Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeni dağ kombaynları Yardımlı fermerlərinin istifadəsində

Dağlar diyarı Yardımlının taxıl sahələrində, MDB məkanında ilk dəfə olaraq, ən son model kombaynlarla məhsul yığımına başlanılıb.

Bu il Prezident İlham Əliyev tərəfindən dağlıq sahələrdə biçinin həyata keçirilməsi məqsədilə yeni dağ kombaynlarının alınması üçün vəsait ayrılıb. “Aqrolizinq” ASC tərəfindən 25 ədəd dağ kombaynı alınıb və onların bir hissəsi artıq ölkəyə idxal olunub. Biçin aparacaq yeni kombaynlar çətin relyefli sahələrdə test edilərək, Yar­dımlı, Cəlilabad və Lerik rayonlarında təqdimatı həyata keçirilib. Yeni nəsil “New Holland TC 5.90 HİLLSIDE” kombaynlarının gövdəsinin və biçici başlığının dağlıq sahələrdə tənzimlənə bilməsi onların başlıca üstünlüyüdür. Bu texnikanın iri həcmli taxıl bunkeri və 5 klavişli saman-küləş silkələyici qurğusu fermerlərə təmiz və bol məhsul yığmaq­da kömək edir.

Ötən ilin payızında Yardımlıda 3,4 min hektar sahədə taxıl əkilib. Bunun 3,2 min hektarını buğda, qalanını isə arpa və çovdar təşkil edir. 2019-cu ildə taxıl sahələrinin hər hektarından 22,5 sentner məhsul götürən istehsalçılar bu il nəticəni daha da artırmaq üçün sahələrə aqrotexniki qulluğu daha da gücləndirib, mineral və üzvi gübrələrlə ziyanvericilərə qarşı qabaqlayıcı tədbirlər görüblər. Nəticədə, sahələrdə bol məhsul yetişib.

Qısa müddətdə rayonda 20 hek­tar sahənin məhsulu biçilib. Rayonun Zevin, Astanlı, Yolocaq, Vərov və Ərus kəndlərində biçin sürət və keyfiyyətlə davam etdirilir. Bu il rayonda 8 min ton­dan çox taxıl istehsal edilməsi nəzərdə tutulub.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”

1 2020 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə