Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Zəifləri qorumaq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı” mövzusunda vebinar iclas keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə iyunun 30-da KAİCİİD Beynəlxalq Dialoq Mərkəzinin təşkil etdiyi “Zəifləri qoru­maq: həmrəyliyə və fəaliyyətə dinlərarası çağrı” mövzusunda vebinar iclasında iştirak edib.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, KAİCİİD Dialoq Mərkəzinin baş katibinin ali müşaviri, professor Məhəmməd Abu Nimerin modera­torluğu ilə keçən tədbirin gedişində bir sıra önəmli məsələlər, o cümlədən pandemiya dövründə yaranmış spesifik çətinliklərin cəmiyyətin ən həssas təbəqələrinin həyatında əks olunması və bu çətinliklərin dəf olunmasında dini icmaların görə biləcəyi işlər müzakirə olunub.

İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen, Xristian-Müsəlman dialoqu üzrə Milli Komitənin baş katibi Mohammad Sammak, Shanti Ashram təşkilatının direktoru Kezevino Aram və başqaları vebinarda çıxış ediblər. Vurğulayıblar ki, dünya üçün mürəkkəb dövr kimi xarakterizə olunan hazırkı dövrdə risk qrupuna daxil olan, ən çox yardıma ehtiya­cı olan təbəqələrin pandemiyanın sosial, iqtisadi təsirlərindən qorunması yönündə real işlər görülməlidir və bu baxımdan, dünyanın müxtəlif ölkələrində müxtəlif dini icmaların təcrübəsindən yararlanmaq zəruridir. Vebi­narda təhsil sahəsində yaşanan çətinliklər, dünyanın heç də bütün məntəqələrində texniki vasitələrdən istifadə edərək distant təhsilin əlçatan olmaması, işsizliyin art­ması səbəbindən yoxsulluğun çoxalması, turizm imkanlarının məhdudlaşmasının iqtisadi fəsadları və digər bu kimi məqamlar gündəmdə olub.

Dünyanın nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİCİİD-in Direktorlar Şurasının üzvü Şey­xülislam Allahşükür Paşazadə videoiclasda çıxış edib. A.Paşazadə vebinar iştirakçıla­rına məlumat verib ki, Azərbaycan dövləti pandemiyanın ilk günlərindən ölkə daxilində cəmiyyətin ən müxtəlif təbəqələrinin, o cümlədən, daha həssas cəmiyyət üzvlərinin ehtiyaclarını qarşılamaq üçün mümkün olan bütün tədbirləri həyata keçirir. Nazirlər Kabineti yanında operativ qərargah bu işləri yüksək səviyyədə dövlət nəzarəti altında reallaşdırır, lazımi addımları ardıcıl və situasiyaya uyğun tənzimləyir. Bu dövr ərzində dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi ölkəmizdəki digər dini konfessi­yalarla birlikdə COVID-19 bəlasına qarşı mübarizənin səmərəliliyini artıran bütün lazımi tədbirləri həyata keçirməkdədir. QMİ və digər dini icmalar Operativ Qərargahla yaxından, fəal əməkdaşlıq edərək dini ayin və ibadətlərə dair bütün təlimatları koordi­nasiyalı şəraitdə ümumi işin mənafeyinə uyğun tərzdə tənzimləyir. QMİ sədri dövlət-din münasibətlərinin yüksək səviyyəsinin göstəricisi olan bu məqamı bütün dünya üçün örnək nümunə kimi dəyərləndirib.

A.Paşazadə onu da diqqətə çatdırıb ki, yalnız Azərbaycanın Ermənistan işğalı altında olan 20 faiz ərazilərində pandemiya səbəbindən yaranmış vəziyyəti nəzarətdə saxlaya bilmirik və bu xəstəliyin yayılmasına səbəb olur.

Azərbaycan dövlətinin beynəlxalq müstəvidə insan həmrəyliyi nümayiş etdirərək 30-dan çox dövlətə humanitar yardım göstərdiyini, bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinin hər za­man olduğu kimi qlobal təşəbbüslərini davam etdirərək pandemiya dövrünün əvvəlindən bir sıra platformalarda beynəlxalq əməkdaşlıq nümunəsi göstərdiyini, bu yaxınlarda isə BMT-nin Baş Assambleyasının COVID-19 problemi ilə bağlı xüsusi iclasının çağırılması barədə təşəbbüs irəli sürdüyünü diqqətə çat­dırıb. Ermənistandan başqa bütün dövlətlərin razılıq verdiyi bu təşəbbüs heç şübhəsiz ki, dünya miqyasında pandemiyanın və onun fəsadlarının aradan qaldırılması yolunda əhəmiyyətli addım olacaq.

QMİ sədri rəhbərlik etdiyi Beynəlxalq Bakı Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi, MDB Müsəlmanları Məşvərət Şurası xətti ilə keçirdiyi onlayn iclaslar barədə, habelə bu ilin iyul ayında Qafqaz Xalqları Ali dini Şurasının üzvləri ilə bu mövzuda baş tutacaq videokonfrans barədə məlumat verib. QMİ sədri pandemiya dövründə Yer üzündə münaqişələrin dayandırılmasını, qarşıdurma və nifrət çağırışlarının qarşısının alınması­nın, humanitar yardımlaşma əvəzində siyasi məqsədlərlə sanksiya tətbiqinin aradan qaldırılmasının xüsusən zəruri olduğunu vurğulayıb.

Şeyxülislam Allahşükür Paşazadənin çıxışı və verdiyi təkliflər moderator və vebinar iştirakçıları tərəfindən dəstəklənib.

Daha sonra vebinarın ünvanına daxil olmuş suallar cavablandırılıb.

2 2020 04:27 -

Köhnə versiyamızdan xəbərləri izlə