Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anadilli jurnalistikamızın şərəfli tarixi xalqımızın məfkurəvi öyünc mənbəyidir

Azərbaycan xalqının milli özünüdərkində, etnik-mədəni oyanışında və dövlətçilik yaddaşının dirçəldilməsində misilsiz rol oynamış anadilli mətbuatımızın ərsəyə gəlməsinin yubileyləri ümummilli ictimai-mədəni hadisə kimi qeyd edilir. Əsasını müstəqillik illərində ümummilli lider Heydər Əliyevin qoyduğu bu ənənəni onun ideya və əməllərinin ən layiqli da­vamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının iyunun 30-da imzaladığı sərəncamla ölkəmizdə milli mətbuatın yaranmasının növbəti yubileyi – 145-ci ildönümü tədbirlərinə start verildi.

Sərəncamda göstərildiyi kimi, 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarif­çi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa baş­lamış “Əkinçi” qəzeti milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qa­baqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Sənəddə milli oyanış və maarifçilik ideyalarının yayılması zəminində 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ya­ranması ilə milli mətbuatımızın yeni inkişaf mərhələsinə qədəm qoyması, jurnalisti­kamızın öz fəaliyyəti ilə müstəqil dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilməsi, istiqlal ideyalarının yayılmasın­da, habelə milli-mənəvi dəyərlərin qoru­nub saxlanması və təbliğində mühüm rol oynaması, haqlı olaraq, anadilli mediamı­zın tarixinin önəmli fakt və hadisələri kimi qiymətləndirilir.

XX əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycanda 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə cəmiyyət həyatının bütün sahələrini əhatə edən əsaslı islahatların gerçəkləşdirilməsi, bu əsasda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaradılması, senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələrin aradan qaldırılması, KİV-in fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazasının formalaşdırıl­ması, sahənin problemlərinin həlli, onun vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi kimi yeniliklərin jurnalistika­mızın çağdaş nailiyyəti kimi sərəncamda bir daha vurğulanması media ictimaiyyətində peşə məmnunluğu yaradır, azad sözün məsuliyyəti barədə ciddi duyğu-düşüncələrə yeni məzmun və yön verir.

Doğrudan da, Azərbaycanda ha­zırda həyata keçirilən sistemli islahat­lar, şəffaflıq və vətəndaş həmrəyliyi prinsiplərinə əsaslanan sosial innovasi­yaların tətbiqi, idarəetmə sahəsində baş verən keyfiyyət yenilikləri, siyasi dialoq mühitinin genişləndirilməsi müasir dövlət quruculuğunun başlıca istiqamətlərini təşkil edir. Sərəncamda haqlı olaraq, qeyd edilir ki, bu gün kütləvi informasiya vasitələri bu köklü islahatlardan kənarda qalmamalıdır. Günümüzün bir demok­ratik tələbi də odur ki, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə azad sözün basılıca ruporu sayılan KİV qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə çevik uyğunlaşmalıdır.

Qazanılmış zəngin təcrübə və yetərli baza ilə jurnalistikamız cəmiyyətimizin peşəkar səviyyədə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir. Azad mediada ənənəvi olaraq əsas sayılan obyektivlik, opera­tivlik, ictimai maraqların üstün tutulması, qabaqcıl texnologiyaların mənimsənilməsi kimi anlayışlara ciddi önəm verilməsi isə jurnalistlərimizi daha səmərəli fəaliyyətə yönləndirməlidir.

Sərəncamda Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunmasının, müstəqillik illərində yaranmış ənənəyə uyğun olaraq, milli medi­amızının inkişafında seçilən xidmətləri olan jurnalistlərin mükafatlandırılmasının qərarla alınması dövlətimizin və onun Preziden­tinin qələm sahiblərinin azad, demokratik cəmiyyət quruculuğunda oynadığı önəmli rola verdiyi çox yüksək qiymətdir.

Dövlət başçısının bu sərəncamı, koronavirus pandemiyasının yaratdı­ğı məhdudiyyətlərə baxmayaraq, milli mətbuatımızın yaranması kimi öyünc­lü bir tarixin çağdaş nəsillər tərəfindən layiqincə qeyd edilməsinə şərait yaradacaq, jurnalistlərimizin xalq və dövlət qarşısında peşə borcunun və vətəndaş məsuliyyətinin lazımınca dərk edilməsinə daha bir stimul yaradacaq.

Akif RÜSTƏMOV,
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dosenti

1 2020 00:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə