Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda yarım milyon hektar taxıl sahəsi biçilib

Kənd Təsərrüfatı Nazirliyinin son operativ məlumatında bildirilir ki, respublikada taxıl zəmilərinin 49,1 faizində biçin başa çatıb. İndiyədək 496 min 412,6 hektar biçilmiş sahədən 1 milyon 566 min 798,6 ton məhsul yığı­lıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 31,6 sent/ha təşkil edir.

Arpa sahələrinin biçini artıq yekun mərhələyə qədəm qoyub. Ölkə üzrə 370 min hektara yaxın payızlıq arpa əkini aparılıb, bu günədək 289 min 695,3 hek­tar sahədə biçin başa çatıb. Sahələrdən 880 min 80,5 ton arpa yığılıb. Arpa üzrə orta məhsuldarlıq 30,4 sentner təşkil edir. Yaxın günlərdə Aran bölgəsi və dağətəyi rayonlarda arpa biçininin tam yekunlaşa­cağı gözlənilir.

Buğda sahələrində də biçin prose­si sürətlə davam edir. Respublika üzrə 641 min hektar buğda sahəsinin 206 min 717,1 hektarında biçin yekunlaşıb. Sahələrdən 686 min 718,1 ton buğda yığı­lıb. Buğda üzrə orta məhsuldarlıq hazırda 33,2 sentner təşkil edir.

Biçin prosesində 1694 kombayn iştirak edir. Bunlardan 592-si “Aqrolizinq” ASC-nin biçin aparılan bölgələrdəki rayon bölmələrinin balansında olan kombayn­lardır. “Aqrolizinq” tərəfindən biçin başa çatmış Aran bölgələrindən və biçin aparılmayan dağlıq bölgələrdən aktiv biçin zonasına əlavə 183 kombayn dislokasiya olunub. Biçində, həmçinin fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 919 kom­bayn işləyir.

Qeyd edək ki, bu il Azərbaycanda 1010218 hektar sahədə payızlıq taxıl əkilib.

Bu il Prezident İlham Əliyev tərəfindən dağlıq sahələrdə biçinin həyata keçirilməsi üçün yeni kombayn­ların alınması məqsədilə vəsait ayrılıb. Belə ki, “Aqrolizinq” ASC tərəfindən 25 ədəd kombayn alınıb və onun bir hissəsi artıq ölkəyə idxal olunub. Yeni kombayn­lar əsasən biçilməsi çətin olan, dağlıq relyefli sahələrdə biçinin aparılması üçün nəzərdə tutulub. İlkin olaraq Yardımlı, Cəlilabad və Lerikdə biçin aparacaq bu kombaynların çətin relyefli sahələrdə təqdimatı keçirilib.

“Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov bildirdiyinə görə, ölkəyə gətirilən yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynları sayəsində artıq dağlıq və dağətəyi zonalarda da taxılçılıq təsərrüfatlarını inkişaf etdirməyə imkan yaranacaq. Kombaynın gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi taxıl sahələrinin genişlənməsinə səbəb olacaq. Fermerlər əvvəllər yalnız meyilliliyi az olan düzən Aran rayonlarında suvarma şəraitində taxıl əkinindən məhsul götürə bilirdilər. Bundan sonra yeni nəsil “New Holland TC 5.90 Hillside” kombaynı ilə nahamar relyefli dağlıq və dağətəyi rayonlarımızda dəmyə şəraitində dənli bitkilər də biçiləcək və nəticədə ölkəmizin taxıl ehtiyacının azalmasına imkan yaranacaq.

Bu kombaynın biçici başlığının yamacda 38 dərəcə bucaq altında və hündürlükdə 32 dərəcə bucaq altında dayanıqlılığı ilə meyillilikdə sağa-sola hidravlik tənzimlənərək biçin edə bilməsi kombaynın daha bir üstünlüyüdür. Bun­dan başqa, kombaynın 6000 litr həcmində iri taxıl bunkeri və saman-küləş silkələyici qurğusu fermerlərimizə təmiz və bol məhsul yığmasına kömək edəcək.

Respublikamızda, eyni zamanda, dən və yaşıl yem istehsalının artırıl­ması məqsədilə taxıl biçinindən sonra təkrar əkinlərinin aparılmasına başlanıb. Nazirlər Kabinetinin 2003-cü il 2 iyun tarixli qərarı ilə təsdiq edilən “Dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitindən istifadə Qaydaları”nın 4-cü hissəsinə əsasən kənd təsərrüfatı məhsulları istehsalçılarına məhsul yığımı başa çatan ərazilərdə təkrar qarğıdalı əkinləri üçün toxum təminatına birdəfəlik dəstək məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Ehtiyat Fondundan Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Kənd Təsərrüfatı Nazirliyi, “Melio­rasiya və Su Təsərrüfatı” ASC və yerli icra hakimiyyəti orqanları ilə birlikdə torpaq-iqlim xüsusiyyətləri, suvarma imkanları nəzərə alınmaqla təkrar qarğıdalı əkinləri üçün uyğun ərazilərin müəyyənləşdirilməsi və suvarma suyu ilə təminatı istiqamətində tədbirlər görmək, 2020-ci ilin məhsulu üçün təkrar qarğıdalı əkini aparan kənd təsərrüfatı məhsullarının istehsalçılarına qarğıda­lı toxumunun alınması məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsaitin verilməsini təmin etmək tapşırı­lıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 35 rayon üzrə 50 min hektardan artıq ərazidə qarğıda­lı əkinlərinin aparılması planlaşdırılıb. Aqrar Elm və İnnovasiya Mərkəzinin müəssisələri ərazisində isə 560 hektar ərazidə təkrar əkin aparılacaq.

Artıq Beyləqan və Kürdəmir rayon­larında yerləşən regional aqrar elm və innovasiya mərkəzlərinin ərazisində səpin prosesinə start verilib.

Mütəxəssislərin bildirdiklərinə görə, payızlıq taxıl bitkilərinin məhsulu yığıldıqdan sonra həmin sahəyə yenidən taxıl əkmək üçün 90-120 gün sahə boş qalır. Bu müddətdə vegetasiya müddəti qısa olan bitkilərdən istifadə etməklə əlavə ikinci məhsul almaq mümkündür. Bu məqsədlə, 80-90 günlük qarğıdalı, günəbaxan, soya, darı və s. bitkilərin toxumları səpilə bilər.

Qeyd edək ki, ölkədə əkin dövriyyəsində olan torpaqlardan səmərəli istifadə, taxıl biçinindən sonra boş qalan sahələrdə təkrar əkin apa­rılaraq strukturunun yaxşılaşdırılması, fermerlərin daha çox gəlir əldə edərək əvəzində ölkədə yem ehtiyatının daha da zənginləşdirilməsi məqsədilə təkrar qarğı­dalı əkinlərinin aparılması üçün fermerlərə toxum dəstəyinin verilməsi qərara alınıb. Hesablamalar göstərir ki, Aran iqtisadi rayonu üzrə, təxminən, 100 min hektar­da təkrar qarğıdalı əkini aparmaq üçün potensial mövcuddur.

Taxıl biçini başa çatdıqdan sonra boş qalan ərazilərdə təkrar qarğıdalı əkini aparacaq fermerlərə toxum təminatını ödəmək məqsədilə hər hektara 60 manat məbləğində birdəfəlik vəsait ödəniləcək. Toxumu fermerlər özləri alacaq, vəsait isə onların “Fermer kartı”na Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən köçürüləcək.

V.BAYRAMOV, “Xalq qəzeti”

1 2020 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə