Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar azalır

Azərbaycanın da daxil olduğu Şərqi Avropa və Mərkəzi Asiya regionunda erkən nikahlar əsasən qanunla qadağandır və bu hallar zəif sürətlə də olsa azalmaya doğru gedir. Buna baxma­yaraq, regionun bəzi yerlərində erkən nikahlara hələ də geniş şəkildə rast gəlmək mümkündür.

BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regi­onal ofisinin rəhbəri Alanna Armitac bildirib ki, bəzi ölkələrdə qadınların 15 faizi 18 yaşına çatmamış ailə qurub, bəzi icmalarda isə iki qadından biri, hətta, uşaq yaşında ikən ərə verilib.

A.Armitac deyib ki, qız övladlarına nisbətdə oğlan övladlarına üs­tünlüyün verilməsi Şərqi Avropa və Mərkəzi Asiya regionunda müşahidə olunan zərərli təcrübələrdən biridir. Cənubi Qafqazın və Cənub-Şərqi Avropanın bir sıra bölgələrində daha çox qeydə alınan bu fenomen doğu­şun cinslər arasındakı təbii nisbətinin pozularaq qızlara nisbətən daha çox oğlan uşağının dünyaya gəlməsinə səbəb olur: “Pandemiya dünyanın bir çox yerində ailələrin öz iqtisadi yükünü azaltmaq üçün erkən nikahlara daha çox üz tutması ehtimalını artırır. Bununla yanaşı, sosial təcrid və karantin şəraitində təhsil müəssisələrinin bağlanması və hərəkətə qoyu­lan məhdudiyyət gənc qızların gündəlik həyat ritmini əngəlləyir, dəstək sistemlərinin fəaliyyəti qarşısında sədd çəkir. Pandemiya hər gün daha çox qızı müxtəlif risklərlə üz-üzə buraxır. Biz, dünyanın istənilən yerində qa­dınların və qızların öz hüquqlarından yararlana bilmələri və öz seçimlərini müstəqil şəkildə edə bilmələri üçün səylərimizi ikiqat artırmalıyıq”.

A.Armitac bildirib ki, dünyada cinsə görə ayrı-seçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur.

“Xalq qəzeti”

2 2020 04:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə