Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Məclis Prezidentin tövsiyələrinə uyğun olaraq fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub

VI çağırış Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə fəaliyyətə başladı. Dövlətimizin başçısının çıxışı parlamentin gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Komitə sədri qeyd edib ki, yeni tərkibli parlament Preziden­tin tövsiyələrinə uyğun olaraq öz fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub: “Formalaşmış parla­ment müasir cəmiyyəti, yeni siyasi mühiti özündə əks etdirir. Parlamentdə həm iqtidarı, həm müstəqilləri, həm də müxalifəti təmsil edən şəxslər parlamentin və onun komitələrinin rəhbərliyində təmsil olundular. Bilirsiniz ki, yeni çağırış parlamentin yaz ses­siyası dünyadakı pandemiya böhra­nı dövründə fəaliyyətə başladı. Bu şəraitdə parlamentin rolunun artırılması və cəmiyyət tərəfindən daha yüksək səviyyədə qəbul olunması üçün böyük işlər görüldü. Burada parlamentin yeni simasını, yeni təsir imkanlarını inki­şaf etdirən rəhbərliyin, xüsusilə Sədr Sahibə Qafarovanın rolunu xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, pan­demiya dövründə beynəlxalq əlaqələr canlı şəkildə demək olar ki, kəsildi, amma parlament beynəlxalq fəaliyyətini nəinki kəsmədi, hətta artırmağa baş­ladı. Təsadüfi deyil ki, Milli Məclisdə 80-dən çox ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdı­rılıb”.

Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin gö­rüldüyünü söyləyən komitə sədri deyib ki, pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, beynəlxalq müstəvidə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb.

S.Seyidov, həmçinin qeyd edib ki, yaz və növbədənkənar sessiyalar ərzində qanunvericilik fəaliyyətində üç mühüm bloku qeyd etmək lazım­dır: “Belə ki, bu dövrdə qanunvericilik işlərinin ən böyük hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. İkincisi isə, Prezidentin həyata keçirdiyi islahatlarla əlaqədar qanun­vericilik bazasının təkmilləşdirilməsidir. Bu istiqamətdə də vacib qanunlar qəbul olundu. Üçüncü blok qanun layihələri isə vətəndaşların problemlərinin həll olunması ilə birbaşa bağlıdır. Bu da korrupsiyaya qarşı mübarizə, insanlarda məmnunluq hissi yaradan vətəndaş-dövlət münasibətlərini tənzimləyən qanunların qəbul olunmasıdır. Təbii ki, bütün bunlar ölkədə qanunun aliliyi­ni təmin edən amillərdir. Sessiyalar ərzində ratifikasiya olunmuş müxtəlif dövlətlərarası və beynəlxalq sazişlərdə, konvensiyalarda hər üç blok əhatə olunur”.

Komitə sədri söyləyib ki, bu dövrdə görülən işlər parlamentin cəmiyyətdə nüfuzunu daha da artırıb və qanunverici orqana inamı yüksəldib, seçicilər ilə işin yüksək səviyyədə təşkil olunma­sına güclü əsaslar yaradıb: “Qısa bir müddətdə bu proseslərdə dönüş yara­nıb. Onu da qeyd edim ki, Prezidentin tövsiyələri əsasında parlament daxilində islahatlar da həyata keçirilib. Milli Məclis özündə islahatlara başlayaraq yeni baxışlarla ictimai münasibətləri forma­laşdırmağa başlayıb. Bu bizə deməyə əsas verir ki, qarşıdakı dövrlərdə də parlamentin ölkəmizin həyatında rolu artacaq, görülən işlər Azərbaycan parlamentarizminin inkişafına töhfələr verəcək”.

2 2020 04:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə