Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

130 dövlətin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsi diplomatiyamızın növbəti böyük uğurudur

Azərbaycanın sədrliyi dövründə birgə səylərimizlə Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunu, beynəlxalq aləmdə oynadığı rolunu artırmaq əzmindəyik… Razılığınız olarsa, qlobal həmrəyliyin nümunəsi kimi Qoşulmama Hərəkatının üzv ölkələri olaraq BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın COVID19 pandemiya­sına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edə bilərik.

Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının təmas qrupu formatında Zirvə görüşündəki giriş nitqindən

4 may 2020-ci il


Aqillər deyirlər ki, hansısa təşəbbüsün və ya təklifin qəbulu zamanı iki məqam xüsusi rol oynayır: Birinci, irəli sürülən təşəbbüs hansı dairədə, nə qədər insanın mənafeyinə uyğundur? İkinci, bu təşəbbüs kim tərəfindən irəli sürülür? Tarixi sənədlərdə göstərilir ki, 1789-cu ildə ABŞ Konstitusiyasına insan hüquq və azadlıqları barədə müddəaların daxil edilməsi zamanı bu iki məsələ daha kəskin şəkildə ortaya çıxmışdı. O zaman bildirilmişdi ki, əsas qanu­na bu müddəaların daxil edilməsi ölkənin bütün ştatlarının əhalisinin mənafeyinə uyğundur. Təklifin müəllifi isə, az qala hamının tanıdığı, sonradan ABŞ-ın üçüncü Prezidenti olmuş Tomas Cefferson idi. Ona görə də təklif dərhal qəbul edilmiş və ratifikasiyaya göndərilmişdi.

Azərbaycan Respublikasının Prezidenti, Türk Şurasının və Qo­şulmama Hərəkatının sədri İlham Əliyevin bu il mayın 4-də Qoşul­mama Hərəkatının təmas qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşündəki giriş nitqində səsləndirdiyi təklifin qısa müddət ərzində 130 ölkənin dövlət və hökumət başçıları tərəfindən dəstəklənməsi zamanı da, yəqin ki, yuxarıda qeyd etdiyimiz iki məqam xüsusi olaraq nəzərə alınmışdır. Birin­ci, dövlət başçımızın bu təşəbbüsünün səmərə verəcəyi insanların əhatə dairəsi barədə danışmağa ehtiyac duyulmur. Çünki bu təklif planeti­mizin bütün sakinlərinin maraq və mənafeyinə uyğundur. İkinci, bu təşəbbüs dünyanın bloklara qoşul­mayan 120 dövlətinin ali səviyyəli rəsmilərinin razılığı ilə gündəmə gətirilmişdi və onu dilə gətirən şəxs dünya siyasətində özünəməxsus yeri olan Qoşulmama hərəkatının və Türk Şurasının sədri Azərbaycan Prezidenti cənab İlham Əliyev idi.

Xatırladaq ki, həmin təşəbbüsün səsləndirildiyi tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yana­şı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümum­dünya Səhiyyə Təşkilatının baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişdilər. Üstəlik, tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Yəni bu təklifin – təşəbbüsün bəyənilməsi, təqdir olunması üçün çoxsaylı əsaslar var idi.

Bu məqamda bir faktı xüsusilə vurğulamaq zərurəti var. Belə ki, Azərbaycan Prezidentinin Bakıdan səsləndirdiyi həmin təşəbbüsün dünya ictimaiyyəti üçün nə qədər əhəmiyyətli olduğunu təkrar etməyə ehtiyac yoxdur. Çünki hamı bilir ki, əsas məqsəd koronavirus pandemi­yasına qarşı birgə mübarizə aparmaq üçün səylərin birləşdirilməsindən ibarətdir. Rəsmi İrəvanın dünya əhəmiyyətli bu layihənin əleyhinə səs verməsi isə bir daha onu göstərir ki, işğalçı ölkəyə xəstə təxəyyüllü, dünya xalqlarının taleyi ilə oyna­maq dərəcəsində gerizəkalı insanlar rəhbərlik edirlər.

Azərbaycan Respublikası Prezi­dentinin köməkçisi – Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev adı çəkilən təşəbbüsün beynəlxalq aləmdə dəstəklənməsinə və təqdir olunmasına münasibət bildirərkən deyib ki, pandemiya in­sanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaq­la bərabər, mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaradıb: “Dünya müharibəsi ilə müqayisə olunan COVID-19 pandemiyası şəraitində özünütəcrid və franqmentar xarakterli tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürdü. BMT Nizamnaməsinə əsasən, Baş Assambleya ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş ka­tib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib”.

Xatırladaq ki, mayın 4-də keçirilən tədbirdən sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifi ilə Baş katib Antonio Quterreşə müraciət ünvanlamışdı. BMT Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni iyunun 27-nə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib.

Bəs Bakıdan Nyu-Yorka və oradan da dünyanın bütün ölkələrinə göndərilən bu müraciətlərin nəticəsi nə oldu? Nəticə ondan ibarətdir ki, dövlət başçımızın təşəbbüsü lazım olandan da çox səs qazanaraq, qəbul edildi. Rəsmi məlumatda bildiri­lir ki, qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsü dəstəklədiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-dək ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb. Yəni, nəticə göz qabağındadır. Üstəlik, bu təşəbbüsü dəstəkləyən ölkələrdən BMT ofisinə gələn məlumatlarda bildirilir ki, Pre­zident İlham Əliyevin Baş Assamble­yanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüsdür. Yəni xüsusi sessiya­nın keçirilməsi artıq təkcə həmin ölkələrin deyil, BMT-yə üzv olan bütün dövlətlərin ümumi məsələsinə çevrilib.

Bu zaman bir məqamı da xüsusi vurğulamaq istərdik. Belə ki, “Mən dövlət başçısı seçilərəmsə, bütün azərbaycanlıların prezidenti olacağam” vədini yüksək səviyyədə günün real­lığına çevirən İlham Əliyev bu lokal müstəvidən kənarda da öz sözünün üstündə durmağın nümunəsini yaratdı. Belə ki, ötən il oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə bu beynəlxalq təşkilata sədrlik Venesuela Bolivar Res­publikasından Azərbaycana keçmişdi. Hərəkatın yeni sədri – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə görüşündəki nitqində beynəlxalq ictimaiyyət qarşısında çox böyük bir öhdəlik götürdüyünü dilə gətirmişdi: “Azərbaycan Qoşul­mama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti in­kişaf etməkdə olan ölkələr olduğundan hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür... Üzv dövlətlərin maraqla­rının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir”. Sitatın son cümləsinə diqqət yetirin. Buyurun, bu, dövlət başçımızın ötən ilin oktyabrında üzv dövlətlərin maraqlarının təmin edilməsi üçün verdiyi vəd, bu da iyunun son günlərində Nyu-Yorkdan gələn xəbər. Siyasətçinin, liderin verdiyi vədə əməl etməsinin bariz nümunəsi, məhz delə olur.

Biz inanırıq ki, dövlət başçımı­zın oktyabrın 25-də səsləndirdiyi başqa bir ifadənin də real nəticələrini tezliklə görəcəyik. Qoşulmama Hərəkatının yeni sədri həmin gün demişdi: “Azərbaycan Qoşulma­ma Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraq­ların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür... Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyü­nün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir”.

Təbii ki, bu, təkcə Azərbaycanın istəyi və tələbi deyil, bu, beynəlxalq ictimaiyyəti daim narahat edən problemlərdən biridir. Həmin prob­lemi yaradan ölkələrdən biri isə pan­demiyaya qarşı birgə mübarizə üçün irəli sürülən təşəbbüsün əleyhinə səs vermiş Ermənistandır. İşğalçı, terror­çu, təxribatçı və vassal Ermənistan.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

1 2020 02:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə