Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın sığorta sektorunun inkişafında dinamika müşahidə edilir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda sığorta sektorunun dinamik inkişaf etdi­yini, lakin hələ tam formalaşmadığını bildirib. Agentlik, eyni zamanda, ölkənin sığorta sektorunda tənzimləyici və nəzarətedici rejimin gücləndiyini, bununla belə şəffaflıq və hüquqi tətbiqetmənin səmərəliliyinin artırıl­masının zəruriliyini də diqqətə çatdırıb.

Xatırladaq ki, bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilən 136,8 milyon manat sığorta ödənişinin 111,969 milyon ma­natı və yaxud 81,85 faizi 5 sığorta şirkətinin payına düşüb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, həmin şirkətlər “PAŞA Həyat Sığorta” (57,34 milyon manat), “PAŞA Sığorta” (27,919 milyon manat), “Atəşgah Həyat Sığorta” (12,915 milyon manat), “Xalq Sığorta” (7,191 milyon manat) və “Atəşgah Sığorta” (6,604 milyon manat) ASC-lərdir.

Azərbaycanın sığorta sektorunun inki­şafında daha yüksək nəticələrə nail olmaq üçün hansı tədbirlər görülməlidir. İqtisad üzrə fəlsəfə doktoru, sığortaçı Fazil Ələkbərov suala cavabında dedi:

– Bu gün Azərbaycanda sığorta bazarının davamlı inkişafı mühüm strateji əhəmiyyət da­şıyır. Təsadüfi deyildir ki, “Azərbaycan Respub­likasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə sığorta sahəsi qarşısın­da çeviklik, rəqabətqabiliyyətlilik və innovativlik kimi yeni vəzifələr müəyyən edilib. Həmin vəzifələrin uğurla yerinə yetirilməsi üçün strateji hədəflər və strateji prioritetlər üzrə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Bu hədəflərin sırasında sığorta bazarının inkişafı üçün bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması, şirkətlərin kapitallaşması, aktivlərin sağlamlaş­dırılması, məlumatların mübadiləsi sisteminin inkişafı, müştərilərin hüquqlarının müdafiəsi üzrə etibarlı mexanizmlərin qurulması və s. istiqamətlərdə layihələrin reallaşdırılması yer alıb.

Sığorta sektorunun inki­şafının təmin edilməsi üçün hazırda bu sahənin bazarının ümumi biznes həcminin artı­rılması, bunun üçün mövcud könüllü sığorta məhsullarının təkmilləşdirilməsi və yeni məhsulların yaradılması tədbirlərinə ciddi ehtiyac du­yulur. Bununla yanaşı, hüquqi bazanın genişləndirilməsi və təkmilləşdirilməsi, icbari sığorta növlərinin artırılması üzrə fəaliyyət də diqqət mərkəzində sax­lanılmalıdır. Bu dövrdə sığorta şirkətlərinin təkmilləşdirilməsi də prioritet istiqamət təşkil edir. Belə bir vəzifənin qarşıya qoyulma­sı təsadüfi deyil. Çünki ölkəmizdə sığorta şirkətlərinin yaradılması və formalaşması prosesi son 25 ildə mürəkkəb mərhələlərdən keçib, ötən müddətdə bazar tələblərinə cavab verməyən şirkətlərin bazarı tərk etmələri, digər şirkətlərin isə bazarda möhkəmlənmək cəhdləri müşahidə olunub. Hazırda da bu təbii iqtisadi proses davam etməkdədir.

Sığorta bazarında əlverişli tariflərin (qiymətlərin) formalaşması da ən mühüm məsələlərdən biridir. Bunun üçün əsas şərtlər sırasında tarif (qiymət) sığorta şirkətinin risklərini örtməklə zəruri mənfəətliliyini təmin etməli və müştərilər üçün əlçatan olmalı­dır. Şığorta şirkətləri ümumi razılaşmalar əsasında dempinq siyasətindən (qiymətdən real dəyərdən aşağı təklif olunması) əl çəkməli, daha əsaslandırılmış tarifləri təklif etməlidirlər.

Sığorta biznesinin uzunmüddətli və daya­nıqlı aparılması üçün şirkətlər qısamüddətli dövrə hesablanmış “yüksəkmənfəətlilik” prinsipindən daşınmalı, daha sabit və davamlı inkişafı təmin edən uzunmüddətli “kifayətedici mənfəətlilik” prinsipinə keçməlidirlər.

V.BAYRAMOV, “Xalq qəzeti”

2 2020 04:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə