Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçımız mədəni irsimizin indiki daşıyıcıları ilə bağlı məsələlərə həssaslıqla yanaşır

İyunun 28-də Azərbaycan milli mətbuatının (həmçinin bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzetin) yaradıcısı, əsərləri Nazirlər Kabinetinin qərarı ilə dövlət varidatı elan edilmiş görkəmli maarifçisi jurnalist, pedaqoq, naşir Həsən bəy Zərdabinin doğum günü idi. Qədirbilən mətbuatımız öz səhifələrində böyük ustadı rəhmətlə andı, ruhuna ehtiram göstərildi.

Qarşıdan Milli Mətbuat Günü – əlamətdar 145 illik yubiley gəlir. İyunun 30-da, Azərbaycan Prezidenti cənab İlham Əliyev milli mətbuatımızın 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzaladı. Hər zaman tariximizə, mədəni irsimizə, eləcə də, mətbuat mənsublarına xüsusi diqqət və qayğısı ilə seçilən dövlət başçımızın bu sərəncamı öz mətn-mündəricəsi ilə böyük əhəmiyyət kəsb edir.

Bəlli olduğu kimi, qlobal pandemiya ilə bağlı olaraq, ümumdünya miqyasında, o cümlədən respublikamızda da müəyyən məcburi məhdudlaşdırmalar həyata keçirilir və sərəncamın 2.1. bəndində, yubiley tədbirlərinin, xüsusi karantin rejiminin tələbləri və Nazirlər Kabineti yanında operativ qərargahın tövsiyələri nəzərə alınmaqla keçirilməsi tələbi qeyd olunub. Bununla yanaşı, sərəncamın digər bəndlərində, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, habelə jurnalist təşkilatlarının, redaksiyaların təklifləri əsasında milli mətbuatımızın inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması da öz əksini tapıb. Bütün bunlar bir daha onu göstərir ki, mövcud problemlərə baxmayaraq, dövlətimiz, şəxsən dövlət başçımız, jurnalistika ilə, mədəni irsimizlə və bu irsin, indiki daşıyıcıları onu davam və inkişaf etdirənlərlə bağlı məsələlərə çox həssaslıqla yanaşır. Bu sərəncam, cənab Prezidentin universal dövlətçilik təfəkkürünü bir daha bariz şəkildə göstərir; ümummilli liderimizdən miras qalan yüksək dövlət nəzakətinin, Prezident diqqət və qayğısının yeni çağırışlara və şəraitə uyğun təcəllası kimi diqqəti cəlb edir.

Uzun müddət peşəkar jurnalistika ilə məşğul olmuş bir qələm adamı kimi, bir Millət vəkili kimi, nəhayət bir vətəndaş olaraq, çox minnətdarlıq etmək istərdim ki, cənab Prezidentin Sərəncamında, maarifçi babalarımızın ruhuna dərin ehtiram göstərilərək, 145 illik milli mətbuat yoluna nəzər salınıb, yüksək dəyərləndirmələr aparılıb; sənəddə çağdaş dövrün tələb və çağırışlarına vurğu yapılaraq, hazırda mətbuatımızın şərəfini qoruyan, əhalimizi məlumatlandıran, haqq səsimizi dünyaya yayan qələm adamlarının əməyinə yüksək qiymət verilib. Sərəncamda qeyd olunub ki, milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr verib, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərib.

Sənədin başqa bir mühüm cəhəti, respublikamızda hazırda həyata keçirilməkdə olan sistemli islahatlar, şəffaflıq və digər məziyyətlər fonunda, KİV-in ictimai nəzarət və siyasi dialoq mühitinin genişləndirilməsi işində, ümumən, çağdaş dövlət quruculuğunda rolu xüsusi qeyd olunub; KİV-in ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmaması, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da güclən-dirməsinə ehtiyac olduğu ifadə edilib. Və meyarlar çox dəqiq göstərilib:  modernləşmə, rasionallıq, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların geniş tətbiqi və aparıcı trendlərin izlənilməsi!

Mən cənab Prezidentə bir daha minnətdarlıq edərkən, jurnalist həmkarlarıma, bütün media mənsublarımıza da sərəncamdan irəli gələn vəzifələrin icrasında uğurlar arzulayıram!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

1 2020 10:20 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə