Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı – Nyu York – İrəvan əks-sədası... Bir də Lissabon...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan etdikdən sonra, Azərbaycan Prezidentinin başçılığı ilə dövlətimiz tərəfindən bu bəlaya qarşı mübarizədə qlobal həmrəyliyin təmin edilməsi məqsədi ilə önəmli təşəbbüslər irəli sürülüb və bu istiqamətdə əməli fəaliyyətlər davam və inkişaf etdirilir.

BMT-yə üzv olan 130 dövlət Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Və kimə görə gözlənilən, kimə görə isə gözlənilməyən şəkildə Ermənistan təklifin əleyhinə səs verib. Özü də “əleyhinə” mövqeyində yeganə ölkə olub.

Cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən, Qoşulmama Hərəkatının təmas qrupunun COVID–19 pandemiyasına həsr edilmiş 2020-ci il 4 may tarixli virtu­al Zirvə görüşündə hərəkata üzv 120 ölkə ilə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının Prezidenti, ÜST-ün Baş direktoru, Avropa Birliyinin, Afrika Birliyi­nin yüksək çinli təmsilçiləri də çıxış etdilər. Azərbaycan Prezidenti hazırda Qoşulmama Hərəkatı ilə yanaşı Türk Şurasının da sədridir və 2020-ci il aprelin 10-da, onun təşəbbüsü ilə bu beynəlxalq qurum da, videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirdi. Və ÜST-ün Baş direktoru bu zirvədə də iştirak etdi. Özü də, Türk Şurası dünya dövlət başçı­ları səviyyəsində COVID–19-a həsr olunmuş virtual zirvə keçirmiş ilk beynəlxalq təşkilat oldu.

Azərbaycan Prezidenti Qoşulmama Hərəkatının virtual Zirvə görüşündə çıxış edərək, qlobal həmrəyliyin bir örnəyi kimi koronavirusla mübarizə məqsədi ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. Bu təklif BMT Baş Qərargahının yerləşdiyi Nyu-Yorkda, Qoşulmama Hərəkatına üzv ölkələr arasında yekdilliklə razılaşdırıldı, ardınca hərəkatın sədri, Azərbaycan Pre­zidenti İlham Əliyev, hərəkata üzv ölkələr adından BMT Baş katibinə rəsmi müraciət ünvanladı. BMT Baş katibi də öz növbəsində, mayın 28-də, BMT Baş Assambleyasının “Prosedur qaydaları”nın müvafiq bəndinə uyğun şəkildə, üzv ölkələrə müraciət edərək, 30 gün müddətində bu təşəbbüsə münasibət bildirilməsini xahiş etdi.

Qüvvədə olan qaydalara görə, BMT-yə üzv ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi halda, xüsusi sessiya təşkil olunma­lıdır. BMT-nin 193 üzvü var və Azərbaycan Prezidentinin təşəbbüsünə 130 ölkənin dəstək verdiyi barədə baş katibin ofisi məlumatlandırılıb. Bu, ilk növbədə, Qoşul­mama Hərəkatının sədri olan Azərbaycan Prezidentinin təşəbbüsünün dəstəklənməsinin, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, şəxsən cənab İlham Əliyevə bəslənən güclü etimadın, hörmətin növbəti göstəricisidir.

Qeyd edək ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir. O ölkələr arasında BMT Təhlükəsizlik Şurası­nın daimi üzvləri də var, kiçik ada dövlətləri də... Və bu məsələ ilə bağlı, ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ün­vanlanan məktublarda, Azərbaycan Preziden­tinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

…İllər öncə başqa bir Zirvə toplantısında– Lissabonda yaşanmış bir hadisəni xatırlayaq. Söhbət, ATƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1996-cı il dekabrın 2–3-də keçirilən Lissabon Zirvə Görüşündən gedir.

Həmin vaxt Lissabonda 52 Avropa dövləti, eləcə də, ABŞ, Kanada və 10 Asiya– Afrika dövləti başçılarının müşahidəçi sta­tusunda iştirakı ilə ATƏT dövlət və hökumət rəhbərlərinin Zirvə Görüşü keçirilirdi. Qafqaz bölgəsi, xüsusilə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yüksək səviyyədə ilk dəfə geniş müzakirə olunduğu Lissabon Sammiti xüsusi önəm daşıyırdı.

Ümummilli lider Lissabon Zirvəsindən öncə ATƏT üzvü olan dövlət və hökumət başçılarına göndərdiyi məktubda münaqişənin həlli üçün ümumi çərçivə qaydalarını – “Lis­sabon prinsipləri”ni göstərmişdi. O, ATƏT prinsipləri, BMT Nizamnaməsi və beynəlxalq hüququn ümumi qaydalarına uyğun gələn bu müddəaları Zirvə görüşündəki nitqində də diqqətə çatdırmışdı. Müddəaların başında “Ərazi bütövlüyünün tanınması” gəlirdi.

Ermənistan nümayəndə heyəti sülh çağı­rışlarına baxmayaraq, Azərbaycanın dövlət başçısının irəli sürdüyü prinsiplərin “Lissabon Bəyannaməsi”nin 20-ci maddəsinə salınma­sına veto qoydu. Ulu öndər Heydər Əliyev ATƏT-in Lissabon sənədinə bütövlükdə veto tətbiq edərək, hər kəsi yenidən düşünməyə, Ermənistanın beynəlxalq hüquqa zidd davranışına diqqət yetirməyə məcbur etdi. O zaman ABŞ nümayəndə heyətinə başçılıq edən vitse-prezident Albert Qorun təklifi ilə prinsiplərin ATƏT-in fəaliyyətdə olan sədrinin ayrıca bəyanatında ifadə edilməsinə nail olundu. ATƏT-in rəsmi sənədləri sırasına daxil olan bəyanatda bu müddəaların Zirvə görüşündə iştirak edən 53 ATƏT üzvü tərəfindən bəyənildiyi göstərildi – yeganə “bəyənməyən” və təklənən Ermənistan idi…

Ümummilli lider Heydər Əliyev həmin zirvə görüşü haqqında deyirdi: “Lissabon zirvə görüşünün Azərbaycan üçün böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, biz həmin toplantıda Ermənistan– Azərbaycan münaqişəsinin mahiyyətini açıb həm Zirvə görüşünün iştirakçılarına, həm də bütün dün­ya ictimaiyyətinə bildirdik”.

Lissabondan sonra da dəfələrlə Azərbaycan hakimiyyəti Ermənsitanın qeyri-konstruktiv mövqelərinə zərbələr vurub. Şəxsən cənab İlham Əliyevin ardıcıllıqla Soçi, Aşqabat, Bakı, Münxen və digər toplan­tılarda, konfranslarda və videokonfranslarda– bir sözlə, bütün mümkün platformalarda Ermənistan rəhbərliyini pərt etməsi, “demok­rat qiyafəli işğalçı”nın nəhayət, Nyu-Yorkdan aldığı növbəti siyasi-diplomatik şillə ilə davam etməkdədir.

Bəli, Azərbaycanın dünyada artan nüfuzu, ölkəmizin adının müsbət planda çəkilməsi “demokrat qiyafəli işğalçı”da, əlbəttə, qıcıq doğurur, onların hansısa məkrini pozur – bu, başa düşüləndir. Lakin bütün dünyanın pandemiyaya qarşı mübarizədə səfərbər olmağa çalışıb, həmrəyliyin vacibliyini vur­ğulamaqda olduğu bir zamanda, Ermənistan başbilənlərinin belə səriştəsiz hərəkəti, onları BMT sistemində, beynəlxalq aləmdə rəzil duruma salmış oldu. Azərbaycan Preziden­tinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl mahiyyətinin şahidi oldu.

Bir tərəfdə qlobal həmrəyliyə dair təşəbüslərlə çıxış edən, sözü eşidilən və ÜST-ə ianə göndərən, ayrı-ayrı dövlətlərə humanitar yardımlar edən Azərbaycan, digər tərəfdə, başqalarından yardım dilənən, ən kiçik yardımı da bəh-bəhlə qəbul edən Ermənistan. Özü də, əhali sayına nisbətdə götürsək, hazırda koronavirusa yoluxan və ölənlərin sayına, artım tempinə görə Ermənistan Azərbaycandan çox qabaqdadır. Bu da azmış kimi, Ermənistanın təhriki, dəstəyi ilə qondarma Dağlıq Qarabağda məhz pandemiya dövründə seçkilər keçi­rildi. Bir sözlə, Ermənistan özü bir yandan qlobal təhlükə ərz edir, digər yandan qlobal həmrəyliyə qarşı çıxış edir. Bu baxımdan, Avropa Birliyindən, Böyük Britaniyadan yaxın günlərdə ciddi mövqelər açıqlansa da, Azərbaycanın, Ermənistanın qondarma “dövlət”lə hoqqalarını qəbul etməyəcəyi birmənalı olsa da, yenə işğalçılıq siyasətindən əl çəkmir, beynəlxalq hüquq normalarına saymazlıq edir.

Heç şübhəsiz ki, dövlətimizin siyasi-diplomatik cəbhədə apardığı mübarizə hərb cəbhəsində də davam və inkişaf etdirilir. Güclənən ordumuz, silahlanmaya qəbul etdi­yimiz yerli və xarici istehsala aid yeni silah­lar, əsgərlərimizin mənəvi-psixoloji hazırlığı dediklərimizlə həmahəngdir. Bugünlərdə Ali Baş Komandanın cəbhəyanı bölgələrdə, eləcə də yeni hərbi hissələrin açılışında etdiyi çıxışlar dediklərimizə əyani sübutdur. Ali Baş Komandan sözü, Prezident sözü hərtərəfli informasiyalarla təmin edilmiş ən mötəbər sözdür; deməli, ardıcıl siyasi-dplomatik uğur­lar öz məntiqi sonluğuna yetişməli, bölgədə ədalət bərpa olunmalıdır. Bu, alternativlərin ən yaxşısıdır – yalnız bizimçün deyil, ağılları başlarında olsa, işğalçı üçün də sülh alternativlərin ən yaxşısı olmalıdır. Əlbəttə, ədalətli sülh! Dünya yalnız koronavirus pan­demiyasından deyil, ikili standartlar pandemi­yasından da qurtulmalıdır!

Əkbər QOŞALI,
Milli QHT Forumu İdarə Heyətinin üzvü

2 2020 04:53 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə