Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 227 Bakı şəhəri, 29 iyun 2020-ci il

“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

“Dövlət məhkəmə ekspertiza­sı fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə eksperti­zası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparıl­ması və yeni metodların həmin Reyestrə daxil edilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 29 iyun

tarixli 227 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin

aparılması və yeni metodların həmin Reyestrə daxil edilməsi

 

QAYDALARI

 

  1.  Ümumi müddəalar

 

1.1. Bu Qaydalar “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-4-cü maddəsinin ikinci hissəsinə əsasən hazırlanmışdır və Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin (bundan sonra – Dövlət Reyestri) aparılması, yeni metodların həmin Reyestrə daxil edilməsi qayda-larını müəyyən edir.

1.2. Bu Qaydaların məqsədi məhkəmə ekspertizasının tədqiqat metodları (bundan sonra – tədqiqat metodu) barədə məlumatların əldə edilməsini təmin etməkdir.

 

2. Dövlət Reyestrinin aparılması qaydaları

 

  2.1. Dövlət Reyestrinin aparılması və yeni tədqiqat metodunun həmin Reyestrə daxil edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən həyata keçirilir.

  2.2. Dövlət Reyestri informasiya ehtiyatıdır. Dövlət Reyestrinin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Ədliyyə Nazirliyi tərəfindən təmin edilir.

  2.3. Dövlət Reyestrinin informasiya təminatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarələri (bundan sonra – məhkəmə ekspertizası idarəsi), həmçinin özəl məhkəmə ekspertləri tərəfindən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblə-rinə uyğun olaraq hazırlanmış, sınaqdan keçirilmiş və tətbiq edilən tədqiqat metodu barədə məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir.

  2.4. Tədqiqat metodu məhkəmə ekspertizası idarəsi tərəfindən qərarla təsdiq olunur. Həmin qərarın qəbul edildiyi gündən 5 (beş) iş günü ərzində bu Qaydaların 2.9-cu bəndində göstərilmiş məlumatlar məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya onun müavininin imzalanmış müşayiət məktubu ilə təsdiqedici sənədlər əlavə edilməklə, kağız və elektron daşıyıcılarda Dövlət Reyestrinə təqdim olunur.

  2.5. Özəl məhkəmə eksperti tədqiqat metodunu onun aid olduğu məhkəmə ekspertizası sahəsi üzrə məhkəmə ekspertizası idarəsi ilə razılaşdırmaqla, bu Qaydaların 2.9-cu bəndində göstərilən məlumatları imzalanmış müşayiət məktubuna təsdiqedici sənədləri əlavə etməklə, kağız və elektron daşıyıcılarda Dövlət Reyestrinə təqdim edir.

  2.6. Tədqiqat metodu barədə məlumatlar Ədliyyə Nazirliyinə daxil olduğu gündən 1 (bir) iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə Dövlət Reyestrinə daxil edilir.

  2.7. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, o cümlədən məlumatların mətni üzərində hər hansı düzəliş olduqda və ya kağız daşıyıcı ilə elektron daşıyıcıda olan mətnlər arasında uyğunsuzluq aşkar olunduqda, bu barədə məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə müraciətin daxil olduğu gündən 3 (üç) iş günü müddətində yazılı bildiriş göndərilir. Çatışmazlıqlar məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti tərəfindən bildirişin alındığı tarixdən 5 (beş) iş günü müddətində aradan qaldırılmalıdır.

  2.8. Çatışmazlıqlar məhkəmə ekspertizası idarəsi və ya özəl məhkəmə eksperti tərəfindən bu Qaydaların 2.7-ci bəndində göstərilən müddətdə aradan qaldırılmadıqda, Dövlət Reyestrinə daxil edilməsi üçün təqdim olunmuş məlumatlar müvafiq məktubla geri qaytarılır.

  2.9. Dövlət Reyestrinə tədqiqat metodu barədə daxil edilən məlumatlar aşağıdakılardır:

  2.9.1. tədqiqat metodunun adı;

  2.9.2. tədqiqat metodunun aid olduğu məhkəmə ekspertizası sahəsi;

  2.9.3. tədqiqat metodunu təqdim edən məhkəmə ekspertizası idarəsinin adı, hüquqi ünvanı, özəl məhkəmə ekspertinin adı, soyadı, atasının adı və fəaliyyət göstərdiyi ünvan;

  2.9.4. tədqiqat metodunun pasportu (1 nömrəli əlavə);

  2.9.5. tədqiqat metodunun Dövlət Reyestrinə daxil edildiyi tarix və qeydiyyat nömrəsi.

  2.10. Dövlət Reyestrindəki məlumatlarda dəyişiklik və yeni tədqiqat metodunun Dövlət Reyestrinə daxil edilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir.

  2.11. Dövlət Reyestrinə daxil edilmiş məlumatlarda onların uyğunsuzluğuna səbəb olmuş texniki və digər səhvlər aşkar edildikdə, həmin səhvlər məhkəmə ekspertizası idarəsinin və ya özəl məhkəmə ekspertinin müraciəti əsasında və ya Ədliyyə Nazirliyinin təşəbbüsü ilə 1 (bir) iş günü ərzində aradan qaldırılır.

 

3. Dövlət Reyestrindən istifadə

 

3.1. Dövlət Reyestri açıqdır, Ədliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar daim yenilənir.

3.2. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra edilir.

3.3. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-4-cü maddəsinin üçüncü hissəsinə əsasən, məhkəmə ekspertləri məhkəmə ekspertizasının aparılması zamanı Dövlət Reyestrinə daxil olan tədqiqat metodundan istifadə edirlər.

3.4. Məhkəmə eksperti Dövlət Reyestrinə daxil olmayan tədqiqat metodundan yalnız həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla istifadə edə bilər:

3.4.1. qanunda nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;

3.4.2. elmi cəhətdən əsaslandırılmışdır;

3.4.3. insanların həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.

 

 

 

                                      

_____________________

 

 

 

 

 

 

“Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və  metodların həmin

Reyestrə daxil edilməsi Qaydaları”na

 

1 nömrəli əlavə

 

                                                        

 

Məhkəmə Ekspertizası Tədqiqat

Metodunun Pasportu

 

1. Metodun adı

2. Metodun müəllifi (müəllifləri) barədə məlumat

3. Metodun mahiyyəti:

3.1. Metodun həll etdiyi ekspert məsələləri

3.2. Tədqiqat obyektləri

3.3. Tədqiqat üsulları

3.4. Tədqiqat vasitələri

3.5. Metodun qısa mərhələli təsviri

4. Metodun təsdiq edilməsi, özəl məhkəmə eksperti tərəfindən təqdim edildikdə metodun razılaşdırılması barədə məlumatlar

 

 

 

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə