Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pandemiya ilə mübarizəyə biz də öz töhfəmizi veririk

Bir neçə aydır ki, milyonlarla insanın həyatına son qoymaqda davam edən COVID-19 epidemiyasının qar­şısının alınmasında bütün dünya mübarizə aparır. Odur ki, təhlükəli epidemiyanın miqyasının genişlənməməsi üçün ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi qaydalarına bir nəfər kimi əməl etmək vacibdir. Bu sözləri “Xalq qəzeti”nə açıqlamasında “Yeni həyat” Hu­manitar və Sosial Dayaq İctimai Birliyinin rəhbəri Nailə İsmayılova bildirib. O, daha sonra deyib:

– Bu gün təkcə ölkəmiz deyil, bütün bəşəriyyət çətin sınaq – “olum, ya ölüm” di­lemması qarşısındadır. Dövlətimiz ölkəmizdə yoluxma riskinin azaldılması istiqamətində zəruri tədbirləri davam etdirir, sərtləşdirilmiş karantin rejimi tətbiq edilir, maarifləndirmə tədbirləri görülür. Gecə-gündüz demədən həkimlərimiz, tibb işçilərimiz xəstələri həyata qaytarmaq üçün mübarizə aparırlar.

Paytaxtla yanaşı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi yeni növ koronavirus infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədini daşıyır. Əlbəttə, bu qaydaların tətbiqi vətəndaşların təhlükəsizliyinin və sağ­lamlığının qorunmasına xidmət edir. Belə olan halda, COVID-19 infeksiyasının yayılmaması, yoluxma zəncirinin qırılması üçün vətəndaşlar da məsuliyyətli olmalı, müəyyən edilən qay­dalara diqqətlə yanaşmalıdırlar.

Mütəxəssislər bildirirlər ki, hələ uzun müddət dünya COVID-19 epidemiyası ilə yanaşı yaşamalı olacaq. Odur ki, virusdan qorunma tədbirləri davamlı olmalı, hər bir vətəndaş ÜST-ün müəyyənləşdirdiyi qayda­lara riayət etməlidir. Prezident İlham Əliyevin vətəndaşlara çağırışı, qoruyucu maskalardan istifadənin zəruriliyi ilə bağlı fikirlər, eləcə də əhalinin sıx olduğu məkanlarda, xüsusilə metro və ictimai nəqliyyatda səsləndirilən maarifləndirici çağırışlar artıq müsbət nəticələr verməkdədir. Müşahidələr göstərir ki, ictimai nəqliyyatda, metroda və digər qapalı məkanlarda vətəndaşların əksəriyyəti maskalardan istifadə edirlər.

Lakin karantin rejimi qaydalarına əməl etmək mütəmadi olmalıdır. Qoruyucu mas­kalar, dezinfeksiyaedici məhlullar və bir də sosial məsafə... Bu gün bütün dövlət işində və özəl sektorda çalışan hər bir şəxs dövlətin gördüyü işlərə dəstəyi əməli şəkildə, öz məsuliyyətli davranışı ilə göstərməlidir. Biz vətəndaş cəmiyyətinin fəal nümayəndələri olaraq, öz üzərimizə düşən vəzifələri və həmçinin maarifləndirmə işlərini də görürük.

Bu yaxınlarda Prezident İlham Əliyevin ictimai qınaqla bağlı çağırışına qoşularaq QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Televiziyasının əməkdaşları ilə birgə Bakının bir neçə rayonunda ictimai nəqliyyatda müşahidə və maarifləndirmə xarakterli monitorinqlər keçirdik. Vətəndaşlarla həmsöhbət olduq, onların qaydalara necə əməl etməsini izlədik. Monitorinqin məqsədi ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınması məsələsində ictimai dəstəyi təmin etmək idi. Düşünürük ki, bu cür tədbirlərin və maarifləndirici söhbətlərin aparılmasında vətəndaş cəmiyyəti olaraq, daha da fəal olmalı, öz dəstəyimizi göstərməliyik.

Biz həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu bəladan yaxa qurtara bilərik.

Qələmə aldı: Əfsanə BAYRAMQIZI, “Xalq qəzeti”

2 2020 04:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə