Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə Məmməd Əmin Rəsulzadənin ikicildliyi nəşr edilib

Türk dünyasının görkəmli fikir adamlarından və Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri Məmməd Əmin Rəsulzadənin əsərlərinin ikicildliyi  Türkiyədə işıq üzü görmüşdür.  Azərbaycan ədəbiyyatı ilə  ilə yanaşı,  özbək, türkmən, tatar ədiblərinin də Türk dünyasına tanıdılmasında əvəzsiz xidmətləri olan Yavuz Akpınarın təqdimatında “Ötükən” nəşriyyatında işıq üzü görən “Seçilmiş əsərlər” barədə redaksiyamıza İzmirdəki Egey Universitetinin professoru Aydın İbrahimov məlumat vermişdir.

Məmməd Əmin Rəsulzadənin əsərlərinin ikicildliyinin təqdimatı Azərbaycan ədəbiyyatı, mətbuatı haqqında  çoxsaylı elmi araşdırmaların müəllifi və türk dünyasının tanıdılmasında böyük işlərə imza atan araşdırmaçı alim Yavuz Akpınarın yeni töhfəsidir. İkicildlikdə Məməd Əmin Rəsulzadənin Türkiyədə ərəb əlifbası ilə  yayınlanmış əsərləri  və Yavuz Akpınarın uzun illərdən bəri toplayıb qoruduğu  “M.Ə. Rəsulzadə arxivi”ndə olan, amma günümüzə qədər nəşr edilməmiş əsərləri toplanmışdır.

Yavuz Akpınar, İrfan Murat İldırım və Səbahətdin Çağ tərəfindən hazırlanan I cilddə Məmməd Əmin Rəsulzadənin Türkiyədə ərəb əlifbası ilə nəşr edilmış bütün kitabları və müxtəlif kitabların ayrı-ayrı bölmələrindəki əsərləri yer almışdır. Yavuz Akpınarın nəşrə hazırladığı II cilddə  “Yeni Kafqaziya” jurnalından başqa  Rəsulzadənin digər nəşrlərdə dərc edilməmiş məqalələri  “Dövrü nəşrlərdəki yazıları (1918-1954)” adı ilə kitabın I bölümündə təqdim olunmuşdur.  “Əlyazması əsərləri” adlandırılan II bölümdə isə əlyazmalar halında qalmış, mətbuatda dərc edilməmiş məqalələr toplanmışdır.

Yavuz Akpınar qardaş ölkə ilə Türk dünyası, eləcə də Azərbaycan arasında canlı körpü olmuş, sovetlər dönəmində Abbas Zamanov, Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Həmid Məmmədzadə, Qafar Kəndli, Məmmədəli Müsəddiq, Qulamhüseyn Beqdeli, Mirvarid Dilbazi, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə və sonralar  İsa Həbibbəyli, Anar, Elçin, Rəfael Hüseynov, Kamil Vəli Nəmanoğlu, Məmməd Aslan, Xəlil Rza, Fikrət Sadıq, Aqşin Babayev, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl, Əsgər Rəsulov, Vilayət Quliyev kimi  yazıçı, tədqiqatçı və ziyalılarla dosluq əlaqələri qurmuşdur. Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin şeirlərini Türkiyədə ilk yayan və nəşr etdirən də o olmuşdur.

Yavuz müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, BDU-nun fəxri professorudur. Hələ sovet dövründə  Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi müdafiə etmiş, Azərbaycanın təbliğində gördüyü işlərə görə 1989-cu ildə dövlət, 2017-ci ildə “İlin elm adamı” mükafatlarına layiq görülmüşdür. Onun mətbuat tariximizin araşdırılmasında, Türkiyəyə və Türk dünyasına təqdimatında əvəzsiz xidmətləri var. “Kaspi”nin  rəqəmsal arxivinin Almaniyadan Azərbaycana gətirilməsinə də işıq tutan Yavuz Akpınar olmuşdur. 

“Xalq qəzeti”

1 2020 15:36 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə