Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası təşkil edilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycandakı Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”ın) birgə təşkilatçılığı ilə “Böyük imkanlara kiçik addım” adlı karyera yarmarkası Bakı Şəhər Halqası (BŞH) Akademiyasında təşkil edilib.

Yarmarkada ölkədə fəaliyyət göstərən nüfuzlu şirkət və qurumlar gənclər üçün uyğun vakansiyalarını və təcrübə proqramlarını təqdim edərək ətraflı məlumat veriblər. Tədbirdə ümumilikdə 40-a yaxın müxtəlif şirkət və qurumlar iştirak edib.

Açılış nitqi ilə çıxış edən BŞH-nin insan resurları və işçi qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova iştirakçıları salamlayıb və Akademiyanın gənclər üçün yaratdığı imkanlar barədə tədbir iştirakçılarına məlumat verib. İ.Əhmədova gənclərin arzuladıqları işi tapmasına dəstək olmaq üçün tədbirdə iştirak edən təşkilat və qurumlara Bakı Şəhər Halqası Akademiyası adından təşəkkürünü bildirib: “Gənclərin inkişafı Akademiyamızın başlıca hədəfidir və bu fəaliyyətimiz ilə ölkədə aparılan gənclər siyasətinə dəstəyimizi göstəririk” Yarmarkanın keçirilməsində məqsəd gənclərin yerli şirkətlərlə əlaqə yaratmaq və CV-lərini birbaşa şirkətə təqdim etmək, karyera qurmaq istiqamətində fəaliyyətlərinin düzgün planlaşdırması uçün təcrübə proqramları, işə qəbul prosessləri ilə tanış olmaqdır.

Ümumiyyətlə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin komandasının böyük hissəsi Azərbaycanın peşəkar gənclərindən təşkil olunub. Könüllü olan gənclərimiz də bu imkanlardan faydalana bilirlər. Belə ki, 2016-ci ildə Bakıda ilk dəfə baş tutan Formula 1 yarışında könüllü olmuş  50 nəfərdən çox gənc ötən mövsüm bu şansı əldə etdi və özlərini ən yüksək səviyyədə göstərməyi bacardı. 2018-ci ildə isə onların sayı artdı və Azərbaycan Qran Prisində daha öncəki illərdə könüllü olmuş 75 nəfər, işçi olaraq fəaliyyət göstərmişdi. Onlar, insan resursları və işçi qüvvəsi, nəqliyyat, idman, məkan, media əməliyyatları və digər sahələrdə uğurla fəaliyyət göstərdilər”.

“AmCham Azərbaycan”ın icraçı direktoru  Natəvan Məmmədova yarmarka iştirakçılarını Azerbaycan biznes sektoru adından salamlayaraq bu cür yarmarkaların əhəmiyyətindən danışıb: “Çox məmnunam ki, ölkəmizdəki iş adamları insan resurslarının idarə olunmasında ən qabaqcıl təcrübələrin tətbiq olumasına çalışırlar. Bunu da xüsusilə vurğulamalıyam ki, AmCham Azərbaycanın İnsan Resursları komitəsi ən çox tələb olunanlar və aktiv fəaliyyət göstərənlər sırasındadır. Ümid edirəm ki, bugünki tədbir işəgötürənlərlə (onların əksər hissəsi “AmCham”ın daimi üzvləridir) iş axtaranlar arasında effektiv əlaqə yaradacaq.

“AmCham Azərbaycan”ın İnsan Resursları üzrə komitə sədri, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu İnsan Resursları üzrə meneceri Elnarə Məmmədova çıxışında bu cür tədbirlərin önəmini vurğulayıb. “Karyera yarmarkası iş axtaran, həmçinin işçi axtaranları bir araya gətirib. Özünü inkişaf etdirmək istəyən gənclər üçün bu əvəzsiz imkandır. Burada iştirak edən ölkənin aparıcı şirkətlərində iş və ya təcrübə proqramına qatılmaq sözsüz ki, gənclər üçün geniş imkanlar yaradacaq”. 

Ümumilikdə 900-dən çox gənc sözügedən tədbirdə iştirak etməklə yaradılan geniş imkanlara kiçik addım atmış oldu. Yarmarka iştirakçılarının əksəriyyəti fəaliyyətinə Formula 1 Azərbaycan Qran Prisi və digər tədbirlərdə könüllü kimi başlayan gənclərdən ibarət idi.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

5 Oktyabr 2018 17:12 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə