Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 228 Bakı şəhəri, 29 iyun 2020-ci il

“Məhkəmə ekspertizasının me­todik fondunun yaradılması və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respub­likasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqın­da” Azərbaycan Respublikası Qanunu­nun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respubli­kasının Nazirlər Kabineti qərara alır:

“Məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi Qay­daları” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 29 iyun

tarixli 228 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Məhkəmə ekspertizasının metodik fondunun

yaradılması və istifadəsi

 

QAYDALARI

 

  1.  Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-5-ci maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və məhkəmə ekspertizasının metodik fondunun yaradılması və istifadəsi qaydalarını müəyyən edir.

1.2. Məhkəmə ekspertizasının metodik fondu (bundan sonra – Fond) məhkəmə ekspertizalarının elmi-metodik materiallarından (bundan sonra – elmi-metodik material) ibarət məlumat bazasıdır.

1.3. Bu Qaydaların məqsədi məhkəmə ekspertləri və digər şəxslər tərəfindən Fonddan istifadə edilməsini təmin etməkdən ibarətdir.

 

2. Fondun yaradılması qaydaları

 

2.1. Fondun yaradılması və elmi-metodik materialın həmin Fonda daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

2.2. Fond informasiya ehtiyatıdır. Fondun formalaşdırılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.

2.3. Fondun informasiya təminatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri, elmi müəssisə və təşkilatlar, ali təhsil müəssisələri, “Uyğunluğun qiymət-ləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respub-likasının Qanununa uyğun olaraq akkreditasiyadan keçmiş sınaq laboratoriyaları, özəl hüquqi şəxslər (bundan sonra – məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar), habelə özəl məhkəmə eksperti tərəfindən elmi-metodik materialın, o cümlədən standartların, texniki şərtlərin və digər normativ sənədlərin təqdim edilməsi yolu ilə həyata keçirilir.

2.4. Elmi-metodik material məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumun rəhbəri və ya onun müavini, habelə özəl məhkəmə eksperti tərəfindən imzalanmış müşayiət məktubu ilə kağız daşıyıcıda onun əslinin həqiqi surəti formasında və eyni zamanda elektron daşıyıcıda mətn faylları formasında aşağıdakılar əlavə edilməklə Ədliyyə Nazirliyinə təqdim olunur:

2.4.1. elmi-metodik materialın qısa məzmunu;

2.4.2. elmi-metodik materiala dair bu Qaydaların 2.3-cü bəndində göstərilən qurumlar tərəfindən verilmiş ən azı 2 (iki) səhifədən ibarət rəy.

2.5. Bu Qaydaların 2.4-cü bəndində göstərilən sənədlər Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə, elmi-metodik material barədə məlumatlar 5 (beş) iş günü ərzində Fonda daxil edilir.

2.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar müəyyən edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda və ya kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnlər arasında uyğunsuzluq aşkarlandıqda, bu barədə məhkəmə eksper-tizası fəaliyyətini həyata keçirən qurumlara, habelə özəl məhkəmə ekspertinə müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar, habelə özəl məhkəmə eksperti tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

2.7. Çatışmazlıqlar məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumlar, habelə özəl məhkəmə eksperti tərəfindən bu Qaydaların 2.6-cı bəndində göstərilən müddətdə aradan qaldırıl-madıqda, elmi-metodik material müvafiq məktubla geri qaytarılır.

2.8. Elmi-metodik material barədə Fonda daxil edilən məlumatlar aşağıdakılardır:

2.8.1. elmi-metodik materialın adı;

2.8.2. elmi-metodik materialın aid olduğu məhkəmə ekspertizası sahəsi;

2.8.3. elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı, hüquqi ünvanı;

2.8.4. elmi-metodik materialın nəşr ili və yeri;

2.8.5. elmi-metodik materialın mətni;

2.8.6. elmi-metodik materialın Fonda daxil edildiyi tarix və qeydiyyat nömrəsi.

2.9. Fonda daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki səhvlər (çap, qrammatik, arifmetik və digər səhvlər) aşkar edildikdə, həmin səhvlər məhkəmə ekspertizası fəaliyyətini həyata keçirən qurumların, habelə özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin öz təşəbbüsü ilə 1 (bir) iş günü ərzində aradan qaldırılır.

 

3. Fonddan istifadə qaydaları

 

3.1. Fond açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifə-sində yerləşdirilir və məlumatlar daim yenilənir.

3.2. Fondda yaradılmış xüsusi proqram təminatı vasitəsilə aşağıdakı meyarlar üzrə axtarış aparmaq imkanı yaradılır:

3.2.1. elmi-metodik materialın adı;

3.2.2. elmi-metodik materialın aid olduğu məhkəmə ekspertizası sahəsi;

3.2.3. elmi-metodik materialın müəllifinin (müəlliflərinin) soyadı, adı və atasının adı və ya idarə, müəssisə və ya təşkilatın adı;

3.2.4. elmi-metodik materialın nəşr ili.

3.3. Fonddan məlumatların kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə