Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli mətbuatın inkişafı dövlətimizin diqqət mərkəzindədir

1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığı­nı məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür.

Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncamından

30 iyun 2020-ci il


Dövlət başçımızın dünən imzaladığı bu sənədin preambulasında qeyd edilir ki, 145 il əvvəl -- 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. Bildirilir ki, sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin forma­laşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Dövlət başçımız xatırla­dır ki, ölkəmizdə müstəqil, güclü, fəaliyyətini günümüzün tələbləri səviyyəsində qurma­ğı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımı­zın milli maraqlarını rəhbər tutan medianın inkişafı priori­tet vəzifələrdən biri kimi daim diqqət mərkəzində saxlanılır.

Xatırladaq ki, “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaq­lara məruz qalmış, amma mil­li dilin yaşaması naminə hər çətinliyə dözmüş və tutduğu yoldan dönməmişdir.1875- ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 nömrəsi çıxan “Əkinçi” millətin aynası olmuş, Azərbaycan jurnalistikasının bayraqdarına çevrilmişdir.

Sovet dönəmində, xüsusən İkinci dünya müharibəsi illərində bö­yük sınaqlardan çıxmış Azərbaycan mətbuatı müstəqillik dövründə öz inkişafının ən yüksək səviyyəsinə qalxmışdır. Bu yeni inkişaf dövrünün təməlini qoyan ulu öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirmiş, mətbuat və söz azadlı­ğı, kütləvi informasiya vasitələrinin maddi-texniki ba­zasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirmiş­dir. Müstəqillik dövründə Azərbaycan mətbuatı ilə bağlı ilk fərman da Heydər Əliyev tərəfindən imzalanmış­dır. 2000-ci il martın 27-də imzalanan “Azərbaycanda milli mətbuatının yaradıl­masının 125 illiyi” haqqında fərmanla ölkəmizdə demok­ratik mətbuatın yaradıl­masının 125 illiyi təntənəli şəkildə qeyd olunmuşdur. Ümumilikdə, ulu öndər mətbuatın problemlərinin həlli ilə bağlı ondan çox sərəncam və fərman imzalayıb.

Yeri gəlmişkən, ölkəmizdə “Kütləvi informasiya vasitələri haqqında” beynəlxalq tələblərə cavab verən qanun da məhz ulu öndərin rəhbərliyi dövründə -- 1999- cu ildə qəbul edilmişdir. 1998-ci ildə Azərbaycanda senzura ləğv olunmuş, 2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi infor­masiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən ulu öndər mətbuatın problemlərini müzakirə et­mişdi. Həmin görüşdən sonra bəzi problemlər operativ həllini tapmış, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edilmiş, onlara kreditlər ayrılmışdı.

Milli mətbuatımızın bəxtindəndir ki, bu gün müstəqil mətbuatın forma­laşması və inkişafına xidmət edən siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığına, kütləvi informa­siya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğı göstərilir. Azərbaycanın artan iqtisadi imkanları mətbuatın inkişafı yolundakı çətinliklərin aradan qaldırılmasına, onun aktual problemlərinin həllinə şərait yaradır. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə “Azərbaycan Respublika­sında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın təsdiq edilməsi, 2009-cu il aprelin 3-də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması azad medianı inkişaf etdirmək, mətbuatın maddi-texniki bazasını möhkəmləndirmək, jurnalistlərin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə atılan mühüm addımlar­dandır. Bundan başqa, milli mətbuatımızın yubileylərinin ölkədə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardım­ların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri ad­larla təltif edilməsi haqqında sərəncamlar da mətbuata və bu sahədə çalışanlara göstərilən qayğının tərkib hissəsidir.

Xatırladaq ki, beş ildən bir milli mətbuatımızın yubileylərinin təntənə ilə keçirilməsi ənənəyə çevril­mişdir. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk sərəncamı 2005-ci il iyunun 20-də imzalamış, mətbuatımızın 130 illik yubile­yi bütün ölkə miqyasında qeyd olunmuş, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edilmiş, fəxri adlara, Prezident təqaüdünə layiq görülmüşdür.

Azərbaycan dövlətinin milli mətbuatımızın inkişafına göstərdiyi qayğı və diqqətin başqa bir təzahürü isə dünyanın heç bir ölkəsində analoqu olmayan “Jurnalistlər şəhərciyi”nin yaradılması­dır. Belə ki, Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və on­lar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin ehtiyat fon­dundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna vəsait ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi.

Bu sətirlərin müəllifi də jurnalistlərin birinci bina­sında ev alanlar sırasın­dadır. 2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin pay­lanması mərasiminə qatılmış və oradaca jurnalistlər üçün inşa edilən ikinci binanın təməlqoyma mərasimində iştirak etmişdi.

Dövlət başçımızın 2015-ci il 2 iyun tarixli sərəncamına əsasən, Bakıda və respub­likamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illik yubileyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilmiş­dir. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin pay­lanması mərasimində iştirak etmiş, həmçinin üçüncü binanın təməlini qoymuşdur.

Dünən imzalanan sərəncam və yuxarıda sa­daladığımız faktlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir.

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

1 2020 00:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə