Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

K.Laqard: Aİ dövlətləri iqtisadi böhranın ikinci dalğasına hazır olmalıdırlar

Avropa Mərkəzi Bankının sədri Kristin Laqard dünyanın və Avropa qitəsinin iqtisadiyyatı­na yeni koronavirus pandemiyasının mənfi təsirləri barədə açıqlamalar ve­rib. Bankir xanım yaxın aylar ərzində qlobal iqtisadiyyatı gözləyən bir çox tendensiyalar haqqında da danışıb. Xəbəri “Euronews” agentliyi yayıb.

K.Laqard hesab edir ki, Avropada pan­demiya ilə bağlı bir neçə aydır davam edən iqtisadi böhranın pik nöqtəsi, böyük ehtimalla, arxada qalıb. Lakin Avropa İttifaqına (Aİ) üzv dövlətlər böhranın mümkün ikinci dalğasına hazır olmalıdırlar.

Avropalı maliyyəçinin fikrincə, Aİ ölkələrinin iqtisadiyyatının ağır maliyyə itkilərini yaxın gələcəkdə tam bərpa etmək çətin olacaq. Hər halda, böhranın fəsadları uzun müddət özünü göstərəcək.

Digər bir çətinlik dünyada ticarətin həcminin kəskin azalması ilə bağlıdır və bu prosesin davam edəcəyi proqnozlaşdırılır. K.Laqard hesab edir ki, “COVID-19”-un yaratdığı böhran 2008-2009-cu illərin maliyyə böhranından daha dərindir. O, Aİ-yə üzv ölkələrin hökumət başçılarını böhrandan daha çox zərər çəkmiş ailələrin problemlərinə həssas yanaşmağa çağırıb.

Yeri gəlmişkən, dünyanın super gücü sayılan ABŞ iqtisadiyatı da pandemiyadan ciddi zərər çəkir. Belə ki, burada bu ilin yanvar-mart ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz geriləmə qeydə alınıb. Xa­tırladaq ki, yeni koronavirus pandemiyası baş­lamazdan əvvəl, 2019-cu ilin dördüncü rübü ərzində ABŞ iqtisadiyaytı 2,1 faiz artmışdır.

Sonda bildirək ki, ixtisasca hüquqşünas olan 64 yaşlı Kristin Laqard 2007-2011-ci illər ərzində Fransanın İqtisadiyyat, Maliyyə və Sənaye naziri olub. Bundan sonra 8 il Beynəlxalq Valyuta Fondunun rəhbəri vəzifəsində çalışıb. 2019-cu il noyabrın 1-dən etibarən isə ona Berlində yerləşən Avropa Mərkəzi Bankının sədri vəzifəsi etibar edilib.

M.HACIXANLI, “Xalq qəzeti”

1 2020 00:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 İyul 2020 | 14:20
Düşmənə Tovuz dərsi

Köhnə versiyamızdan xəbərləri izlə