Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan milli mətbuatı xalqımızın misilsiz mənəvi sərvətidir

Azərbaycan milli jurnalistikası başlanğıc tarixinin – 1875-ci il iyulun 22-də millətsevər ziyalı Həsən bəy Zərdabinin ilk anadilli qəzet “Əkinçi”ni nəşrə başlamasının 145-ci ildönümünü yubiley tədbirləri ilə qeyd etməyə hazırlaşır. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 30-da imzaladığı “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı xalqımızın milli oyanış və mədəni tərəqqi tarixinin ən önəmli hadisələrindən birinin ümumölkə miqyasında təntənə ilə keçirilməsinə start vermişdir. XX əsrin sonuncu onilliyinin əvvəlində, Azərbaycanda dövlət müstəqilliyi əldə edilməsi ərəfəsində yurdsevər yazarların milli jurnalistika günü elan etdiyi bu tarix suverenlik illərində rəsmi status qazanmış və hər il ölkəmizdə demokratik mətbuatın cəmiyyət qarşısında hesabatına və söz azadlığının uğurlarının nümayişinə çevrilmişdir. 1995-ci ildən isə hər 5 ildən bir milli jurnalistikamızın yubileyləri dövlət başçısının sərəncamı ilə respublikamızda ümumxalq bayramı kimi geniş qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və milli mətbuatımızın şanlı tarixinə dərin ehtiramını ifadə edən bu ənənənin davamı olan növbəti Prezident sərəncamında da, hər şeydən əvvəl, XIX əsrin əvvəllərində dövlətçilyini itirib çar Rusiyasının müstəmləkəsinə çevrilmiş Şimali Azərbaycanda yüzilliyin sonuncu rübündə milli mətbuatın yaranmasının müstəsna tarixi önəmi yüksək dəyərləndirilir: “1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir”.

Sərəncamda dövlət müstəqilliyimizin bərpa edilməsinin ilkin mərhələsində – 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra mətbuatımızın yeni inkişaf mərhələsinə qədəm qoyması, öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməsi, istiqlal ideyalarının yayılmasında, habelə milli-mənəvi dəyərlərin qorunub saxlanmasında və təbliğində mühüm rol oynaması da çağdaş nəsillərin diqqətinə çatdırılır.

Milli mətbuatımızın tarixi nailiyyətlərini yada salan bu mötəbər sənəddə daha sonra qeyd edilir ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. 1993-cü ildən başlayaraq Prezident Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən media islahatları nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmışdır. Bununla da, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Sərəncamda azad, demokratik KİV-in çağdaş cəmiyyətdə oynadığı məxsusi rola da ciddi önəm verilir: “Hazırda həyata keçirilən sistemli islahatlar, şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət dəyişiklikləri, ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi dinamik inkişaf edən Azərbaycanda müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir”.

Yubiley sərəncamında müasir medianın qarşısında duran taleyüklü vəzifələrə də toxunularaq bildirilir ki, bu gün kütləvi informasiya vasitələri ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Ölkə mediasının inkişafını şərtləndirən başlıca amillər isə sənəddə konkret olaraq belə ifadə olunur: “modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi”.

Müstəqil Azərbaycan dövlətinin media siyasətinin məna və mahiyyətini növbəti dəfə ifadə edən bu rəsmi sənəddə jurnalistlərin çətin və məsuliyyətli fəaliyyətinin stimullaşdırılması tədbirləri də yer almışdır. Prezident İlham Əliyev sərəncamda milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, milli mətbuatın 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasını qərara almışdır.

Həmin qərarla “koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən xüsusi karantin rejiminin tələbləri və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri nəzərə alınmaqla yubiley tədbirlərinin keçirilməsini təmin etmək” və “jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək” Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırmışdır.

“Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam dövlətin demokratik medianın önəmli hadisəsinə yüksək diqqətinin təzahürü olaraq ölkə jurnalistlərinin və azad mətbuatın dostlarını ürəkdən sevindirdi. Cəmiyyət bir daha görüb yəqin etdi ki, Azərbaycan dövləti və onun ali rəhbəri son əsr yarımda xalqımızın tarixi nailiyyətlərində misilsiz rolu və töhfələri olan anadilli mətbuatımızın dünəninə necə yüksək sayğı ilə yanaşır, onun çağdaş inkişafını necə qayğı ilə stimullaşdırır.

Doğrudan da, 1993-cü ildən bəri ölkəmizdə demokratik KİV inkişafında əldə olunmuş nailiyyətlər ümummilli lider Heydər Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı, dövlətin mükəmməl media siyasətinin uğurla gerçəkləşdirlməsi nəticəsində artıb çoxalmışdır. Ulu öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1996-cı ilin avqustundan sonra bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etmişdi. Dövlət başçısının qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılması, onların borclarının ləğv edilməsi, müxtəlif səbəblərdən həbs olunmuş jurnalistlərin azadlığa buraxılması ilə bağlı verdiyi qərarlar KİV-in inkişafına təkan vermiş, onun düzgün yola çıxmasına möhkəm əsaslar yaratmışdır.

Sahənin maddi-texniki bazasını yeniləşdirmək, maliyyə-sosial problemlərini aradan qaldırmaq üçün mərhələ-mərhələ real təminatlar da işə salınmışdır. Həmişə KİV-in himayədarı olmuş Heydər Əliyevin iradəsi ilə ədəbi-bədii və uşaq nəşrləri dövlət himayəsinə götürülmüş, müvafiq tədbirlərlə digər nəşrlərin də bazar şəraitində fəaliyyətinə əlverişli şərait yaradılmışdır. Qəzetlərin borclarının bir neçə dəfə dondurulması və silinməsi onların dirçəlməsinə kömək etmişdir.

Dövlətin medianın fəaliyyətini tənzimləməkdən imtina edərək, demokratik mexanizmlərə meydan açması ilə MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Mətbuat Şurasının yaranması ölkəmizdə qəzet-jurnal redaksiyalarının həyatında sivil prinsiplərin bərqərar olmasını təmin etmişdir. Bizdə yaranmış MŞ keçmiş sovet məkanı üçün model forma kimi qəbul edilmişdir. Bütün bunları dəyərləndirən KİV kollektivləri ulu öndər Heydər Əliyevi “Jurnalistlərin dostu” elan etmişdilər.

Ümummilli lider Heydər Əliyevin KİV-in inkişafına dövlət himayəsi və jurnalistlərə dost münasibətini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son 17 ildə jurnalistikamızın problemləri ardıcıl olaraq aradan qaldırılır, KİV demokratik cəmiyyətdə öz rolunu maneəsiz olaraq icra edir. Bu gün söz azadlığı, plüralizm ölkəmizin tarixi nailiyyəti kimi insan hüquqlarının, inkişafının xidmətindədir.

Prezident İlham Əliyev KİV-ə dövlət dəstəyinin demokratik nümunəsini gerçəkləşdirmiş ölkə rəhbəri kimi tanınmışdır. Onun xoş məramı ilə ərsəyə gələn KİV-ə dövlət dəstəyi konsepsiyası və Prezident yanında KİVDF-nin fəaliyyəti dünyada böyük maraq doğurmuşdur. Fondun xətti ilə müstəqil nəşrlərin fəaliyyətinə ardıcıl maliyyə dəstəyi göstərilir. Peşəkar jurnalist yaradıcılığı daim stimullaşdırılır. Azərbaycan jurnalistlərin üzərinə heç bir öhdəlik qoymadan onlara pulsuz mənzil verən dövlət kimi də diqqəti cəlb edir. Milli mətbuatımızın bundan əvvəlki 3 yubileyi Prezident İlham Əliyevin sərəncamı ilə böyük təntənə ilə qeyd olunmuş, hər dəfə də milli jurnalistikamıza xidmətləri ilə fərqlənənlərin böyük bir dəstəsi dövlət tərəfindən mükafatlandırılmışdır.

Jurnalistlər bu təmənnasız xidmətlərə görə Prezident İlham Əliyevi də özlərinin dostu elan etmişlər. Dövlət başçısı media işçilərinin ağır və şərəfli əməyinə yüksək dəyər verərək demişdir: “Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm”. Bu diqqət və qayğının nəticəsidir ki, söz azadlığı çağdaş Azərbaycanda gerçəklik, tarixi nailiyyətdir. İnsan hüquqlarının reallaşmasında və qorunmasında media dövlətin və vətəndaşların ən etibarlı, vicdanlı köməkçisidir.

145 il əvvəl – 1875-ci il iyulun 22-də ilk Avropa tipli universitet bitirmiş, Şərqin mənəvi zənginliklərini Qərbin qabaqcıl dəyərləri ilə qovuşdurmuş təbiət alimi, Bakı gimnaziyasının müəllimi Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin nəşrinə nail olması təkçə dövlət müstəqilliyini itirmiş Azərbaycanda deyil, həm də Rusiya imperiyasında ilk türkdilli qəzetin işıq üzü görməsi idi. Hər bir qəzetin mənsub olduğu xalqın və ölkənin aynası olması reallığından çıxış edən Həsən bəy bir qələm əhli kimi birinci vəzifənin həqiqəti yazmaq olduğunu bəyan etmişdi. Hakim dairələrin ictimai-siyasi mövzunu yasaqladığı "Əkinçi" Zərdabinin nadir istedadı, sonsuz Vətən sevgisi sayəsində əsl xalq qəzeti kimi çıxmış, dövrün işıqlı qüvvələrini ətrafında toplaya bilmişdi.

Bu məfkurə üzərində boy atıb tarixi uğurlar qazanmış Azərbaycan jurnalistikası artıq neçə illərdir ki, müstəqillik və demoktatiya zəminində inkişaf edir. Medianın maliyyə və peşəkarlıq problemləri sürətlə həllini tapır. Müstəqillik illərində yenidən formalaşmış, cəmiyyətdə mövqeyini və nüfuzunu möhkəmləndirmiş azad medianın ən mühüm nailiyyətlərindən biri odur ki, ölkədə informasiyanın maneəsiz yayılması, obyektiv ictimai rəyin formalaşması təmin edilmiş, hamının öz sözünü demək və yazmaq imkanı gerçəkləşdirilmişdir. Azərbaycanın hərtərəfli yüksəlişi prosesinə KİV-in köməyi getdikcə artmaqdadır.

Müstəqil Azərbaycan dövləti KİV-in inkişafına hər cür qayğı göstərir və onun sərbəst, qəyyumsuz fəaliyyətini təmin edir. Bu gün Azərbaycan mətbu nəşrlərin dövlət icazəsi olmadan fəaliyyət göstərdiyi az sayda ölkələr sırasındadır. Hər bir vətəndaş öz sözünü cəmiyyətə maneəsiz çatdırmaq və ətraf aləm barədə operativ, obyektiv məlumat almaq hüququndan tam istifadə edir. Bütün bunlar dünyanın demokratik dairələrində yüksək dəyərləndirilir.

Tahir AYDINOĞLU,“Xalq qəzeti”

2 2020 04:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə