Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın iqtisadi qüdrəti ərazi bütövlüyümüzün bərpa edilməsinə təminat yaradıb

Biz hər sahədə, beynəlxalq müstəvidə güclənirik, güclənməliyik - ölkə daxilində sabitlik, iqtisadi sahədə islahatlar, sosial problemlərin həlli, region­ların inkişafı və nəhayət, ordu quruculuğu. Ona görə bu yolla biz gedəcəyik, ordumuzu bundan sonra da gücləndirəcəyik, nə qədər lazımdırsa, orduya o qədər vəsait ayıracağıq.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycan yenidən müstəqillik əldə etdiyi ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizin siyasi, sosial-iqtisadi sahələrində ağır vəziyyət hökm sürürdü. İqtisadi tənəzzül getdikcə dərinləşirdi. Bu, özünü elektrik enerjisi istehsalında da qabarıq büruzə verirdi. Sahənin infrastruktur sistemi dağılmaq həddinə çatmışdı. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra vəziyyət yaxşılığa doğru dəyişməyə başladı. Elektrik enerjisi istehsalını yüksəltmək üçün sistemli və ardıcıl layihələr gerçəkləşdirildi, sıradan çıxmaqda olan infrastrukturun müasirləşdirilməsi istiqamətində ciddi addımlar atıl­dı. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 16 il ərzində isə elektrik enerjisi istehsa­lını gücləndirmək məqsədilə ciddi islahatlar həyata keçirilib, bu sahə ilə bağlı yeni obyektlər istifadəyə verilib. İnfrastrukturun müasir tələblər əsasında yenidən qurulması diqqət mərkəzində saxlanılıb.

Tikintisinə 1974-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanan “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku 1981-ci il oktyabrın 20-də, sonuncu – 8-ci blok isə 1990-cı ildə istismara verilib. O dövr üçün nəhəng infrastruktur layihəsi olan və respubli­kamızın energetika sistemində xüsusi əhəmiyyəti ilə seçilən adı çəkilən İES elə həmin vaxtdan Azərbaycanın elekt­rik enerjisinə tələbatın qarşılanma­sında hər zaman birinciliyini qoruyub saxlayıb. Lakin 2018-ci il iyulun 3-də stansiyada baş verən qəza nəticəsində ölkənin yarıdan çox hissəsi qaranlıqda qaldı. İES-in 330 kilovoltluq yarımstansiyasındakı cərəyan transforma­torunda yaranan qəza nəticəsində təxminən min kiloqrama qədər yağ yaxınlıqdakı elektrotexniki avadanlıq­ların, eləcə də kabellərin, əsasən də in­formasiya və avtomatika kabellərinin üzərinə dağılaraq güclü yanğına səbəb oldu. Nəticədə, bir-birinin ardınca baş verən qəzalar ölkənin enerji sisteminə ciddi ziyan vurdu. Stansiyada baş verən qəza ilə bağlı aparılan araş­dırmalar göstərdi ki, generatorlarda təsirlənmə sistemləri, soyuducular köhnəlib və istismara tamamilə yarar­sız hala düşüb. Qazanlarda küləkdən mühafizə lövhələri dağılıb, qazan avadanlıqları aşınıb və sıradan çıxıb. Regenerativ hava qızdırıcıları, qaz yol­ları, kompensatorlar və digər qurğular uzun müddət istismar olunduğundan fiziki cəhətdən ömrünü başa vurub. Stansiyanın tüstü boruları və kons­truksiyaları da aşınmaya məruz qalıb. Fasiləsiz qida mənbələri demək olar ki, sıradan çıxıb. Maşın zalının kons­truksiyası, dam örtüyü və döşəməsi dağılıb. Kimyəvi sutəmizləmə qurğusu olduqca köhnəlib, azot və oksigen qurğuları, reagent və yağ təsərrüfatları istismar müddətini iki dəfədən çox başa vurub. Hidrogen qurğusu uzunmüddətli istismar edildiyindən daim təhlükə yaradıb. Hətta Yuxarı Qarabağ kanalının stansiya ərazisindən keçən çıxış su kanalı hissəsinin yamacları dağılıb. İES-in 330 və 500 kilovoltluq yarımstansiyalarının avadanlığı və mühafizə sistemləri də öz ömrünü başa vurub. Bu isə sistem qəzasının olması ehtimalını ən yüksək səviyyəyə çatdırıb.

“Azərbaycan” İES-də böh­ran vəziyyətini aradan qaldırmaq məqsədilə qəzadan dərhal sonra reabilitasiya üzrə tədbirlər planına uyğun olaraq infrastrukturun yenidən qurulması işlərinə başlanıldı. Ötən müddətdə İES-in 330 və 500 kilovolt­luq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı şəkildə yenidən quruldu və bu il iyunun 25-də istifadəyə verildi.

Stansiyada yaradılan şərait barədə tədbirdə iştirak edən Prezident İlham Əliyevə məlumat verən “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezi­denti Baba Rzayev enerji bloklarının texniki su təchizatının Yuxarı Qarabağ kanalı vasitəsilə həyata keçirildiyini bildirdi. Baba Rzayev daha sonra dedi: “Kanalın yamacları və dib hissəsi beton örtüklərlə bərpa olunub, dövran su xətlərinin altındakı dayaqlar əsaslı təmir edilib. Ərazidə yeni mazut çənləri, dövran və mazut nasosları quraşdırılıb. Stansiyanın qaz qəbulu məntəqələri də əsaslı təmir olunub”.

İki il ərzində həyata keçirilən proq­ram çərçivəsində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasında bütün parametrlər üzrə tikinti və bərpa işləri sürətlə aparılıb. Əsas diqqət, həm də “Azərbaycan” İES-in hər biri ayrıca elektrik stansiyası statusuna malik 8 blokunun yenidən qurulmasına yönəldilib. Blokların təbii təsirlərdən qorunması və ən əsası da itkilərin azal­dılması üçün izolyasiya işləri görülüb. Yenidəqurma proqramı çərçivəsində yararsız metal konstruksiyalar yenilənib, yük məhdudiyyətinə təsir edən regenerativ hava qızdırıcılarının daxili elementləri dəyişdirilib, turbin qurğularında zədələnmiş işçi kürəklər, hidrogen və yağ istilik mübadilə apa­ratları da təzələnib.

Diqqətə çatdırılıb ki, enerji bloklarında sıradan çıxan elektrik mühərriki və nasos avadanlıqları, istismar və təmir üçün tələb olunan liftlər, ağırtonnajlı yükqaldırıcı kran və mexanizmlərin elementləri, yüksək gərginlikli cərəyan şinləri, güc və nəzarət kabelləri tam yenisi ilə əvəz olunub. Blok və xüsusi sərfiyyat trans­formatorları da təmir edilib.

“Azərbaycan” İES-in fəaliyyəti hazırda yeni tikilən inzibati binadan həyata keçirilir. Burada müxtəlif tədbirlərin keçirilməsi üçün geniş akt zalı yaradılıb. Bütün proseslər yeni quraşdırılan nəhəng monitordan idarə olunur.

Stansiyada yaradılan şəraitlə tanış olduqdan sonra dövlətimizin başçısı çıxış edərək deyib: “Mingəçevirdə İstilik Elektrik Stansiyası ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikil­mişdir. Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik etməyə başla­yanda vəziyyəti təhlil edərkən gördü ki, Azərbaycanın energetika sisteminə çox böyük investisiyalar qoyulmalı­dır. Bütün məsələlər təhlil olunandan sonra sovet rəhbərliyi qarşısında məsələ qaldırıldı. Onun davam­lı və çox məqsədyönlü fəaliyyəti nəticəsində Sovet İttifaqının rəhbərliyi Azərbaycana böyük sərmayənin qoyu­luşuna icazə verdi”.

Prezident İlham Əliyev çıxışında ulu öndərin Azərbaycana rəhbərliyi illərində mərkəzləşdirilmiş fond­lardan respublikaya vəsait cəlbinin çox böyük çətinliklə başa gəldiyini, belə bir şəraitdə stansiyanın tikintisi haqqında qərar qəbul edildiyini və İES-in qurulmasına başlanıldığını, dahi şəxsiyyətin qayğısı ilə obyektin uğurla tamamlandığını xatırladıb. Ölkə rəhbəri daha sonra bildirib: “Heydər Əliyev bu stansiyanın tikintisinə xüsusi əhəmiyyət verirdi və onun fəaliyyəti nəticəsində qalan 7 blok da inşa edilmişdi. İndi təsəvvür etmək mümkün deyil ki, əgər bu stansiya o vaxt tikilməsəydi, biz müstəqillik dövründə hansı problemlərlə üzləşə bilərdik. Çünki yenidən qurulandan sonra bu stansiyanın generasiya gücü 2400 meqavatdır”.

Dövlətimizin başçısı çıxı­şında ümummilli liderin səyi ilə Azərbaycanın energetika sisteminin yaradıldığını, dahi öndərin təşəbbüsü ilə bu istiqamətdə möhtəşəm layihələrin gerçəkləşdirildiyini, son 16 il ərzində isə ölkəmizdə 30 elektrik stansiyasının tikildiyini də diqqətə çatdırıb. Qeyd edək ki, stansiyada yenidənqurma işləri aparılarkən ölkəyə elektrik verilişi bir dəqiqə də olsun belə dayanmayıb. Bütün işlər paralel olaraq yerinə yetiri­lib. Yanğın təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərilib. Yenidənqurmadan sonra stansiyanın qoyuluş gücü 2400 MVt-a çatdırı­lıb və 600 MVt itirilmiş güc bərpa olunub. Bununla da “Azərbaycan” İES-in etibarlılığı artıb, dayanıqlılığı, təhlükəsizliyi və səmərəliliyi təmin olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev səfər çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında da iştirak edib. Dövlətimizin başçısı daha sonra Müdafiə Nazirliyinin rəhbər işçiləri ilə operativ müşavirə keçirib. Prezident İlham Əliyev görüşdə nitq söyləyib. Ölkə rəhbəri çıxışında son illər ölkəmizdə ordu quruculuğunda yüksək inkişaf müşahidə edildiyi, hərbi hissələrin tikintisində Azərbaycan stan­dartlarına üstünlük verildiyi, xidmətin yüksək səviyyədə aparılması üçün bütün sosial imkanların yaradıldığı barədə ətraflı danışıb: “Şəxsi heyətin xidmət şəraitinin yaxşılaşdırılması ilə bərabər, zabitlərin məişət problemləri də həll olunur. Orduda 20 il qüsur­suz xidmət edən zabitlərə mənim göstərişimlə dövlət tərəfindən mənzillər verilir və bu proqram icra edilir. Bu, əlbəttə ki, böyük vəsait tələb edir və biz bu vəsaiti ayırırıq. Bu günə qədər 1700 zabit bu proqramla əhatə olunub və onlara yaxşı mənzillər verilibdir. Mən bu yaxınlarda göstəriş verdim ki, bu ilin sonuna qədər əlavə 419 zabitə dövlət tərəfindən mənzillər verilsin. Beləliklə, bu günə qədər olan vəziyyətə görə, bu proqramla əhatə olunan zabitlərin maksimum sayı təmin edilib. Mənə verilən son məlumata görə, təqribən 200-dən bir qədər çox zabit hələ növbədədir. Onların da mənzil problemləri həllini tapacaq. Hesab edirəm ki, bu da dünya praktikasında çox nadir hallarda müşahidə olunan mənzərədir. Burada da Azərbaycan ön sıralardadır, yeniliklər göstərir. Çünki Vətənə sədaqətlə və qüsursuz xidmət edən hərbçilər dövlət tərəfindən gərək yüksək təminatla əhatə olunsunlar. Hər bir insanın həyatında mənzil problemi çox önəmli məsələdir, biz onu da həll edirik. Ordumuza göstərilən qayğı bu məsələlərlə bitmir. Hərbçilərin əməkhaqları müntəzəm olaraq qaldırılır. Xüsusilə deyə bilərəm ki, fərqlənmiş hərbçilər mükafatlandırılır. Bu da təbiidir”.

Silahlı Qüvvələrin Ali Baş Koman­danı nitqində diqqətçəkən bir məqama da toxunub. Bildirib ki, beynəlxalq hüququn normalarının pozulması hər bir ölkəni öz hərbi potensialının gücləndirilməsinə vadar etməlidir və Azərbaycan buna artıq çoxdan başlayıb. Məhz bunun nəticəsində ha­zırda Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir: ”Eyni zaman­da, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli tex­nikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda – bizim coğrafiyada bir-birinə inteqra­siya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz, – bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, – həm Ru­siya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib. Onları bir-birinə elə inteqrasiya etmək, elə yerləşdirmək lazımdır ki, bizim bütün strateji obyektlərimiz havadan qorunsun. Əlbəttə ki, böyük peşəkarlıq və vəsait tələb edir. Bizim vəsaitimiz olmasaydı, bunları haradan alacaqdıq...”

Silahlı Qüvvələrin Ali Baş Koman­danı çıxışında respublikamızda hərbi təyinatlı məhsulların yerli istehsalının yüksək səviyyədə qurulması, hərbi hissələrdə ideoloji vəziyyətə xüsusi əhəmiyyət verilməsinin zəruriliyi, ölkəmizin həm qədim, həm də müasir tarixi ilə əlaqədar hər bir əsgərdə, zabitdə dolğun təəssürat olmasının vacibliyi, Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsində torpaqlarımızın itirilməsi, beynəlxalq ictimaiyyətin diqqətinin Ermənistanın işğal altında saxladığı ərazilərimizdə qanunsuz məskunlaşma aparmasına yönəldilməsi barədə də ətraflı danışıb.

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

1 2020 01:23 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə