Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 226 Bakı şəhəri, 29 iyun 2020-ci il

“Məhkəmə ekspertinin etik dav­ranış kodeksi”nin təsdiq edilməsi haqqında

“Dövlət məhkəmə ekspertiza­sı fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Res­publikasının 2019-cu il 29 noyabr tarixli 1709-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət məhkəmə eksperti­zası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Pre­zidentinin 2000-ci il 15 yanvar tarixli 252 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 dekabr tarixli 883 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Məhkəmə ekspertinin etik davranış kodeksi” təsdiq edilsin (əlavə olunur).

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş Naziri

 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2020-ci il 29 iyun

tarixli 226 nömrəli Qərarı ilə

təsdiq edilmişdir.

 

 

 

Məhkəmə ekspertinin etik davranış kodeksi

 

1. Ümumi müddəalar

 

1.1. Bu kodeks “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin on dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və məhkəmə ekspertizası idarələrinin və özəl məhkəmə ekspertlərinin (bundan sonra – məhkəmə eksperti) etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir.

1.2. Bu kodeks məhkəmə ekspertlərinin nüfuzunun artırılması, şəxslərin onlara etimadının yüksəldilməsi, habelə məhkəmə ekspert-lərinin fəaliyyətində səmərəliliyin artırılması məqsədi daşıyır.

1.3. Məhkəmə ekspertinin fəaliyyəti bu kodeksin 2-ci hissə-sində nəzərdə tutulmuş etik davranış qaydalarına və prinsiplərinə əsaslanır.

1.4. Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu kodekslə müəyyən edilmiş etik davranış qaydaları ilə yanaşı, onların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlarda nəzərdə tutulmuş etik davranışla bağlı tələblər də şamil olunur.

 

2. Məhkəmə ekspertinin etik davranış qaydaları

 

2.1. İnsan və vətəndaşların hüquq və azadlıqlarına, qanuni maraqlarına, şərəf və ləyaqətinə, habelə fiziki və hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət:

2.1.1. məhkəmə eksperti öz fəaliyyətini həyata keçirərkən, insan və vətəndaşların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir;

2.1.2. məhkəmə eksperti hüquqi şəxslərin işgüzar nüfuzuna hörmətlə yanaşmalı və onların işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

 

 

2.2. Qanunçuluq:

2.2.1. məhkəmə eksperti öz vəzifələrinin icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respub-likasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi və normativ xarakterli aktların tələblərini rəhbər tutmalı, habelə qanunvericiliyin tələblərinə dürüst və dönmədən əməl etməlidir.

2.3. Vicdanlı davranış:

2.3.1. məhkəmə eksperti şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə öz vəzifələrini səmərəli və vicdanla yerinə yetirməyə borcludur;

2.3.2. məhkəmə eksperti fəaliyyətini həyata keçirərkən, hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

2.4. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması:

2.4.1. məhkəmə eksperti öz fəaliyyətini Azərbaycan Respub-likasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivə-sində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur;

2.4.2. məhkəmə eksperti etik davranışı və peşəkar fəaliyyəti ilə məhkəmə ekspertizası fəaliyyətinə hüquqi və fıziki şəxslərin inamını artırmalı və möhkəmləndirməlidir;

2.4.3. məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi biliyini, dünyagörüşünü artırmalı, innovativ texnologiyalardan istifadə etməyi bacarmalı, tədqiqat metodlarını və ekspert təcrübəsini öyrənməli, habelə nəzəri və təcrübi bilik səviyyəsini daim inkişaf etdirməlidir;

2.4.4. məhkəmə eksperti fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır.

2.5. Loyallıq:

2.5.1. məhkəmə eksperti həqiqətə uyğun olmayan məlumat-ların şərh edilməsinə, müzakirəsinə və yayılmasına yol verməməli, eləcə də vəzifəsinə aid olmadığı hallarda, digər məhkəmə ekspertləri ilə bağlı tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Bu qayda məhkəmə ekspertinin elmi-pedaqoji fəaliyyəti ilə bağlı çıxışlarına və ya elmi yazılarına şamil olunmur;

2.5.2. məhkəmə eksperti digər ekspertlərin işinə əngəl törətməklə, habelə əsassız güzəştlər etməklə, məhkəmə eksper-tizası fəaliyyətinin müəyyən sahəsini inhisara almamalıdır;

2.5.3. məhkəmə eksperti öz fəaliyyətini həyata keçirərkən, məhkəmə ekspertizası fəaliyyətinin nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir;

2.5.4. məhkəmə eksperti “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda ekspertiza fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə, o cümlədən vəzifələrə əməl etməlidir.

2.6. İctimai etimad:

2.6.1. məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətinin nüfuzunu artırmağa və möhkəmləndirməyə, habelə öz adını və şərəfini uca tutmağa borcludur;

2.6.2. məhkəmə eksperti etik davranış qaydalarının onun tərəfindən pozulması nəticələrini aradan qaldırmalı, habelə ictimai etimadın bərpası üçün tədbirlər görməlidir.

2.7. Mədəni davranış:

2.7.1. məhkəmə eksperti fəaliyyəti dövründə və fəaliyyətindən kənarda ünsiyyətdə olduğu şəxslərə münasibətdə nəzakətli, diqqətli və səbrli olmalı, onlara hörmətlə yanaşmalı, xüsusi biliyi ilə fərqlənməli, iş yerində mədəni-əxlaqi mühitin yaranmasına çalışmalıdır;

2.7.2. məhkəmə eksperti fəaliyyəti dövründə ünsiyyətdə olduğu şəxslərlə, o cümlədən məhkəmə ekspertləri ilə hər hansı mübahisəli vəziyyətdən çəkinməlidir;

2.7.3. məhkəmə eksperti fəaliyyəti dövründə digər məhkəmə ekspertləri ilə qarşılıqlı münasibətlərini müəyyən qanuni hərəkətlərə və ya praktikaya əsaslanan inam və hörmət prinsipi əsasında qurmalıdır.

2.8. Müstəqillik və qərəzsizlik:

2.8.1. məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətini həyata keçirərkən, obyektiv və qərəzsiz olmalı, habelə müstəqilliyini şübhə altına alan hərəkətlərə yol verməməlidir;

2.8.2. məhkəmə eksperti öz vəzifələrini yerinə yetirərkən, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə və qulluq mövqeyinə, dinə münasibətinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir;

2.8.3. məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətini həyata keçirərkən, özünün, ailə üzvlərinin və ya digər maraqlı şəxslərin mənafelərinin onun vəzifələrinin yerinə yetirilməsinə təsirinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalıdır;

2.8.4. məhkəmə eksperti məhkəmə ekspertizası fəaliyyətini həyata keçirərkən, yalnız özünün xüsusi biliyinə və daxili inamına əsaslanaraq tədqiqat aparmalıdır.

2.9. Qanunsuz olaraq maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi:

2.9.1. məhkəmə ekspertinin qanunsuz olaraq maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkətlər (hərəkətsizlik) etməsi qadağandır;

2.9.2. məhkəmə eksperti məhkəmə ekspertizasının aparılması ilə bağlı işin gedişatında maraqlı olduğunu güman etməyə əsas verən proses iştirakçıları ilə şəxsi əlaqələr yaratmamalı, habelə onlardan qiymətli hədiyyə, sovqat almaqdan, digər sui-istifadə hallarından çəkinməlidir.

2.10. Maraqların toqquşmasının qarşısının alınması:

2.10.1. məhkəmə eksperti fəaliyyəti dövründə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz səlahiyyət-lərindən şəxsi maraqları üçün istifadə etməməlidir;

2.10.2. məhkəmə ekspertizası idarəsinin ekspertinin xidməti vəzifələri ilə onun şəxsi maraqları arasında ziddiyyət yarana biləcəyi hallarda o, qanunvericiliyə müvafiq olaraq qulluğa qəbul olunduqda, habelə bundan sonrakı dövrdə həmin maraqların xarakteri barədə məlumat verməyə borcludur;

2.10.3. məhkəmə eksperti maraqların toqquşmasının qarşısının alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməlidir;

2.10.4. məhkəmə eksperti fəaliyyəti dövründə etik davranış qaydaları, korrupsiyaya qarşı mübarizə və maraqların toqquşmasının qarşısının alınması ilə bağlı normativ hüquqi və normativ xarakterli aktlarla tanış olmalıdır.

2.11. Konfidensiallıq:

2.11.1. məhkəmə eksperti təhqiqat aparan şəxsin, müstəntiqin və ya prokurorun icazəsi olmadan təhqiqat və ibtidai istintaq məlumatlarının yayılmasına yol verməməlidir;

2.11.2. məhkəmə eksperti dövlət, qulluq, peşə və kommersiya sirri təşkil edən və qanunla qorunan məlumatları, habelə məhkəmə ekspertizasının aparılması ilə əlaqədar ona məlum olan və açıqlanması insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulmasına səbəb ola bilən məlumatların yayılmasına yol verməməlidir;

2.11.3. məhkəmə eksperti fəaliyyəti ilə bağlı əldə etdiyi məlumatları şəxsi və digər məqsədlər üçün istifadə etməməlidir.

2.12. Əmlakdan və tədqiqat obyektlərindən istifadə:

2.12.1. məhkəmə ekspertizası idarələrinin ekspertləri istifadə-sində olan dövlət əmlakından, maliyyə vəsaitlərindən, avadanlıq-lardan, cihazlardan və informasiya təminatı vasitələrindən qənaətlə və səmərəli istifadə etməli, habelə onlardan vəzifələrinin icrası ilə əlaqədar olmayan digər məqsədlər üçün istifadə etməməlidir;

2.12.2. məhkəmə eksperti təqdim edilmiş tədqiqat obyektlərinin və iş üzrə materialların qorunub saxlanılmasını təmin etməli, habelə məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin razılığı olmadan tədqiqat obyektini məhv etməməli və ya onun xassəsini əhəmiyyətli dərəcədə dəyişdirməməlidir.

2.13. Fərdi reklama yol verilməməsi:

2.13.1. məhkəmə eksperti üstünlük əldə etmək üçün fərdi reklamla məşğul olmamalı, habelə kütləvi informasiya vasitələrində, o cümlədən internet informasiya ehtiyatlarında özünü, işini və birbaşa məhkəmə ekspertizası fəaliyyətinə aid olmayan xüsusiy-yətlərini reklam etməməlidir (məhkəmə ekspertizası idarəsinin və özəl məhkəmə ekspertinin iş rejiminin və olduğu yerin göstərilməsi reklam hesab olunmur).

 

3. Məhkəmə ekspertinin etik davranış qaydalarının

həyata keçirilməsinin təmin olunması

 

3.1. Etik davranış qaydalarına əməl olunması üçün məhkəmə ekspertinin davranışının həmin qaydalara uyğunluğu tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respub-likasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən, özəl məhkəmə ekspertlərinə münasibətdə isə onların özləri və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müntəzəm təhlil edilir və müvafiq olaraq bu kodeksin    3.2-ci bəndində nəzərdə tutulmuş tədbirlər görülür.

3.2. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir:

3.2.1. məhkəmə ekspertinin davranışının bu kodekslə müəyyən olunan etik davranış norma və prinsiplərinə uyğunluğuna nəzarət və onun təhlili aparılmalıdır;

3.2.2. etik davranış qaydalarının pozulmasının qarşısının alınması və profilaktikası üzrə tədbirlər görülməlidir;

3.2.3. məhkəmə ekspertinə etik davranış qaydaları izah edilməli və müraciət olunduğu təqdirdə, etik davranış qaydalarına əməl olunmasına dair onlara tövsiyələr verilməlidir;

3.2.4. etik davranış qaydalarının pozulmasının nəticələrinin aradan qaldırılması, habelə məhkəmə ekspertinə ictimai etimadın artırılması üçün tədbirlər görülməlidir;

3.2.5. məhkəmə ekspertizası idarələrinin ekspertləri tərəfindən etik davranış qaydaları pozulduqda, onlar barəsində müvafiq olaraq Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlarında nəzərdə tutulmuş tədbirlər görülməlidir;

3.2.6. özəl məhkəmə ekspertləri tərəfindən etik davranış qaydalarının pozulduğu hallarda, onlara Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən yazılı qaydada xəbərdarlıq edilməlidir;

3.2.7. etik davranış qaydalarına əməl olunması ilə bağlı digər tədbirlər görülməlidir.

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə