Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ekoloji problemlərə qarşı mübarizənin önündə gedən ölkələrdəndir

Azərbaycan ekoloji problemlərə qarşı mübarizənin önündə gedən ölkələrdəndir

Ekologiya ili” başa çatdıqda demişdim ki, hesab edin ki, “Ekologiya ili” bu gün də davam edir, sabah da davam edəcək, hər il bizdə “Ekologiya ili” olmalıdır. Çünki bu, həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir. Yəni bu proses davam etdirilir və bu prosesin müsbət nəticələri vardır.
İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün dünya ölkələrinin sürətli inkişafı istər-istəməz, yeni ekoloji gərginlik yaradır. Üstəlik, qlobal istiləşmə də həmin problemlərin ortaya çıxmasını sürətləndirir. Bu isə o deməkdir ki, heç bir ölkə bu fəsadlara qarşı təkbaşına mübarizə aparmaq iqtidarında deyil. Ona görə də beynəlxalq ictimaiyyət dünyanın üzləşdiyi ekoloji problemlərin qarşısının alınması və iqlim dəyişmələrinin fəsadlarının azaldılması istiqamətindəki tədbirlərin səmərəsini artırmaq məqsədilə güclərin birləşdirilməsini və birgə mübarizəni vacib sayır. 
Bu istiqamətli beynəlxalq sənədlərdə göstərilir ki, ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Odur ki, davamlı inkişaf fonunda baş verən proseslər respublikamızda da ətraf mühitin qorunmasını tələb edir. Belə ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. 
Qətiyyətlə deyə bilərik ki, son illərdə ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli istiqamətində respublikamızda kifayət qədər iş görülmüşdür. Bu baxımdan Azərbaycanda davamlı inkişafı təmin etmək məqsədilə ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsinin hüquqi bazası yaradılmışdır. Müstəqilliyin bərpasından keçən müddət ərzində əhalinin sağlamlığı, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizlik və təbii resurslardan səmərəli istifadəyə dair 20-dən çox qanun qəbul edilmişdir. Buna misal olaraq “Bitki mühafizəsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Balıqçılıq haqqında”, “Yerin təki haqqında” , “Ətraf mühitin mühafizəsi haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ekoloji təhlükəsizlik haqqında”, “Atmosfer havasının qorunması haqqında”, “İcbari ekoloji sığorta hağğında”, “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” və sair qanunları göstərmək olar.
 Prezidentin sərəncamları ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasında ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair” və “Azərbaycan Respublikasında meşələrin bərpa edilməsi və artırılmasına dair” Milli proqramlarda, “Hidrometeorologiyanın İnkişaf Proqramı”, “Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və səhralaşmanın qarşısının alınmasına dair”, “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı” Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi öz səmərəsini vermişdir və həmin layihələrin icrası davam etdirilir.
Bundan başqa, “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar bir sıra layihələr uğurla həyata keçirilib. Eləcə də, ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan istifadə sahəsində milli səviyyədə müəyyən edilmiş təşkilati tədbirlər müntəzəm həyata keçirilir. Məsələn, SSRİ-nin süqutundan sonra yaranmış müstəqil dövlətlər arasında Dünya Bankının dəstəyi ilə ilk dəfə Azərbaycanda ətraf mühitə təsirin qiymətləndirilməsi hazırlanaraq həyata keçirilmişdir.
Bu amillər ulu öndər Heydər Əliyevin daim diqqət mərkəzində idi. Məhz onun təşəbbüsü ilə ətraf mühitə ciddi təsir göstərə bilən karbohidrogen ehtiyatların və digər faydalı qazıntıların istismar layihələri və yeni tikinti layihələri 1996-cı ildən başlayaraq ekoloji ekspertizadan keçirilməyə başlanmışdır. Elə 1998-ci ildə hazırlanmış ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət planı da bilavasitə Heydər Əliyevin təşəbbüsü idi. Ulu öndərin ölkəmizə rəhbərlik etdiyi illərdə davamlı inkişafa keçid prinsiplərinə uyğun olaraq, ətraf mühit və təbii ehtiyatların sistemli idarə olunması məqsədilə həyata keçirilən institusional tədbirlərdən biri də 2001-ci ilin may ayında yeni strukturları əhatə edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılması idi.
Xüsusilə qeyd edilməli məqamlardan biri də ölkəmizin bu istiqamətdə regonal səviyyədə əməkdaşlığa xüsusi önəm verməsidir. Belə ki, Azərbaycan ekoloji problemlərin həllində regional səviyyədə geniş fəaliyyət göstərir. Həmin əməkdaşlıq aspektlərindən biri Xəzər Ekoloji Proqramıdır. Bu layihə Dünya Bankı və digər beynəlxalq maliyyə qurumlarının dəstəyi ilə beş Xəzəryanı ölkənin (Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan) razılığı ilə 1995-ci ildə təşkil edilmişdir. Bu proqramın əsas məqsədi Xəzərin ekologiyasının uzun müddət üçün idarə olunması və bu sahədə davamlı inkişafın təmin edilməsidir. Xəzər Ekoloji Proqramı çərçivəsində 1995-ci ildən indiyə kimi Azərbaycanda bir çox ekoloji layihələr həyata keçirilmişdir.
Xatırladaq ki, Azərbaycanın dövlət strukturları ilə yanaşı, ölkə QHT-ləri də ekoloji problemlərin həllində fəal iştirak edirlər. Məsələn, Azərbaycan, Gürcüstan, Rusiya və Ermənistanın daxil olduğu Cənubi Qafqaz Regional Ekoloji Mərkəzinin yaradılmasında əsas məqsəd Cənubi Qafqazda ekoloji məsələlərin həllində və davamlı inkişafın təmin edilməsində hökumətlərarası (QHT-lərarası) əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsindən ibarətdir.
Bundan başqa, ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı genişləndirmək və qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək məqsədilə Azərbaycan bir çox ekoloji konvensiyalara qoşulmuşdur. Bu, ətraf mühitin mühafizəsi və qlobal ekoloji problemlərin həllində Azərbaycanın iştirakına meydan açıb. 
Müstəqilliyin bərpasından sonra ətraf mühitin mühafizəsi ilə əlaqədar qəbul olunmuş qanunların hər birinin tətbiq edilməsi barədə ölkə prezidentinin müvafiq fərmanları verilmiş, idarəetmə orqanlarının səlahiyyətləri və icra mexanizmi müəyyənləşdirilmişdir. Mövcud qanunlara müvafiq olaraq bir sıra normativ sənədlər, qaydalar və əsasnamələr işlənilib təsdiq edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
Həmin istiqamətlərin önündə gedən məsələ iqlim dəyişmələridir. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını imzalamış, 1995-ci ildə Milli Məclis tərəfindən ratifikasiya etmiş, 2000-ci ildə bu konvensiyaya əlavə olan Kioto protokolunu imzalamışdır. Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün respublika Prezidentinin sərəncamı ilə 1997-ci ildə iqlim dəyişmələri üzrə dövlət komissiyası yaradılmışdır. Konvensiyanın tərəfi kimi, Azərbaycan iqlim dəyişmələrinin gözlənilən təsirinin azaldılmasına yönəlmiş milli və regional proqramların hazırlanması, həyata keçirilməsi və nəşr etdirilərək ictimaiyyətə çatdırılması kimi öhdəliklər götürmüşdür. 
Əlbəttə, bütün bunlar ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə ekoloji problemlərin həllinə ayrılan diqqətin nəticəsi kimi qəbul edilir. Prezident İlham Əliyevin 15 illik rəhbərliyi dövründə isə ekoloji siyasət daha müasir metodlarla, müfəssəl həyata keçirilmişdir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etmişdir. 
Dövlət başçımızın hələ 2012-ci ilin iyulunda Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlər bu istiqamətdə reallaşdırılan tədbirlər haqqında tam təəssürat yaradır: “Sənaye inkişafımız ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. İri sənaye müəssisələrinin şəhər mərkəzindən çıxarılması prosesi gedir, getməlidir. Bakı sakinləri bu prosesin müsbət nəticələrini görürlər. Biz vaxtı ilə köhnəlmiş, ekoloji cəhətdən təhlükəli sənaye müəssisələrini şəhərin mərkəzindən çıxarırıq, yeni yerlərə köçürürük... Parklar, avtomobil dayanacaqları, bağçalar salınmalıdır ki, insanlar üçün daha da yaxşı şərait yaradılsın. Yaşıllıq zolaqları, ağaclar əkilməlidir. Bu il iki milyondan artıq ağac əkilmişdir. Əvvəlki dövrdə daha da çox idi. Çünki “Ekologiya ili” çərçivəsində hər yerdə bu proses gedirdi... Bayraq meydanına gedən yol və Yeni Bulvar bunun bariz nümunəsidir. Bu yerlər köhnəlmiş, yəni sovet dövründə tikilmiş və heç bir əhəmiyyət daşımayan zavodlarla, elə bil ki, əhatə olunmuşdu. Onları oradan köçürmək o qədər də asan olmamışdır. Müqavimətlər də oldu. Ancaq siyasi iradə olduqda heç bir müqavimət heç bir nəticə vermir”.
 

Günel ƏMƏNULLAYEVA, 
kimya üzrə fəlsəfə doktoru

6 2018 23:15 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə