkişafında müəyyən dərəcədə turizm sektoruna güvənən dövlətlərin təcrübəsindən yararlanılacağını da bildirib.

Zurab Pololikaşvili söhbətində Azərbaycan Prezidentinə turizm sektoruna böyük önəm verdiyinə, dəstəklədiyinə görə təşəkkürünü çatdırıb: “Sizin rəhbərliyinizlə sərf olunmuş qüvvəni və qoyulmuş sərmayələri öz gözümlə görmüşəm. Son 3-5 ildə ölkənizdə turizmə aid rəqəmlərin necə dəyişməsini özüm görmüşəm. Məsələn, Formu­la-1 kimi layihələr, mehmanxana biznesinə kapital qoyuluşu – bü­tün bunlar rəqəmlərlə əks olunub. Bizim ilk gündən etibarən ölkələrə göndərdiyimiz tövsiyələrdə özəl biznesə və bu sektorda çalışan insanlara böyük dəstək verilməsindən bəhs edilirdi. Bu dəstəyə görə çox sağ olun”.

Dövlətimizin başçısı söhbətində pandemiya zamanı Azərbaycanda daxili turizmin diqqət mərkəzində saxlanıldığını vurğulayaraq, bunun səbəbini Azərbaycan vətəndaşlarının hələlik xaricə gedə bilmədikləri ilə əlaqələndirib. Pandemiya so­vuşandan dərhal sonra isə bu istiqamətdə addımların dəqiq plan­laşdırılacağını, turizm sahəsinin bərpası istiqamətində ciddi tədbirlər görüləcəyini, BMT-nin Ümumdünya Turizm Təşkilatının məsləhətlərinə, tövsiyələrinə əməl ediləcəyini diqqətə çatdırıb.

Ölkə Prezidenti söhbətində daha sonra bütün dünyada turizm sahəsinin bərpa olunacağına, bu sahəyə əvvəlki kimi sərmayə qoyula­cağının davam etdiriləcəyinə, əcnəbi turistlər üçün daha yaxşı şərait yara­dılacağına əminliyini vurğulayıb: “Ona görə ki, Azərbaycanda buna kömək edə biləcək bütün amillər var: sabit ic­timai-siyasi şərait, təhlükəsizlik, xalqı­mızın qonaqpərvərliyi, tarixi abidələr, təbiətin müxtəlifliyi, yay turizmi, qış tu­rizmi və Azərbaycan mətbəxi. Belə ki, burada bütün amillər var. Həm coğrafi mövqeyimiz, həm dünyanın müxtəlif ölkələri ilə aviasiya əlaqələrimiz. Buna görə yalnız məqsədyönlü iş və potensialın artırılması, bir də, əlbəttə, məsələn, ölkəyə əcnəbi vətəndaşların böyük axınına mane olan bürokratik əngəllərin aradan qaldırılması lazım­dır. Bütün bunlar gündəlikdədir”.

Zurab Pololikaşvili söhbətinin so­nunda turizmin bütün ölkələrin iqtisa­diyyatında xüsusi yer tutmasının dün­ya liderləri tərəfindən təsdiqləndiyini, həmçinin Azərbaycanda turizmin inkişafı yönündə həyata keçiriləcək layihələrlə bağlı tövsiyələrini də bildirib.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

2 2020 05:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə