Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prezidentin regionlara səfəri ölkənin ümumi inkişafına təkan verir

Azərbaycanın paytaxtı ilə yanaşı, regionlarının inkişafı məsələləri də Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Hətta hazırda koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bir vaxtda da dövlət başçısı regionlara səfərlərini davam etdirir, vətəndaşların sağlamlığı, təhlükəsizliyi ilə bərabər, rayonlarımızda sosial-iqtisadi inkişafla bağlı real vəziyyətlə tanış olur. Bu günlərdə Azərbaycan liderinin Gəncə, Samux və Mingəçevirə səfəri də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Qasım MƏMMƏDOV səfərlə bağlı təəssüratlarını bizimlə bölüşdü. O, dedi:

– Azərbaycan Prezidenti İlham Əliyevin regionlara səfərləri həmişə yeni-yeni infrastruktur obyektlərinin, müxtəlif istehsal sahələrinin açı­lışı, o cümlədən, çoxlu sayda iş yerlərinin yaradılması ilə yadda qalır. Bu baxımdan, Preziden­tin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Gəncəyə səfərini də yüksək qiymətləndirirəm. Bu səfər də ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olun­masına, eyni zamanda, region­larda sosial problemlərin həllinə əhəmiyyətli töhfə oldu.

Hamıya yaxşı məlumdur ki, regionlarımızın simasının köklü surətdə dəyişməsi, tərəqqisi, yenidən qurulan infrastrukturu ölkəmizin ümumi inkişafına bö­yük təkan verir. Dövlət başçısı­nın regionlara mütəmadi səfərlər etməsinin əsas qayəsi də elə budur: vəziyyətlə yerindəcə tanış olmaq, vətəndaşlarla görüşüb onların güzəranı, həyat səviyyəsi ilə maraqlanmaq, çatışmazlıqları aradan qaldırmaq, görülməli olan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermək.

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər ərzində Gəncəyə 16 dəfə səfər edib. Hər dəfə də Gəncənin inkişafı, abadlığı, tarixinin təbliği üçün mühüm addımlar atılıb, şəhərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı onlarla sərəncam imzala­nıb. Ümumiyyətlə, İlham Əliyev Gəncəyə həmişə xüsusi diqqətlə yanaşıb. Azərbaycanın davam­lı və sürətli tərəqqisinin canlı nümunəsi olan Gəncə hazırda Qafqazın ən gözəl şəhərlərindən, ölkənin əsas iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilib.

Dövlət başçısının bu qədim şəhərimizə son səfəri də əlamətdar oldu. Səfər çərçivəsində Prezident Gəncə İdman Sarayının tikintisi ilə tanış oldu, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak etdi. Gəncədə aparılan tikinti, abadlıq-quruculuq işləri arasında yolların, keçidlərin, körpülərin tikintisi və təmiri də əsas prioritetlərdəndir. Son vaxtlar Gəncəçay üzərində eyni vaxtda beş körpünün bərpası başa çatdırılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin körpülərdə görül­müş işlərlə, Gəncə Dövlət Dram Teatrının yeni binasında tikinti işlərinin gedişi ilə tanış oldular, eləcə də “Şah Abbas” və “Uğurlu xan” karvansara kompleksi­nin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak etdilər.

Səfər müddətində Pre­zident 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu­nun, “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodunun açılışında iş­tirak etdi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən şəhərdə inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış oldu.

Dövlət başçısı Samux­da və Mingəçevirdə də bir sıra obyektlərin, eləcə də “Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilo­voltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispet­çer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğu­larının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimlərində iştirak etdi.

Bütün bunlar pandemiya dövründə ölkənin sosial-iqtisadi inkişafı, insanlar üçün yeni-yeni iş yerlərinin açılması ilə bağlı məsələlərin də dövlət başçısının diqqətində olduğunu göstərir. Şübhəsiz ki, Prezident İlham Əliyevin koronavirusla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər də kifayət qədər effek­tivliyi ilə seçilir, düşünülmüş qabaqlayıcı addımlar əhalini bö­yük fəlakətdən qoruyur. Əminik ki, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev həmişə vətəndaşın yanındadır, ölkənin rifahı naminə çalışır.

Söhbəti qələmə aldı: Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

1 2020 02:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə