Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əsgər və zabitlərimizin qələbə əzmi yüksəkdir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirli­yinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edərək nitq söyləyib. Dövlətimizin başçısı ordumuzun bütün şəxsi heyətini Silah­lı Qüvvələr Günü münasibətilə təbrik edib, yeni uğurlar, qələbələr arzulayıb. Azərbaycan Prezidentinin dərin məzmunlu nitqində səslənən dəyərli fikir və mülahizələr ölkə ictimaiyyətinin ən müxtəlif təbəqələrinin nümayəndələri tərəfindən dərin məmnunluq hissilə qar­şılanıb. Əfqanıstan və Qarabağ müharibələri veteranı, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun rəhbəri Sərraf Orucov bu barədə fikirlərini bizimlə bölüşərkən dedi:

–Mən möhtərəm Prezidenti­mizin Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında­kı parlaq nitqi ilə böyük maraqla tanış oldum. Dövlətimizin başçı­sının Milli Ordumuza göstərdiyi böyük diqqət və qayğıya görə dərin qürur və fəxr hissi keçir­dim.

Cənab İlham Əliyev haqlı olaraq qeyd etdi ki, son illər ölkəmizdə ordu quruculuğun­da, xüsusilə hərbi hissələrin tikintisində Azərbaycan standartları tətbiq edilir və bu standartlar ən yüksək qiymətə layiqdir. Yeniliklər kifayət qədər çoxdur, xidməti yüksək səviyyədə aparmaq üçün bütün imkanlar yaradılıb.

Çağdaş dünyada, təəssüf ki, böyük güclər tərəfindən ikili standartlar siyasəti davam edir. BMT Təhlükəsizlik Şurasının Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd məlum qətnaməsi hələ də yerinə yetirilməyib. Fakt budur ki, dünya birliyi nədənsə təcavüzkara “gözün üstə qaşın var” demir.

Eybi yoxdur, bu dəfə öz qəti sözünü Milli Ordumuz deyəcək. Ordumuzun hansı gücə, qüdrətə malik olduğunu ermənilər 2016-cı il Aprel döyüşləri zamanı görüblər. İnşallah, ən yaxın gələcəkdə düşmənə yenidən sarsıdıcı zərbələr endirib, bu dəfə artıq torpaqlarımızın hər bir qarışını azad edəcəyik.

Mən ölkəmizdə bərqərar olmuş vətəndaş cəmiyyəti quruculuğunda kifayət qədər fəal olan qeyri-hökumət təşkilatının rəhbəriyəm. Tez-tez müxtəlif ordu hissələrində olur, əsgər və zabitlərlə görüşürəm. Bu görüşlər zamanı özüm üçün qət etdiyim həqiqət budur ki, bu gün Azərbaycanın bütün əsgər və zabitlərinin qələbə əzmi, döyüş ruhu çox yüksəkdir. Milli Ordu hər bir şanlı vəzifənin öhdəsindən gəlməyə qadirdir! Ən böyük hədəf, təbii ki, doğma torpaqlarımızın işğaldan azad edilməsidir. O gün isə lap yaxındadır!

Azərbaycan Ordusu dünyada indi 50 ən güclü ordular sırasındadır. Biz ən yaxın gələcəkdə düşmənə öz gücümüzü göstərəcəyik. Ali Baş Komandanı əmin edirəm ki, Milli Ordunun əsgər və zabitləri ilə bərabər, biz Qarabağ müharibəsi veteranları da hər zaman silaha sarılıb döyüşlərə atılmağa hazırıq.

Söhbəti qələmə aldı: M.HACIXANLI, “Xalq qəzeti”

1 2020 02:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə