Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Sən mənim qədrimi biləsən deyə”...

Görkəmli şair, tərcüməçi, özündən sonrakı ədəbi nəsillərə mənsub bir çox şairə böyük təsir göstərən, şeirləri dillər əzbəri olan Əli Kərimin anım günüdür. Əli Kərim (Əli Paşa oğlu Kərimov--18 mart 1931-ci il, Göyçay – 30 iyun 1969-cu il, Bakı) – 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub, burada yataqxana olmadığından Teatr İnstitutunun teatrşünaslıq fakültəsinə keçib, III kursdan Moskvada, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsilini davam etdirib və 1955-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib.

Bakıya qayıtdıqdan sonra, “Azərbaycan” jurnalının redaksiyasında işləyib, poeziya şöbəsinin müdiri olub. Əli Kərim ədəbiyyata özünəxas üslubla gələn, ilk şeirlərindən parlaq istedadı ilə şeirsevərlərin, ədəbiyyatşünasların diqqətini cəlb edən və özündən sonra gələn bir sıra şairə güclü təsir edən sənətkarlardandır. AMEA-nın həqiqi üzvü, görkəmli ədəbiyyatşünas Tofiq Hacıyevin Əli Kərimin yaradıcılığı haqqında dediyi fikirlər onun şair mənini, poetik dünyasını çox yaxşı açır: “Əli Kərimin ömrü, öz şair sözü kimi poeziyada atributa çevrildi. Bu gün onun üslubunu, deyim tərzini, söz-obrazlarını davam etdirən şairlər var. Əli Kərim mövzu məhdudluğu bilməyib, mövzu əlvanlığı, həm də seçilmiş mövzunu orijinal işləmə tərzi onun yaradıcılığını səciyyələndirən cəhətləndəndir. Mövzuların bir qismi yalnız onun özünə məxsusdur, yəni onları o görüb, o mənalandırıb: “Babəkin qolları”nda məşhur Babək bir yanda qalır, onun kəsilmiş – Babəki xalq qəhrəmanı edən qolları qəhrəman seçilir; “Heykəl və heykəlin qardaşı” poeması da həmin prinsiplə yazılmışdır.

…“Gül və çörək”, “Sevirəm”, “Bomba üstündə ev”, “Çiçəklər iclasda” kimi şeirlərdə də mövzu orijinallığı ideya-məzmun orijinallığı ilə, poetik forma yenilikləri ilə uyğun gəlir. …Əli Kərimdə oxucunu poetik mühitinə salmaq istedadı vardır: “İlk simfoniya” poemasını oxuyarkən əvvəldən axıra musiqi dünyasına düşürsən, buradakı obrazların timsalında musiqiçilərin sənətini, ailə-məişət ziddiyyətlərini təbii lövhələrlə yaşayırsan, şair oxucunu musiqi salonundan çıxarıb, qəhrəmanının ardınca yollara, bağlara, parklara izlətdikcə qulaqlarında melodiya cingiltisi kəsilmir...”

Şairin ilk şeiri “Təzə müəllim” 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1957-ci ildə Moskvada keçirilən tələbələrin VI Ümumdünya Festivalında “İlk simfoniya” poeması mükafata layiq görülüb.

İlk kitabı  “İki sevgi” 1958-ci ildə Azərbaycan ədəbiyyatı dekadası münasibəti ilə Moskvada rusca nəşr olunub. “Həmişə səfərdə” (1963), “Qızıl qanad” (1965), “Qaytar ana borcunu” (1970), “Uşaqlar və ul-duzlar” (1971), “Səfərdən sonra” (1972), “Pillələr” (1978), “Gül və çörək” (1978), “Seçilmiş əsər-ləri” (I cild, 1974, II cild 1975), “Qayıt” (1983), “Pillələr” (1987), “Seçilmiş əsərləri” (2 cilddə, 1991), “Mavi nəğmənin sahilində” (1991), “Neyləyim, şeirlə dərd söyləyirəm” (1999), Seçilmiş əsərləri. Bakı, Lider, 2004, “Qaytar ana borcunu” (Təbriz, Əxtər, 2008), “Seçilmiş əsərləri (2 cild; 2012), “Seçilmiş əsərləri” (2 cild; 2014), “Nə xoşbəxt imişəm bir zaman, Allah!” (2015), “Metronun yaylı qapıları” (2019) və b. kitabları işıq üzü görüb.

Əli Kərimin əsərlərinin bir çoxu vəfatından sonra yayınlanıb. Haqqında Feyzi Mustafayevin “Dinmə, ey kədər” (1986), Elza Kərimin “Nə xoşbəxt imişəm”, Altay Məmmədovun “Tanıdığım Əli Kərim” xatirə kitabları, Sona Xəyalın “Əli Kərim” (2011) və b. Monoqrafiyaları çap edilib.

Görkəmli şairin şeirlərinə yazılmış mahnılar dillər əzbəridir. “Nə gəlməz oldun” (Flora Kərimova, Oqtay Kazımi), “Yar gəldi” (Flora Kərimova, Elxan Əhədzadə, Elza İbrahimova), “Yar gəldi” (Yaqub Zurufçu, Adil Gəray), “Azərbaycanım mənim” (Vaqif Şıxalıyev, Hacı Zirəddin Tağıyev), “Azərbaycanım mənim” (Ayşən Mehdiyeva,  Adil Gəray), “Qayıt” (Azad Zamanov, Sevil Rüstəmova), “Nə xoşbəxt imişəm…” (Cavanşir Quliyev)…

Şairin Göyçayda dəfn edildiyi yerdə Əli Kərim parkı salınıb, heykəli ucaldılıb. Sumqayıt şəhərində Əli Kərim adına Poeziya Evi fəaliyyət göstərir. Bununla yanaşı Bakı, Göyçay və Sabirabadda Əli Kərimin adını daşıyan küçələr var. Soyqırıma qədər Xocalıda Əli Kərim adına tam orta məktəb vardı...
Xocalıda yenidən üçrəngli müqəddəs bayrağımızın dalğalanacağı gün, 38 yaşında həyatla vidalaşan, “Sən mənim qədrimi biləsən deyə, Bu cavan yaşımda ölümmü indi?”, “Nə xoşbəxt imişəm bir zaman, Allah, Xəbərim olmayıb bu səadətdən, Nə xoşbəxt imişəm, nə xoşbəxt, xoşbəxt, Bu gün eşitmişəm bunu həsrətdən... ”-- deyən şairin ruhu da şad olacaq!

Qənirə PAŞAYEVA,
Milli Məclisin Mədəniyyət komitəsinin sədri

 

 

1 2020 10:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə