Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə Prezidentinin Gəncəyə 16-cı səfəri və qədim şəhərin sevincli günləri

Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan Prezidenti İlham Əliyev 16-cı dəfə Gəncəyə gəldi.Təbii ki, daha çox Gəncə sakinləri sevinirdilər. Çünki belə səfərlər zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı dövlətimizin başçısının verdiyi göstərişlər, imzaladığı sərəncamlar şəhərin simasını tanınmaz dərəcədə dəyişdirir və bütün sahələrdə inkişaf açıq-aşkar hiss olunur. Qədim Nizami yurdunun bu günü­nü 2003-cü illə müqayisə etsək, tamamilə başqa bir mənzərə görmək mümkündür. 2002-ci ilin sentyabrında ulu öndər Heydər Əliyev şəhəri gəzdikdən sonra şəhər icra hakimiyyətinin böyük iclas salonunda Gəncə fəalları ilə görüşərkən üzünü zalda əyləşənlərə tutub “bu nə şəhərdir saxlayırsınız” deməsi, şəhər rəhbərlərini sərt tənqid etməsi hələ də yadımdan çıxmır. O zaman küçələr, binalar bərbad vəziyyətdə idi, istehsal tempi xeyli aşağı düşmüşdü. Aradan 17-18 il keçib. Bir rəqəmlərə fikir verin. 2003-cü illə müqayisədə Gəncədə məhsul buraxılışı 4,3 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 2,8 dəfə, əsas kapitala yönəldilən vəsait 60 dəfə, o cümlədən tikinti-quraş­dırma işləri 63,1 dəfə artıb. 2003-cü ildən 2020-ci ilin birinci rübünə kimi Gəncədə 60 min 587, bu il isə ödənişli əsaslarla 2 min 75, pandemiya ilə əlaqədar üç min müvəqqəti iş yeri açılıb.

Bu yazıda Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə Gəncəyə göstərdiyi diqqət və qayğı sayəsində qədim şəhərin həyatında nə kimi dəyişikliklər baş verdiyini yazsaq, yəni təkcə obyektlərin, tikililərin adlarını sadalasaq, bir qəzet yazısına da sığmaz. Bu köməyi, bu qayğını, bu diqqəti bütün şəhər bilir. Hazırda elə bir şəhər sakini tapmaq mümkün deyil ki, Gəncənin bu günü ilə fəxr etməsin. Ona görə də ölkə Prezi­dentinin Gəncəyə yalnız 16-cı səfəri haqqında təəssüratlarımızı oxucularla bölüşməyi qərara aldıq...

İlk əvvəl dövlətimizin başçı­sının və birinci xanım Mehriban Əliyevanın budəfəki səfərinin nə ilə əlamətdar olmasından söhbət açaq. Diqqətçəkən məqam bilirsiniz nədir? Dünyanı koronavirus pandemiyası bürüyüb. Hər gün həyəcanlı xəbərlər alırıq. Respublikamızda da gərgin günlər davam edir. Belə bir vaxtda ölkə Prezidentinin bölgələrə səfərlər etməsi Azərbaycan vətəndaşının öz liderinə inamını, güvənini, etibarı­nı daha da artırır. Bu, xalq-iqtidar birliyinin daha bir parlaq təzahürüdür. Məhz belə bir vaxtda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri şəhər sakinləri üçün gözlənilməz, bir növ sürpriz oldu və adamların sevinci aşıb-daşdı, başlıcası isə dövlətə və dövlətçiliyə, öz Prezidentinə inamı daha da artırdı. Bu təkcə şəhərdə müxtəlif obyektlərin açılışı demək de­yildi. Bu, həm də “Mən həmişə sizin yanınızdayam” demək idi. Və bunun qiyməti heç nə ilə ölçülə bilməzdi!

Qeyd edək ki, ölkə Prezidentinin Gəncəyə səfərləri həmişə unudulmaz və əlamətdar olub. Çünki şəhərdə müxtəlif obyektlərin təməlqoyma və açılış mərasimlərində Prezidentin özünün iştirak etməsi və xeyir-duası qiymətlidir, əzizdir. Elə iyunun 24-də Gəncəyə növbəti səfər də beləcə yad­daqalan, sevincli və əlamətdar oldu.

Son illər Gəncə tanınmaz dərəcədə dəyişib. Artıq qədim şəhər Avropanın ən sayılıb-seçilən şəhərləri ilə yarışa bilir. Şəhərdə su və kana­lizasiya sistemi tamamilə yenidən qurulduqdan sonra abadlıq-quruculuq işlərini daha sürətlə aparmaq mümkün olacaq və Gəncənin sorağı dünya­nın hər yerinə yayılacaqdır. Gəncə indinin özündə, belə bir vaxtda böyük tikinti meydanını xatırladır. Şəhərin icra strukturları bütün günü küçə və meydanlarda, park və xiyabanlarda­dırlar, hər bir işə nəzarət və kömək edirlər, ölkə Prezidentinin onlara yaratdığı imkanlardan maksimum yararlanmağa çalışırlar. Təbii ki, kənardan gətirilən inşaat material­larını yerli materiallarla əvəz etmək üçün yollar axtarılır, keyfiyyətli məhsul istehsal edə biləcək sahib­karlıq subyektlərinə şərait yaradı­lır. Bu baxımdan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Gəncəyə səfəri zamanı ən yüksək standartlara cavab verən “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun istifadəyə verilməsi şəhərin həyatında əlamətdar hadisədir. Ümumi dəyəri 46,5 milyon manat olan müəssisədə 300-dən çox yeni iş yeri yaradılması, həm də işsizlik probleminin həllində böyük əhəmiyyətə malikdir.

“Gəncə Avtomobil Zavodu” İsteh­salat Birliyi də son vaxtlar istehsalı artırmaq, yeni çeşiddə məhsullar buraxmaq üçün yollar arayıb-axtarır, bir sıra ölkələrin avtomobil sənayesi müəssisələri ilə əməkdaşlıq edir. Həmin gün Prezident İlham Əliyevə göstərilən yığılmış avtobus və kombayn nümunələrini də, məhz bu axtarışların və səmərəli əməkdaşlığın nəticəsi kimi qiymətləndirmək olar. Xatırladaq ki, 2019-cu ildə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə Belarusun “Belkommunmaş” ASC arasında bağlanmış ikitərəfli müqavilələr çərçivəsində müəssisədə “E-321” markalı elektrobusun istehsalına başlanılıb və bugünədək 4 elektrobus yığılıb. Bu ictimai nəqliyyat vasitəsi ekoloji və yanacağa qənaət baxımından çox sərfəlidir. Avtobuslar kondisionerlə, həmçinin məlumat monitoru və videonəzarət sistemi ilə təmin olunub.

Hazırda Gəncədəki zavodda yeni müasir kombaynların yığılmasına da başlanılıb. Bu layihənin icrası Fin­landiyanın tanınmış “Sampo” firması ilə əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Mütəxəssislərin fikrincə, bu texnika Azərbaycan şəraitində özünü kifayət qədər doğ­rultmaqla fermerlərin marağına səbəb olacaq.

Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay çayı üzərində eyni vaxta beş körpünün bərpası başa çatdırılıb. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və birin­ci xanım Mehriban Əliyeva bu körpülərdə görülmüş işlərlə tanış oldular. Körpülərdən biri – Müseyib Bağırov küçəsinin Gəncəçay çayı ilə kəsişməsində yerləşən körpü 1986-cı ildə, digər dördü isə ötən əsrin 50-ci illərində tikilib. Körpülər tamamilə köhnəldiyindən gediş-gəliş üçün təhlükəli vəziyyətə düşmüşdü. Bunu nəzərə alaraq dövlətimizin başçısı keçən il mayın 16-da Gəncə şəhərinin Şah İsmayıl Xətai və Nizami Gəncəvi prospektlərinin, Müseyib Bağırov, Mirzə Abbas Abbaszadə və Əlövsət Məmmədov küçələrinin Gəncəçay çayı ilə kəsişmələrində yerləşən və qəzalı vəziyyətdə olan 5 körpünün bərpası üçün Prezidentin Ehtiyat Fondundan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılması barədə sərəncam imzalamış­dı. Həmin vəsait hesabına körpülərdə təmir-bərpa işləri optimal müddətdə başa çatdırılıb. Bütün körpülərin hərəkət hissəsinin, məhəccərlərin, çay məcrasının aşağı və yuxarı hissələrinin, sağ, sol sahil yamacları­nın dəmir-betonla bərkidilməsi işləri aparılıb, hərəkət hissəsinin hər iki tərəfində təkərqaytaranlar quraşdırı­lıb, səkilər təmir olunub. Beləliklə, bundan sonra həm piyadalar, həm də avtomobillər bu körpülər üzərindən təhlükəsiz hərəkət edə biləcəklər. Gəncə–Kəlbəcər–Laçın avtomobil yo­lunun 5 kilometrlik hissəsinin yenidən qurulması da bölgədə turizmin inki­şafında böyük rol oynamaqla Gəncə şəhərindən giriş-çıxışı yaxşılaşdıracaq.

Ölkə Prezidenti Gəncədə mədəniyyətin, incəsənətin də in­kişafına daim xüsusi fikir verir və həmin işlər üçün lazımi vəsait ayırır, bu məsələləri daim diqqətdə saxla­yır, nəzarət edir. Elə Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olarkən bir daha aydın oldu ki, dövlət başçısı verilən hər bir tapşırığın icrasını nəzarətdə saxlayır, qarşıya çıxan çətinliklərlə maraqlanır, müvafiq tövsiyələrini verir. Məhz bu diqqət və qayğının, həm də nəzarət və tələbkarlığın nəticəsidir ki, Gəncə Dövlət Filarmoniyası üçün möhtəşəm bir bina tikilib istifadəyə verilmişdir. Artıq tamamlanmaqda olan Gəncə Dövlət Dram Teatrının yeni binası da tezliklə şəhərin milli memarlığına yeni bir töhfə olacaq. Təməli 2014-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulan sənət ocağı tezliklə teatr kollektivinin və tamaşaçıların ixtiya­rına veriləcəkdir.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bərpadan sonra istifadəyə verilən “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi də Gəncənin tarixi simasına yeni çalarlar qatıb.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış kompleksinin, ikinci Olimpiya İdman Mərkəzinin tikintisi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun istifadəyə verilməsi Gəncəni qədimliyi ilə müasirliyi özündə qovuşduran unikal bir şəhərə çevirib. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov rəhbərlik etdiyi ali məktəbdə yeni tədris korpusunun açılışın­dan sonra görün özünün facebook səhifəsində nə yazıb: “Bu günlər Azərbaycan Dövlət Aqrar Universite­tinin həyatında ən qürurlu günlərdən biridir. Möhtərəm cənab Prezident və hörmətli Mehriban xanım Gəncə səfəri çərçivəsində 2016-cı ildən baş­layaraq üçüncü dəfə universitetimizdə oldular və yeni tədris korpusunun açılışında iştirak etdilər. Yeni tədris korpusunun tikintiisi barədə cənab Prezidentin 22 yanvar 2018- ci il tarixli sərəncamı olmuş və iki il müddətində tikinti işləri başa çatdı­rılmışdır. Artıq yeni tədris ilindən bu korpus tələbələrin istifadəsinə veriləcəkdir. Korpusun ümümi sahəsi 20 min kvadratmetr olmaqla 5 mərtəbəlidir. Binada 37 mühazirə au­ditoriyası, 65 laboratoriya, kitabxana, idman zalı və digər otaqlar mövcud­dur, Burada 2 ədəd 150 nəfərlik, 2 ədəd 80 nəfərlik böyük mühazirə zal­ları, konfrans zalları vardır. Yeni kor­pusda 3000 nəfər tələbə təhsil almaq imkanına malikdir. Tədris korpusunda bir dəfəyə 160 tələbəyə xidmət edə bilən kafe də mövcuddur. Qeyd edim ki, yeni tədris korpusunda qurulan ən müasir laboratoriya avadanlıqları nəinki yüksək səviyyəli tədrisə, eyni zamanda, magistrant, doktorant və gənc müəllimlər üçün elmi-tədqiqat mərkəzinə çevrilməklə aqrar elmin inkişafına təkan verəcəkdir. Bu, həm də yüzə qədər yeni iş yeri deməkdir. Dünyanın istənilən ölkəsində təhsil alan gəncin belə bir müasir tədris korpusuna malik olmaq arzusu Azərbaycan gənci üçün reallığa çev­rilmişdir. Bu, cənab Prezidentin aqrar təhsilə və elmə ali diqqətinin bariz nümunəsidir”.

“Yaşıl şəhər” layihəsinin ölkəmizdə ilk dəfə olaraq Gəncə şəhərində həyata keçirilməsi, İdman Sarayının, ikinci “ASAN xidmət” mərkəzinin, yeni ümumtəhsil məktəbi binasının tikintisinin davam etdirilməsi üçün ayrılan vəsait ölkə başçısının Gəncə və gəncəlilərə olan diqqətin daha bir təzahürü olub.

Gəncə 1 saylı Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında Pre­zident İlham Əliyevin “Mənim üçün insanların sağlamlığı əsas prioritetdir” sözləri bu çətin şəraitdə yalnız özünün maddi-mənəvi resurslarına söykənən Azərbaycan dövlətinin ən başlıca məqsədinin vətəndaşların sağlamlığı və onların təhlükəsizliyinin təmin edilməsi olduğunun təsdiqidir.

Gəncəlilər Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğı­sını daim hiss edir və bunu yüksək qiymətləndirirlər. “Gəncə bu gün ölkəmizin həm sənaye mərkəzinə çevrilir, həm mədəniyyət mərkəzidir, həm də böyük tarixi var. Əlbəttə ki, tarixin qorunması hər birimizin işidir”. Ölkə rəhbərinin Gəncədəki modul tipli xəstəxananın açılışında səsləndirdiyi bu fikirlər gəncəliləri daha da ruhlandırıb. Hər bir şəhər sakini bilir ki, onun Prezidentinin sözü də, əməli də həmişə vəhdət təşkil edib. Baxın, heç iyunun 24-də Prezidentimizin Gəncə bölgəsinə səfəri başa çatmamış operativ şəkildə bir neçə sərəncamını oxuduq. Gəncə şəhərində yeni “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, Gəncə Dövlət Dram Teatrının tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında, Gəncə şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncamlar onu göstərir ki, ölkə Prezidenti Gəncənin təkcə bu gününü deyil, sabahını, gələcəyini düşünür və qədim şəhərin daha da inkişaf etdirilməsində, onun sakinlərinin yax­şı və firavan yaşamasında israrlıdır. Başlıcası isə belə çətin bir vaxtda, ölkələrin pandemiyadan sarsıldıqları, iqtisadiyyatlarının iflic olduğu bir dönəmdə heç nəyi sabaha saxlamır və bütün məsələləri həmin anda həll edir.

Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, Prezident İlham Əliyev hər zaman Gəncənin inkişa­fına, abadlığına, tarixinin təbliğinə xüsusi diqqətlə yanaşıb. Azərbaycanın davamlı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə hazırda Qaf­qazın ən gözəl şəhərlərindən birinə, ölkənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilib. Müasirliklə qədimliyin vəhdət təşkil etdiyi tikililər, dünyanın ən yüksək standartlarına cavab verən təhsil, səhiyyə ocaqları, yeni yollar qədim şəhərin inkişafı­nın göstəricisidir. İqtisadi yüksəliş, sosial tərəqqi, mədəni intibah son illər qədim Gəncənin tarixi reallıqlarıdır. Gəncəlilər bu reallıqlara dövlətimizin başçısı İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində nail olublar.

Bəli, Gəncədə uşaqdan böyüyə hamı bilir ki, doğma şəhərləri Prezident İlham Əliyevin sığalı ilə bu gününə qovuşub. Və bir də bilirlər ki, hələ neçə illər sonra da İlham Əliyev və Gəncədə bir çox yerlərdə xeyirxah izləri olan Mehriban xanım Əliyeva yenə bu qədim şəhərə gələcək, onun xoş növrağı üçün əllərindən gələni əsirgəməyəcəklər.

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri,

Gəncə

2 2020 04:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə